İsti hava ilə cinayətkarlığı bir-birinə nə bağlayır? - ARAŞDIRMA

Baxış sayı:
1676

Bir az günəş işığı çoxumuzu dondurma, günəş vannaları və çimərlikləri arzulamağa məcbur edə bilər, amma isti hava bizi həm də zorakı, qəddar və əzilmiş edə bilər. Niyə?

1988-ci ilin iyul ayı idi. ABŞ boyu tarixdə görünməmiş istilər düşmüşdü.

Şəhər sakinləri çimərliklərə axışırdı, elektrik istehlakı adi günlərdə olduğundan daha yüksək idi, çünki insanlar kondisioner işlədirdilər, yollar avtomobillərlə dolu idi. Dondurma yeyilməzdən əvvəl əriyirdi.

Amma başqa şeylər də baş verirdi.

Əslində, 1988-ci il yalnız rekord səviyyədə istiliklə deyil, həm də rekord səviyyədə zorakılıqla da yadda qaldı.

Görünməmiş sayda qətllər, təcavüz halları, silahlı qarət və hücumlar törədildi - belə halların sayı təxminən, 1,56 milyona çatdı.

Hava ilə zorakılıq tendensiyası arasında bir əlaqə mövcud ola bilərmi?

İnsanlar isti havanın davranışımızı dəyişə biləcəyindən əsrlər boyu şübhələnirdilər.

Bu ideya dilimizə də sirayət edib - biz temperamentdən, "alovlanan", "qızmış" qəzəbdən bəhs edirik və bu kimi digər ifadələr işlədilir.

Bu fenomenin ən erkən tədqiqatları XIX əsrin sonlarında aparılıb və cinayət statistikasının ilk etibarlı versiyaları ilə üst-üstə düşüb. Təhlillərdən birinə görə, insanlara qarşı cinayətlərin sayı yay aylarında artır, qış mövsümündə isə cinayətlərin çoxu mülkiyyətə qarşı edilir.

Hər il havalar istiləşəndə biz kollektiv transformasiyaya məruz qalırıq.

Şəhər iğtişaşları yaxşı havalarda ən çox baş verir, yağış yağdıqda insanlar küçələrə daha az çıxır

Şəhər iğtişaşları ən çox yaxşı havalarda baş verir, yağış yağdıqda insanlar küçələrə daha az çıxır

Simptomların bəziləri nisbətən əhəmiyyətsizdir- insanlar tıxaca düşdükdə tez-tez siqnal verir; polis intizam pozulmaları hallarının sayında artmın baş verdiyini qeyd edir və biz kənar adamlara kömək etmək üçün daha az meyilli oluruq.

Amma başqa simptomlar daha çox çaşdırıcı görünür.

2018-ci ilin qlobal istisi hər yerdə quraqlığa və arktik meşə yanğınlarına səbəb oldu; Finlandiyanın çimərliklərində maral sürüləri göründü.

Britaniyada polisin qaynar xəttinə edilən zənglərin sayı rekord həddə çatdı.

Bəzi bölgələrdə polisin bildirdiyinə görə, zənglərin sayı 40 faizədək artmışdı.

Əlbəttə ki, bu fərdi hadisələr üçün bir çox alternativ izahatlar tapmaq olar.

Lakin daha geniş korrelyasiya, görünür, dünya boyu bütün akademik tədqiqatçılar tərəfindən dəstəklənir.

Britaniyada 2010 - 2018 illər arası dövrdə 20C dərəcədə törədilən cinayətlərin sayı 10C dərəcədə baş verənlərin sayından 14 faiz çox olub.

Meksikada havalar daha isti olanda cinayətkarlıq da daha mütəşəkkil olur.

Cənubi Afrikada alimlər aşkar ediblər ki, temperaturun 1C dərəcə artması qətllərin sayının 1,5 faiz artımına gətirib çıxarır. Yunanıstanda keçirilmiş bir tədqiqat göstərib ki, müəyyən bir bölgədə qeydə alınmış 137 qətl hadisəsinin 30 faizdən çoxu havanın temperaturu 25C dərəcədən yüksək olduğu günlərdə baş verib.

Zorakı cinayətlərin istilərlə bağlılığına işarə edən analoji hallar Afrikanın Sub-Sahara, Tayvan, ABŞ, Finlandiya və İspaniya kimi ölkələrində də qeydə alınıb... siyahını davam etdirmək olar. Ümumilikdə bu effekt yüzlərlə elmi araşdırmada nümayiş etdirilib.

