Kommunal xərclərə belə qənaət edək... – Ekspertdən vacib tövsiyə

Baxış sayı:
511

Evlərin isidilməsi və sərinləşdirilməsi üçün yeni materiallardan istifadə iqtisadi baxımdan dünyada çox ciddi müzakirə olunan məsələlərdəndir. İtkini minimuma endirə biləcək tikinti materiallarından, müasir texnologiyalardan yararlanmaq dünyada geniş yayılan üsuldur. Hesablamalar göstərir ki, bu yolla təxminən 30-35 faiz enerjiyə qənaət etmək mümkündür”.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, komunal xərclərə qənaətlə bağlı ölkəmizdə ciddi araşdırma, ciddi yanaşma yoxdur: “Bu məsələ ilə bağlı müəyyən təşviqedici verliş və müzakirələrin olması vətəndaşları istiqamətləndirməyə kömək edə bilər. Ən azından onlar da daxili imkanları hesabına istiliyi qorunmaq və bu yolla komunal xərclərə qənaət etmək üsullarını öyrənə bilərlər. Vətəndaşların bu barədə məlumatı azdır, hətta demək olar ki, yoxdur”.

Ekspertin fikrincə, komunal xərclərə limit tətbiqi ləğv olunmalıdır: “Ölkənin daxili potensialı buna imkan verir. İnfrastrukturun qurulmasınnda vətəndaşlar vergi ödəyicisi kimi iştirak ediblər. Dövlət büdcəsi hesabına bu infrastruktur qurulursa, hər birimiz burada iştirak payına malikik. Ona görə də limitlərin ləğv edilməsi daha doğru addım olardı”.

Natiq Cəfərli bildirib ki, komunal xərclərdə limit hesabında qənaət rejiminə keçmək özünü doğrultmayan yanaşmadır: “Heç kim israfçılığa yol verib, əlavə ödəniş etmək istəməz. Kimsə bunu edirsə, cibindəki pulu ilə cavabdehlik daşıyır. İsrafçılığı limitin qoyulması ilə azaltmaq mümkün deyil və bunu doğru hesab etmirəm”.