İşgəncə verilən uşaqlar dəhşətləri danışdı - “Qardaşımın əlini deşib duzlu suya basırdı...”

Baxış sayı:
2170

Bir neçə gündür ögey ananın iki azyaşlını döyməsi ilə bağlı məlumat yayılıb. Bu dəhşətli hadisə cəmiyyətdə də ciddi reaksiyaya səbəb olub. Zabratda nəvələrini ögey ananın döydüyü baba, Ağcabədi rayonu, Aşağı Qiyaməddinli kənd sakini Qulu İbrahimov və uşaqların xalası Tərgül İbrahimova “APA Group”un qonağı olublar. Onlar şikayətlərinin ictimailəşdirilməsini və cəmiyyətin bu dəhşətli hadisəyə reaksiya verməsini istəyiblər. Baba və xala azyaşlı uşaqların başına gələnləri, onların necə qəddarcasına döyülməsini ətraflı danışıblar. Qulu İbrahimov əvvəlcə uşaqların döyülməsi barədə necə məlumat almasından söz açıb: “Nəvələrimin döyülməsi barədə xəbəri mənə kürəkənim Xaqaninin əsgərliyə gedən böyük oğlu deyib. Uşaq vaxtlarından onu da xalası saxlayıb, yəni mənim qızım. Əsgərliyə getməmişdən əvvəl axşam mənə zəng edib soruşdu ki, “baba, sən yatmısan?” Dedim, “nə olub, bala?” Dedi ki, Xaqani ilə arvadı Nuranə balaca qardaşlarım Qulu və Hüseyni döyürlər. Əgər səhər özünü çatdırmasan, 5 yaşlı Hüseyni ölümcül hala salarlar. Səhər artıq özümü Zabrata çatdırdım. Qapılarını döydük, üzümüzə açmadılar. Qapının gözlüyündən baxıb gördüm ki, uşağın ikisinin də qolu, ayağı sarıqla bağlıdır. Saçları da baxımsız haldadır. Qışqırdım ki, “Totu”, “Şaşı” neynirsiniz?” Atası, “Qulu sizi aparacaq” deyib, uşaqları gəlməyə qoymadı. Zəng vurdum “102”-yə, polislər gəldi. Buradan DİN əməkdaşlarına minnətdarlığımı bildirirəm. Ancaq Xaqani həmin ilk gələn polislərlə də söyüşlə danışıb, qapını açmadı. Bundan sonra gələn iki idmançı polis bir-birinin çiyninə çıxaraq 14 daşdan ibarət hasardan həyətə daxil oldu. Xaqani yenə qapını açmaq istəmədikdə, polislər pəncərəni açıb, evə girdilər. Pəncərəni açan kimi uşaqlar “bizi öldürürlər”, - deyib qışqırdılar. Polislərin yanında uşaqları soyundurub, bədəninə baxdıq. Bu şəkilləri də polis bölməsində çəkmişik. Uşaqlarla biz ayrı maşında, Xaqani və arvadı Nuranə də ayrı maşında bölməyə getdik”. Uşaqların bədənində çox sayda zədə aşkarlandığını deyən baba, sonradan işin uzanmasından gileylənib: “Sabunçu məhkəmə-tibbi ekspertizasının ekspertləri iki uşağın bədənində 38 zədə yeri aşkarladı. Uşaqların da, digər qızımın, Xaqani və arvadının da izahatları alındı. Sonra dərhal uşaqları bölmədən götürüb, Ağcabədi rayon İcra Hakimiyyətinə getdim. Qəyyumlar şöbəsində Naibə xanımla görüşdə dedim ki, mənim uşağımın sağalmasına kömək edin. Uşaq xəstəxanaya yerləşdirildi, qolu, ayağı gipsə qoyuldu. İndi 15-ci Polis Bölməsindən heç bir şikayətim yoxdur. İş prokurorluqda uzanırdı, nəhayət, cinayət işi açıldı, izahatlar alındı. 