Üsyanların da bu məsələ ilə əlaqəsinin olduğu güman edilir.

Elmi araşdırmalar 1791-1880-cı illərdə dünyada baş verən üsyanların əksəriyyətinin yay aylarında baş verdiyini aşkar edib.

Məsələn, Avropada bunlar iyul ayına, Cənubi Amerikada isə, əsasən, yanvar ayına təsadüf edib.

Bu yaxınlarda keçirilmiş tədqiqatlar sosial hərəkatlarla da hava arasındakı əlaqəni təsdiqləyib.

36 il müddətində baş vermiş 7000 hadisənin təhlili göstərib ki, sosial hərəkatların intensivliyi mülayim havanın olduğu dövrlərə təsadüf etməklə temperatur artdıqca hərəkatın zorakılığa doğru meyli də artır.

Bu yaxınlarda, isti havaların təsadüf etdiyi həftə başa çatandan sonra Niderlandda iğtişaşlar baş verib; bir binaya od vurulub, polisə fişəng atılıb və nəticədə 27 nəfər həbs olunub.

İsti havaların kollektiv davranışımıza təsir göstərdiyinə dair sübutlar var

İsti havaların kollektiv davranışımıza təsir göstərdiyinə dair sübutlar var

Sosial iğtişaşların ədalətsizlik və digər səbəbləri bütün il boyu baş verə bilsə də, belə çıxışların ehtimalı istilər zamanı daha yüksək olur.

"Amma bir məsələ də var, - Dundee Universitetinin psixologiya professoru Trevor Harlry deyir. - Havalar həddindən artıq isti və ya yağışlı olanda, insanlar hava şəraitinin qeyri-münasib olduğundan heç nə etməməyə üstünlük verirlər".

Hava şəraiti, eləcə də insanlar arasında özünə zərər vurma hadisələrinin statistikasına da təsir edə bilər. Dünya boyu 12 ölkədə 1 milyondan çox intihar hadisəsinin təhlili göstərib ki, daha yüksək temperaturlu hava intihar riskini artıra bilər və bu əlaqə Qərb ölkələrində və Cənubi Afrikada xüsusilə aydın görünür.

Ümumilikdə götürəndə, havanın temperaturu ortalama olaraq 27C-ə çatanda intihar və ya özünə zərər vurma riskinin pik səviyyəsinə çatdığı qeyd olunur.

Avstraliyada keçirilmiş bir tədqiqata əsasən, bu temperaturda xəstəxanalara müraciətlərin sayında 7,3 faiz artım müşahidə edilib.

Havanın davranışımıza nə üçün bu cür təsir etməsi məlum deyil, amma dünya boyu iqlim istiləşdikcə, alimlər bəzi sualların cavabını tapmağa tələsir.

İzahatlardan biri bu ola bilər ki, isti, bürkü hava narahatlıq doğurur, bu isə əhval-ruhiyyənin kollektiv şəkildə pisləşməsinə və xəsarətyetirici davranışa gətirib çıxarır.

Yüksək temperaturun bizi daha qəzəbli və gərgin, daha narazı etməsinə dair kifayət qədər dəlillər var. İsti havalarda ABŞ Milli Futbol Liqasının (NFL) peşəkar futbolçuları daha tez-tez oyun qaydalarını pozurlar; jurnalistlər öz reportajlarında mənfi ifadələrdən istifadə etməyə daha meyilli olurlar; insanlar isə daha tez-tez tətil edir və işdən gedirlər.

Bir tədqiqatçı bu barədə deyib ki, orta hesabla insanın 32C dərəcədə özünü necə hiss etməsiylə onun 21C dərəcədə necə hiss etməsi arasında böyük bir fərq var.

Havanın bizim beynimizə də nüfuz edərək biologiyamızı dəyişməsinin kəşfiylə bu ideya daha çox dəstəklənir. 2017-ci ildə alimlər aşkar ediblər ki, Finlandiyada ətraf mühitin temperaturu insan beynində narahatlıq, xoşbəxtlik və ümumi əhval-ruhiyyəni tənzimləyən serotonin kimi mühüm kimyəvi maddənin qanda dövran edən miqdarı ilə korrelyasiya olunur. Mühüm məqam ondan ibarətdir ki, bu maddənin qandakı miqdarı həm də zorakı cinayətlərin statistikası ilə də korrelyasiya olunur.

Güman edildiyinə görə, istilik serotoninin səviyyəsini dəyişdirir, bu isə öz növbəsində insanın aqressivlik səviyyəsinə təsir göstərir.

