“Kiçik” torpağın böyük problemləri – Prezidentin Talıbovdan tələbi

Baxış sayı:
418

Ölkə Prezidenti İlham Əliyev öz hökuməti ilə işləməyin yeni formatlarına keçəndən sonra müxtəlif ranqlı dövlət məmurları ilə çox görüşlər keçirib. Baş nazirdən tutmuş baş nazirin müavinlərinə, nazirlərə, dövlət şirkətlərinin rəhbərlərinə qədər, Prezident Administrasiyasının rəhbərindən tutmuş Bakı şəhər İcra Hakimiyyətinin başçısına, hətta rayon icra hakimiyyəti başçılarına qədər.

Əvvəllər hamıda belə bir məlumat və ya təsəvvür vardı ki, Prezident heç icra başçılarını üzdən yaxşı tanımır; onları yalnız Prezident Administrasiyasının rəhbəri (o zaman Rramiz Mehdiyev) qəbul edir və təlimatlandırır. Əslində burda da həqiqət payı var idi. Ancaq o zamanlar da məlum idi ki, Prezident şəxsən tanımadığı adamları vəzifələrə təyin etmir. Sadəcə, bu görüşlər  cəmiyyətə göstərilmirdi. Hətta telesüjet belə verilmirdi. İndi bu görüşlərdən geniş repotajlar, hətta canlı yayımlar belə verilir. Hər halda bu, yeni yanaşmadır; Prezident ölkənin idarəçiliyində hər şeyə şəxsən nəzarət etdiyini, problemlərdən xəbərdar olduğunu bilir, onların həlli yollarına dair öz təkliflərini (dövlət məmurlarına verdiyi göstərişləri) də cəmiyyətə çatdırır. Prinsipcə, bunlar İlham Əliyevin mövqeyindən yeni və maraqlı gedişlərdir. O, açıq oynadığını göstərmək istəyir. Bu görüşlərin, qəbulların da cəmiyyətə göstərilməsi həmin səbəbdən doğur. Nəticəsi nə olacaq? Bunu zamanla görəcəyik. Ancaq bu görüşlərdən biri ayrıca maraq doğurur. Prezident dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul etdi. Görüşün təfərrüatlarına çox da varmayacağıq. Ancaq burada bəzi məqamların üzərində xüsusi dayanmaq lazımdır.

Əvvəlcə onu deyək ki, bu görüş ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adı Almaniyadakı “mühacir biznesi”ində iştirak edənlərlə bağlı Müsavat Partiyası ilə yanaşı hallandı; mediada dərc olunan iddialara görə, Vasif Talıbova məxsus olduğu deyilən “Sirab” şirkətinin Almaniyada qeyri-rəsmi filialı varmış, həmin filiala rəhbərlik edən şəxs saxta arayışlarla Azərbaycandan xaricə daşınan “siyasi mühacir” şəbəkəsinin fəal üzvü imiş. Üstəlik də, yenə həmin iddialara görə, Müsavat Partiyasının başqanı Arif Hacılı ilə yaxın olan bu şəxs Müsavat Avropa Koordinasiya Mərkəzinin sədr müavini imiş. “Sirab” şirkəti və eləcə də, Arif Hacılı, təbii olaraq, bu iddiaları dərhal və sərt şəkildə təkzib etdi. Burda daha maraqlı olan bu iddiaların məhz Prezidentin Vasif Talıbovu qəbul etməsi ərəfəsində dövriyyəyə buraxılmasıdır. Burda məqsəd dövlət başçısının qəbul zamanı Vasif Talıbova sərt münasibət göstərməsinə nail olmaq da ola bilərdi; Naxçıvanda biznes inhisarçılığına vurğu salmaq da, MR rəhbərinin siyasi sədaqətini kölgələmək cəhdi də ola bilərdi. İstənilən halda bütün bunların bir təsadüf olmadığı ehtimalı daha böyükdür.