10 gün Xoşqədəmin verilişində qızımla iştirak etdim. Bir dəfə demədi ki, ağsaqqal, nə problemin var? Amma uşaqları döyüb bu hala salanlar bir dəfə gəlməklə mikrofonu verib dedi ki, “buyurun, danışın”. Nuranə nəvələrimin əlini yandırıb, suluq yaranandan sonra iynə ilə deşərək duz töküb. Nuranə əvvəl 3 dəfə ailəli olub, bu, 4-cü ailəsidir. Xaqaninin də əvvəl 2 yoldaşı ölüb. Üçüncü ailəsi də belədir. Xaqaninin bizə xəbər verən oğlu da xalası ilə qalır. Nəvələrim həmin oğlanla atabir qardaşdırlar. Mənə bu barədə xəbər verəndə Xaqaninin anası da orada idi, oğlana deyirdi ki, nəvələrimin döyülməsi ilə bağlı nəsə deməsin. Dedim, utanmırsan? Bunlar da sənin nəvələrindi də”. Qulu İbrahimov yeznəsinin hansı işlə məşğul olmasını da söyləyib: “Xaqani günortalar zibilxanalardan dəmir yığıb satır. Gecələr də başqa bir-iki nəfərlə neft buruqlarının dəmirlərini kəsib satırlar. Qızım xəstəlikdən müalicə alan vaxtlarda Xaqanini buna görə polisdən qurtarmışam. Nuranə də evdar qadındır”. Ögey anasının döydüyü, işgəncələrə məruz qalan 6 yaşlı Qulu onlara verilən əzab-əziyyətlərin bir hissəsini təsvir edib. O, əsasən, qardaşı Hüseynin daha çox işgəncələrə məruz qalmasını və Nuranənin hansı səbəblə onları döyməsindən danışıb: “Nuranə bıçağı qızdırıb, qardaşım Hüseynin ayağına dağ basmışdı. Deyirdi, mən namaz qılanda səs eləməyin. Hüseynin əlini deşib duzlu suya basır, əlinə duz tökürdü. Yemək yeyəndə ağzımıza istiot tökürdü. Bütün bunlardan atamızın da xəbəri vardı. Hüseyni ördəkləri saxladığı hində taxtadan başı aşağı asırdı. Mən açıb evə gətirib stolun altında gizlədirdim. Bizə yemək də vermirdilər, ac qalırdıq. Verdikləri çiy kartof idi. Yeyib qaytarırdıq”. Söhbətinə davam edən baba Qulu İbrahimov Xaqani ilə qızının necə evlənməsindən, qızının ölümündən danışıb: “Xaqani Ağcabədidə bizə qonşu kənddəndir. Qızımın istəyi olmadan onu qaçıraraq evlənib. Onun üçün çox şeylər etmişəm. Qızım 2017-ci ildə qaraciyər sirrozundan vəfat edib. İndi nəvələrim analarının vəfat etdiyinə görə ayda dövlətdən 150 manat alırlar”. Sonda həm uşaqların babası, həm də xalası dövlət orqanlarına müraciət edərək, məsələni diqqətdə saxlamalarını və uşaqların “ata” və ögey analarının əlindən alınmasını istəyiblər: “Dövlətimizdən xahiş edirik ki, Xaqanini nəvələrim üzərindəki atalıq hüququndan məhrum edib, uşaqları bizə versin. Özüm saxlayacağam. Buna hansı insanlıq, hansı vicdan dözər? Sən niyə bu gələcəyin əsgərinin silah tutan əlini belə zədələyirsən? Biz istəyirik cinayətkar cəzasını alsın! Uşaqlar ya bizim, ya da dövlətin himayəsinə verilsin! Eybi yoxdur, dövlət götürüb saxlasın, mən ayda bir dəfə gedib onları görərəm. Bu iki ayda iş Sabunçu prokurorluğunda yubandı, Xaqani bir dəfə uşaqlarla maraqlanmayıb. Axşam Xoşqədəmin verilişinə çıxanda ər-arvad geyimlərinə baxarsınız. O paltarları nəvələrimin pulu hesabına geyiniblər. Xoşqədəm deyir ki, peşəmə görə medal, orden almışam. Ola bilər, əvvəl alıb. Amma indi başqa üsullardan istifadə edir. Aprel ayından uşaqlar qızım Tərgülün qəyyumluğundan çıxarılandan sonra oktyabrın 22-dək onları görməyə icazə vermədilər”.