Koronavirus toy biznesinə təsir edibmi? – RƏYLƏR

Baxış sayı:
2194

Azərbaycanda koronavirusa yoluxma halı rəsmən təsdiqlənib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD – 19)  infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Qeyd edək ki, dünyanın bəlasına çevrilməkdə olan koronavirus ölkəmizdə də təşviş və həyəcana səbəb olub. Bəzi ekspertlər ölkədə məktəblərin müəyyən müddətə qədər tətilə bağlanmasını tövsiyə edib. O cümlədən iqtisadçı Qubad İbadoğlu virus təhlükəsi ilə bağlı olaraq ölkədə məktəblərin, toyların, həmçinin kütləvi idman, mədəniyyət, incəsənət tədbirlərinin təxirə salınması ilə bağlı tövsiyələrini bildirib.

Bəllidir ki, insanların kütləvi toplaşdığı yerlərdən biri də toylardır. Bəs koronavirus toy biznesinə öz təsirini göstəribmi? Məsələni daha yaxından araşdırmaq üçün kiçik sorğu keçirdik.

Müğənni İzzət Bağırov ile ilgili görsel sonucu

Müğənni İzzət Bağırov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, koronavirus  toy bazarında təsir edə bilməyib və bu sahədəki vəziyyət dəyişməz olaraq qalır: “Ötən illərə baxanda bu il toy bazarında durğunluq var. Amma bunun səbəbi koronovirus deyil. Şəxsən mənə zəng edib sözügedən məsələyə görə toyu təxirə salan olmayıb. İnsanlar arasında  təlaş var, onlar özlərini qorumaq üçün şəhərdə maska ilə gəzirlər. İnsanların özünü qorumaq istəməsi normal və təbii haldır. Lakin heç kim bu səbəbdən öz xeyir işini təxirə salmayıb”.

Eləcə də əməkdar artist, bəstəkar müğənni Elza Seyidcahan da qeyd edib ki, toyların təxirə salınması faktı hələ ki, olmayıb: “Koronavirusla bağlı qorxu, həyəcan olsa da, insanlar yenə də öz toylarını hər zamankı qaydada keçirirlər. Biz müğənnilər ən çox risk qrupu altındayıq, çünki hər zaman insanların kütləvi toplaşdığı yerlərdə oluruq. Bununla heç bir fərq hiss etmədən öz tədbirlərimizi keçiririk. İnanıram ki, ölkəmiz bu bəladan uzaq olacaq”.

Məsələ ilə bağlı Bakı restoranlarında da vəziyyəti öyrənməyə çalışdıq.

“Röya” şadlıq sarayının əməkdaşı isə saytımıza açıqlamasında deyib ki, koronavirus haqqında yayılan məlumatlar toy bazarına təsirsiz ötüşüb:  “Toy bazarında durum sabitdir. Başqa şadlıq evlərində çalışan dostlarla da danışırıq. Bu günlərdə nə müştərilərin sayında azalma var, nə də koronovirus səbəbindən toy məclisindən imtina edən. Doğrudur, toy sahibləri hazırda daha həssasdır, onlar yemək və təmizliklə bağlı sorğu-sual edirlər. Daha diqqətli olmamızı tələb edirlər. Bundan əlavəyə heç bir problem və narahat olacağımız hal yoxdur”.  

Əlaqə saxladığımız digər restoran sahibləri də  vəziyyətin hələlik sabit olduğunu bildirdilər. Restoran səlahiyyətliləri virusla bağlı hər hansı məclisin təxirə salınmadığını qeyd etdi.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Koronavirusun toy bazarına təsiri onun hansı səviyyədə yayılmasından asılı olacaq. Hələlik virusla bağlı çox böyük panika var və çox təəssüf ki, hökumət qurumları bu panikanın dağılması üçün vaxtlı-vaxtında, lazimi açıqlamalar verməkdə gecikirlər. Bu isə panikaların genişlənməsinə, müxtəlif növ  şayiələrin yayılmasına, artmasına səbəb olur. Yalnız rəsmi surətdə bu virusun hansı səviyyədə yayıldığı barədə doğru-dürüst məlumat verildikdən sonra vəziyyətinin necə olduğunu ayırd edə biləcəyik. Bundan sonra hansısa məhdudlaşdırıcı tədbirlərin görülməsinə ehtiyac yaranacaq. Əgər virusa yoluxma artsa, bu zaman kütləvi tədbirlərin, o cümlədən də toyların  təxirə salınması baş verəcək. Çünki adı çəkilən virus çox təəssüf ki, asan şəkildə insandan insana keçə bilir ki, bu da çox təhlükəlidir. Düşünürəm ki, panikaların qarşısını almaq, insanları bu təşvişdən uzaqlaşdırmaq üçün hökumətin də üzərinə böyük iş düşür. Çünki  panikanın, təşvişin artması ölkədə qiymət artımına səbəb olacaq. Zatən İrandan və Çindən gətirilən məhsullara məhdudiyyət var və bu məhdudiyyətlərin olması artıq qiymət artımına səbəb olan amilə çevrilib. Panika artdıqca bazarlarda qıtlığın yaranmasına səbəb olacaq və nəticə etibarı ilə növbəti gizli qiymət artımının şahidi olacağıq”.