Elə burada bu görüşün ikinci mühüm məqamına diqqət vermək lazım gəlir; Prezidentin Vasif Talıbov başda olmaqla Naxçıvan Muxtar Respublikası rəhbərliyindən narazılıqlarının olduğu hiss edildi. Bunu açıq dilə gətirdi. Bunlardan biri Naxçıvanın dövlət büdcəsindən asılılğının çox olmağıdır. Prezident deyir: “Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin”.

Bəli, İlham Əliyev elə dünənki qəbul zamanı “üç tərəfdən düşmənlə əhatə olunmuş” Naxçıvandakı uğurları da vurğulayıb; bütün çətinliklərə baxmayaraq Naxçıvan MR-in inkişaf etdiyini və gücləndiryi də deyib; yolların çəkilməsindən, enerji idxal edən bölgənin indi özünün elektrik enerjisi ixrac etməsindən, müxtəlif sənaye müəssisələrinin yaradılmasından və sair danışıb. Eyni zamanda dövlət Naxçıvanın təhlüksəsizliyini tam təmin edir; Naxçıvan Ümumqoşun korpusu Əlahiddə Orduya çevrilib. Üç tərəfdən Ermənistanla sərhəddimizdə yerləşən Naxçıvan Muxtar Respublikasının coğrafi blokada durumunda olduğu məlumdur. İlham Əliyev bu nüanslara öz nitqində geniş yer verdi. Münaqişənin qaynar vaxtlarında Naxçıvanın qorunub saxlanmasına, onun hazırda da müdafiəsinin möhkəmləndirlməsi üçün görülən işlərə diqqəti cəlb etdi. Ancaq əsas vurğunu bütün bunların yetərli olmaması faktının üzərinə də qoydu.

Yeri gəlmişkən, elə müstəqil dövlətlər var ki, Naxçıvan Muxtar Respubliksandakından kiçik ərazidə dəfələrlə çox əhalisi var, iqtisadiyyatı da dəfələrlə böyükdür. Məsələn, dünyada ərasinə görə 190-cı yerdə, yəni ən kiçik dövlətlərdən biri olan, dörd tərəfdən sularla əhatə olunmuş ada-şəhər Sinqapurda hələ 2001-ci il statistikasına görə, 5,5 milyon nəfər yaşayır. Adambaşına düşən Ümumi Daxili Məhsul həcminə görə (2013-cü il məlumatına görə, 62,4 min dollar) dünya dövlətləri arasında yeddincidir. Müqayisə üçün deyək ki, Azərbaycandan 120 dəfə kiçik olan bu dövlətdə adambaşına düşən ÜDM Azərbaycandakından 17 dəfə böyükdür. Yəni Naxçıvan Muxtar Respublikasından 8 dəfə kiçik olan bir ərazidə insanlar dünyanın 7-ci ən böyük ÜDM-inə sahib olan iqtisadiyyat yarada biliblər. Ancaq əhalisi Sinqapurdakından 15 dəfə kiçik olan, zəngin təbii ehtiyatlara, turizm və kənd təsərrüfatı üçün böyük potensiala, ucuz işçi qüvvəsinə, xammal resurslarılna sahib, regionun iki böyük dövləti ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikası öz 383 milyon manatlıq və ya 225,3 milyon dollarlıq büdcəsinin 83 milyon manatını və ya 48,9 milyon dollara yaxın hissəsini (cəmi 22 fazini) öz yerli gəlirləri hesabına formalaşdırır. Qalanını Azərbaycan Respublikasının büdcəsindən dotasiya alır. Bu, təkcə Naxçıvanın problemi deyil; başqa böyük potensialı olan bölgələr də hələ də Bakıdan gələn pullarla yaşayır, halbuki regionların inkişafına dair üç dövlət proqramı “icra olunub”, bununla belə bölgələr yenə də dotasiyalara möhtacdır.

