Jurnalistlər arasında mənzil bölgüsü necə aparılmalıdır? - EKSPERTLƏRDƏN AÇIQLAMA

Baxış sayı:
592

Jurnalistlər üçün inşa edilən 3-cü binanın mənzillərinin paylanılmasına az vaxt qaldıb. Ənənəyə uyğun olaraq, bu dəfə də Milli Mətbuat Günündə, yəni  iyulun 22-də mənzillərin açarları media nümayəndələrinə təqdim edilməsi gözlənilir. Artıq bununla bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakiərlərə də başlanılıb. Mənzil almaq istəyənlərin sayı  əvvəlki  iki binada olduğu kimi kifayət qədər çoxdur. Bu ilk növbədə, 2013-cü və 2017-ci illərdə mənzillərin paylanılması prosesində qeyri-şəffaflığa yol verilməsi ilə bağlıdır. 

Nəticədə, kirayədə yaşayan xeyli  jurnalist mənzil almaq hüququndan istifadə edə bilməyib. Onların payına isə əlavə evi və ya evləri olan imkanlı redaktorlar, dövlət orqanlarında mətbuat xidmətinə rəhbərlik edən məmurlar yiyələndi.

KİVDF-nin rəhbərliyində baş verən dəyişiklikdən sonra aparılan araşdırmalar zamanı yalnız mənzillərin paylanılmasında deyil, həm də yaşayış binalarının inşasında qanun pozuntularına və korrupsiyaya yol verildiyi aşkar edilib.

KİVDF  tərəfindən  audit yoxlamaları zamanı külli miqdarda vəsaitin mənimsənıldiyi aşkarlanıb. Əsas vəsait jurnalistlər üçün tikilən binanın inşası zamanı mənimsənilib.
Artıq binanın inşası prosesində iştirak edən hər kəs dindirlib. Məlum olub ki, tikinti zamanı istifadə olunan materiallar sənədlərdə göstərilənlərlə uyğun deyil. Sənədlərdə hər şey çox baha, yüksək keyfiyyətli materiallar kimi göstərilib. Reallıqda isə ən ucuz, keyfiyyətsiz məhsullardan istifadə olunub. Dindirilən bütün aidiyyatı şəxslər də bu faktları təsdiq ediblər. Bildiriblər ki, onlara rəhbərlikdən tapşırıq gəlib. Hətta binanın tikintisində istifadə olunan materialları almaq üçün KİVDF-nin əvvəlki direktoru Vüqar Səfərli özü Çinə səfər edib.

Yoxlamaların nəticələrinin yaxın günlərdə ölkə başçısına təqdim ediləcəyi gözlənilir. Bütün bunlardan sonra tikintini həyata keçirən “Portos İnşaat”, “Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılacağı ehtimal olunur.

Ona görə də bu il növbəti binadakı mənzillərin  paylanılmasında obyektivliyi təmin etmək üçün bir sıra qaydaların dəyişələcəyi  barədə məlumatlar yayılıb. Hələlik bununla bağlı müzakirələr davam etdiyi üçün yekun qərar yoxdur. Lakin bir sıra prosedurların dəyişdirilməsi və sərtləşdiriləcəyi istisna olunmur.

Məsələn, bu dəfə əvvəlkindən fərlqi olraq, evsiz jurnalistlərin sayının redkasiya siyahıları üzrə deyil, fərdi müraciətlər əsasında  müəyyənləşdiriləcəyi bildirilir.

Lakin ekspertlər hesab edir ki, obyektivliyi maksimum təmin etməyə səy göstərilməlidir.

Zeynal Məmmədli: “Ən düzgün variant medianın reklam bazarına tam açıq olmasıdır…”

Media eksperti, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin baş müəllimi  Zeynal Məmmədli bildirdi ki, jurnalistlərin məznilə nə qədər ehtiyacının olduğunu anlayır  və çox arzulayır ki, hər kəsin bu problemi həll olunsun: “Ancaq ən düzgün variant medianın reklam bazarına tam açıq olmasıdır. Bu halda jurnalsitlərin həmin bazardan o gəliri əldə edib mənzil almaq imkanı qazanacaqlar. Belə mübahisələrə də yer qalmaz.

Ona görə ki, bütün sahələr kimi media da sərbəst bazar qanunlarına uyğun fəaliyyət göstərməli, jurnalistlər də öz gəliri hesabına mənzil almaq imkanına sahib olmalıdır. Biz buna can atmalıyıq. Jurnalist peşəsinin özəlləyi  başqasını düşünməkdədir ”. Ekspert qeyd etdi ki, Azərbaycan jurnalistlərinə ABŞ,  Avropa ölkələri və ya Türkiyədə olduğu kimi  sərbəst bazar qanunlarına uyğun fəaliyyət imkanı yaradılsa, o halda media nümayəndələri maddi sıxıntı yaşamayacaq.

Arif  Əliyev: “Mənzillərin paylanmasında obyektivliyi tam təmin etmək mümkün deyil”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, mənzillərin paylanmasında obyektivliyi tam təmin etmək mümkün deyil: “Əvvəl də demişik ki, bu problemin yeganə həll yolu, medianın müstəqilliyini təmin etməklə, reklam və satış bazarından yüksək gəlir əldə etməklə mümkündür.