İspaniyada La Tomatina kimi yay festivalları insanlara istirahət etmək imkanı verir

İspaniyada La Tomatina kimi yay festivalları insanlara istirahət etmək imkanı verir

Digər bir məsələ ondan ibarətdir ki, isti hava bizi daha aqressiv edən testosteronun səviyyəsini artırır. Bu fakt günlər uzanmağa başlayarkən, cinsi və məişət zorakılığı hallarının sayının sıçrayışla artmasını qismən də olsa izah edə bilər.

ABŞ-da qış mövsümü ilə müqayisədə yayda fiziki, seksual və emosional zorakılığı özündə birləşdirən "intim partnyor tərəfindən zorakılıq" hallarının statistikası 12 faiz artıq olur.

Lakin bir çox alternativ izahatlar da var.

Əhəmiyyətli bir məqam ondan ibarətdir ki, bu araşdırmaların əksəriyyəti korrelyasiya üzərində qurulub - yəni, həmin araşdırmalarda temperatur kimi bir amili cinayət kimi fərqli amillə əlaqələndirilir.

Amma bu, birinin digərinə birbaşa təsir etməsi demək deyil.

Günəş çıxanda biz tamamilə başqa bir dünyada özümüzü hiss edirik - izdihamlı tədbirlərdə oluruq, dost-tanışla görüşüb yüngül içkilər içməklə vaxt keçiririk, ümumiyyətlə, daha fəal həyat tərzinə üstünlük veririk.

Bizə digər insanlarla təmas qurmağa kömək edən və duyğularımızı gücləndirən bu yay aktivliyi havaların istiləşməsi ilə davranışımızda müşahidə olunan dəyişiklərin real hərəkətverici qüvvəsi ola bilərmi?

"Bu məsələləri bir-birindən ayırmaq çətindir, çünki onlar həmişə bərabərdir, - Harley deyir. - İntiharların statistikasına baxılsa, istilər düşəndə belə hadisələrin sayı artır, açıq havada insanlar üçün intihar vasitələri də daha əlçatan olur... Lakin dünya boyu bu parametrlər çox dəyişkəndir. İntiharların ən yüksək səviyyələrindən biri Rusiyadadır, bu isə ehtimal ki, hava ilə deyil, yüksək spirtli içkilər istehlakı ilə bağlıdır".

İqlim dəyişikliyi daha tez-tez istilik dalğalarının gəlişinə səbəb ola bilər, odur ki, hava və davranış arasındakı əlaqəni anlamağın əhəmiyyəti getdikcə artır

İqlim dəyişikliyi daha tez-tez istilik dalğalarının gəlişinə səbəb ola bilər, odur ki, hava və davranış arasındakı əlaqəni anlamağın əhəmiyyəti getdikcə artır

Covid-19 pandemiyası yaranan sualların yalnız bir qisminə cavab tapmaqda kömək edə bilər, çünki bu məsələ ortaya çıxdıqdan sonra, adi yay fəaliyyət növlərimizin bir çoxu qeyri-mümkün olub.

Pandemiya artıq bir sıra təcili suallara cavab tapmaq işində təbiət laboratoriyası şəraitini yaradan bir amil kimi özünü göstərib - misal üçün, uzun məsafəyə səyahətlərin sayı kəskin azalanda nə baş verir və ya okeanların daha az səs-küylü olmasına balinaların reaksiyası necə olur və bu kimi digər suallar.

Odur ki, kim bilir, bəlkə zorakılıqlı davranışın da daha çox nə ilə - yay əyləncələri və ya sadəcə istilik ilə bağlı olub-olmadığını da aydınlaşdırmaq mümkün olacaq.

Hava və davranış arasındakı əlaqənin kökündə nəyin durduğundan asılı olmayaraq, bunun gələcək üçün bəzi narahatedici fəsadları ola bilər.

Alimlərin proqnozlarına görə, iqlim dəyişikliyi başlayandan sonra qlobal temperaturun cəmi 2C dərəcə artması Qərbi Avropa kimi regionlarda zorakı cinayətlərin səviyyəsini 3 faizdən də çox bir səviyyədə artıra bilər.

Hazırda bir çox ekspertlər hesab edirlər ki, cari iqlim öhdəliklərinin hətta hamısı yerinə yetirilsə belə, temperatur artımı 3C dərəcədən çox olacaq.

Havanın bizə niyə təsir etməsinin bir sirr olaraq qalmasına baxmayaraq, bəlkə də bizi gələcəkdə gözləyən hadisələri daha hazırlıqlı qarşılamaq daha yaxşı olardı.