Ölkə Prezidentinin özünün də oktyabrın 15-də iqtisadi blok nazirləri ilə müşavirədə dediyi kimi, büdcədən nəhəng məbləğlər ayrılmasına baxmayaraq, qeyri-neft sektorunun inkişafı nəzərdə tutulduğu kimi getməyib. Əlbəttə, 28 illik müstəqillik dövründə, xüsusilə, neft gəlirlərinin ölkəyə axdığı son 10-12 il ərzində qeyri-neft sektorunun, eləcə də, bölgələrdə lazımi inkişaf səviyyəsinə çatmaması çox ciddi qüsurdur və iqtisadi idarəçilik sistemindəki boşluqlardan, nöqsanlardan, hətta nəzarətsizlikdən və səhlənkarlıqdan xəbər verir ( iqtisadiyyat naziri olduğu dövrdə bu sadalanan hallara görə məsuliyyət daşımalı olan şəxsin – Şahin Mustafayevin hələ bir baş nazirin müavini postuna təyin olunması da bir başqa söhbətin mövzusudur). Və Naxçıvan MR da bu hallardan xali olmayıb.

Bu nöqsanlara və əslində, mənfi meyllərə Prezident özü vurğu salır;

İlham Əliyev Naxçıvan Ali Məclisinin sədrinə belə deyir: “Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu vəsait sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır”.

Prezidentin dediklərinin açması belədir: Naxçıvanda da biznes inhisarçılığı, korrupsiya , kölgə iqtisadiyyatı var. Maliyyə şəffaflığı yoxdur və sair. Bunlar aradan qaldırılsa, bölgə daha çox inkişaf edəcək. Yerli gəlirlər artacaq. Muxtar Respublika büdcəsinin dövlət büdcəsindən asılılığı azalacaq, yerli əhalinin də maaşları və pensiyaları artacaq. Bu, “sahibkarlara mane olmayın, məmur biznesinə son qoyun, ayrılan vəsaiti səmərəsiz xərcləməyin” kimi “tərcümə” oluna bilər. Düzdür, eynisi bütövlükdə ölkə miqyasında da keçərlidir; məsələn, Prezident özü deyir ki, bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artıb, “bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb”. Buradan görünür ki, ilin sonuna qədər 1 milyarda yaxın əlavə vəsair toplanacaq (bunun özü də az olsa da, yenə müsbət haldır), ancaq bunun yarısının gömrük orqanları hesabına formalaşması hələ problem olmasından – idxalın artmasından, dolayısı ilə, ölkədən valyuta axınından xəbər verir. Burdan çıxış yolu daxili istehsalın elə həmin gömrük və xüsusilə, vergi alətlərindən yararlanmaqla daha da stimullaşdırılmasıdır.

Bu, yazımızın mövzusu olan Naxçıvan Muxtar Respublikasına da aiddir. Vasif Talıbov bununla bağlı yerli gəlirlərin 100 milyon manata çatdırılacağına, yəni 17 milyon manat artırılacağına söz verdi. Dövlət büdcəsində sosial xərclərin artırıldığını nəzərə alsaq, Muxtar Respublika büdcəsinin də xərc hissəsinin artacağı qaçılmazdır. Başqa sözlə, yenə də dotasiya həcmində azalma gözlənilmir. Olacaqsa da, bu, elə də böyük olmayacaq. Burda əsas resurs Muxtar Respublikada azad biznesin önünü açmaq, sahibkarlığın inkişafına sözdə deyil, əməldə dəstək verməkdir. Prezident İlham Əliyevin Vasif Talıbovdan tələbi bu idi. Bu arada MR Ali Məclisi sədrinin Prezidentə cavablarında bir cəhət də diqqətdən qaçmadı; Vasif Talıbov, demək olar ki, qəbul müddəti boyunca “Sizin tapşırığınızla filan addımı atdıq”, “Sizin dəstəyinizlə filan işi gördük”,”Sizin göstərişinizlə filan müəssisəni qurduq” və sair deyir. O zaman sual yaranır: bəs MR Ali Məclisi və Nazirlər Kabineti bölgənin inkişafı üçün hansı qərarları özü qəbul edib, öz təşəbbüsü ilə hansı işləri görüb?! Yəqin ki, ölkə Prezidenti ilə növbəti görüşə qədər Naxçıvan MR rəhbərliyi bu suallar üzərində düşünməli olacaq.

Bahəddin Həzi

Bizimyol.info