Yoxsa, bir neçə ildən bir bina tikib mənzil verməklə jurnalistlərin problemini obyektiv şəkildə həll etmək olmaz. Şərtlər nə qədər obyektiv olsa da maksimum 200-250 nəfər mənzillə təmin olunacaq, min-iki min nəfər kənarda qalacaq.

Mən vaxtilə təklif etmişdim ki, bu layihəyə ehtiyac yoxdur. Əgər edirsinizsə, o halda mənzilləri cəbhədə həlak olmuş jurnalistlərin, əlil jurnalistlərin, imkansız media nümayəndələrinə verin. 1998-ci ildə jurnalistlər nə ev, nə maşın ehtiyacı ilə üzləşmirdilər. Bu gün Azərbaycanın dövlət büdcəsi həmin dövrlə müqayisədə iyirmi dəfə böyükdür.
Amma jurnalsitlər çətin durumda gözləyirlər ki, onlara mənzil veriləcək ya yox. Bu prinsilərlə heç nəyə nail olmaq mümkün deyil. Belə yerdə ədaləti necə təmin etmək olar? Hökumət də mənzili özünə yaxın adama hədiyyə kimi verir. Belə vəziyyətdə jurnalistin, redaksiyanın zəhməti, xidməti nəzərə alınmır”.

Qulu Məhərrəmli: “Əvvəlki mənzillərin paylanması zamanı  baş verən ədalətsizliklər, iyrənc hərəkətlər, qanun pozuntuları insanlarda inamsızlıq yaradıb”

Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmli isə bildirdi ki,  jurnalistlərə mənzil verilməsi humanitar aksiya olsa da buna mənfi yanaşır: “Mən jurnalistlərə mənzil paylanmasının  tərəfdarı deyiləm.  Jurnalistlərə elə şərait yaradılmalı, elə yüksək maaş verilməlidir ki, onlar öz imkanları daxilində mənzil ala bilsinlər.
Amma bu mənzilləri verirlərsə, onu təmin edən şərtlərin nə qədər ədaləli və ya ədalətsiz olduğu barədə danışmağa çətinlik çəkirəm. Amma çox istərdim ki, Azərbaycanda  jurnalistin də, ibtidai sinif müəlliminin də, həkimin də, tibb bacısısnın da evi olsun.  Biz buna nail olmağa çalışmalıyıq.

İndi jurnalistika ilə məşğul olan adamların sayı həddən çox artıb. Xeyli sayda saytlar, youtube vasitəsilə  yaradılan telekanallar var. Onların əksəriyyəti mənzil almağa layiqdir. Bəs bunu necə etmək olar ki, sosial ədalət pozulmasın?

Buna nail olmaq üçün hər kəs vicdanla çalışmalıdır. Əgər jurnalistin qarşısında həqiqəti yazmamaq, tənqid etməmək danışmamaq  müqabilində ev vermək şərti qoyulursa, bu çox mürəkkəb məsələdir. Ədalət anlayışı çox nisbidir. Bizim üçün ədalətli olan başqası üçün ədalətsizdir. 20 il özünü mətbuatda işləyən öz təcrübəsinə görə hesab edir ki, ona mənzil verilməlidir. 5 il jurnalist təcrübəsi olan lakin istedadı ilə diqqəti cəlb edən də mənzil almağa iddia edir. Hər ikisi ədalətlidir. Lakin əvvəlki mənzillərin paylanması zamanı  baş verən ədalətsizliklər, iyrənc hərəkətlər, qanun pozuntuları insanlarda inamsızlıq yaradıb”.

Millət vəkili Sabir Rüstəmxanlı: “Bu dəfə həmin şəxslər mənzillə təmin olunmalıdır”

Millət vəkili, sabiq mətbuat və informasiya naziri Sabir Rüstəmxanlı isə mənzilllrin verilməsi prosedurlarına yenidən baxılmasını zəruri saydığını dedi: “Mənzillərin paylanılması ilə məşğul olan şəxslər özləri ilk növbədə, obyektiv olmalıdır. Əvvəlki binalarda mənzillərin verilməsi ilə bağlı tənqidlər daha çox şəffaflığın pozulması ilə bağlı olub. Bildirilib ki, bu işə rəhbərlik edənlər evləri özlərinə yaxın adamlara veriblər. Bir mənzili olana ikincisini veriblər.  Bu məsələdə tanışlıq, dostluq, subyektiv maraqlar rol oynayıb. Belə halların baş verməməsi üçün mənzilləri verən şəxslər özləri ədalətli olmalıdır.

Jurnalistika elə bir sənətdir ki, onun hansı kütləvi informasiya vasitəsində işləməsi, ailə tərkibi nəzərə alınmalıdır. Ola bilsin ki, onların arasında ölkə mediası üçün gərəkli jurnalistlər var. Bu meyarlar da diqqətdən kənarda qalmamalıdır. Mən şərtlərlə tamamilə tanış deyiləm. Amma mən  müəyyən jurnalistlər tanıyıram ki, onlar ehtyacı olduğu halda mənzil ala bilmədi. Ona görə də bu dəfə həmin şəxslər mənzillə təmin olunmalıdır”./bizimxeber.az