KREML QANLI SAVAŞ HAZIRLIĞINDA... – Salome Zurabişvili: “Rusiyadan təcavüz gözləyirik”

Baxış sayı:
910

“Rusiyanın koronavirusu və iqtisadi böhran önləmək cəhdləri üstəgəl neftin kəskin ucuzlaşması Kremli ölkə sərhədləri xaricində yeni təcavüzə sövq edə bilər”. Bu xəbərdarlığı Gürcüstan Prezidenti Salome Zurabişvili “The Financial Times” qəzetinə müsahibəsində dilə gətirib.

Hazırda Gürcüstan ərazisinin beşdə biri Moskvanın nəzarəti altındadır. Moskva 2008-ci ildə beş günlük müharibə edərək Gürcüstanın Şimalı Osetiya və Abxaziya regionlarını tutub.

Zurabişvilinin fikrincə, pandemiya və neft böhranı, siyasi vəziyyət Rusiyanı daha aqressiv olmağa, ölkə kənarında uğurlarını göstərməyə sövq edə bilər.

“Ümid edə bilərəm ki, bu dəfə belə olmayacaq, böhran Rusiya liderlərinə problemlərin həllindən ötrü başqa yol axtarmağa sövq edəcək”, – prezident söyləyib.

Gürcüstan Rusiyanı Cənubi Osetiyada sərhəd postları və hasarlar çəkməkdə, Abxaziyaya raketlər və radar yerləşdirməkdə ittiham edir. Prezident deyir ki, koronavirus pandemiyası Rusiyanın işğal etdiyi ərazilərdə də risklər yaradır, çünki Moskva bu pandemiyayla bağlı şəffaf mövqe sərgiləmir.

“Biz göstərmək imkanında olduğumuz dəstəyi verə bilmədik. Əksinə, separatçı hakimiyyət münasibətləri daha da gərginləşdirdi və hər şeyə nəzarət etməyə can atdı. Rusiya tərəfdə də bir dəyişiklik görməmişik: pandemiya ilə əlaqədar çox şəffaflıq müşahidə etmədik”, – Zurabişvili Cənubi Osetiyadakı durumla bağlı söyləyib.

Gürcü kökənli Zurabişvili keçmiş Fransa diplomatıdır, 2004-cü ildə xarici işlər naziri olmaq üçün Gürcüstan vətəndaşlığını qəbul edib, 2018-ci ildə prezident seçilib.

Rusiyada koronavirusa yoluxanların sayı 345 minə yaxınlaşır, ölü sayı 3 min 541 nəfərdir. Gürcüstanda isə 731 nəfər yoluxub, onlardan 12-si vəfat edib. /azadliq.org