“İranın Qarabağa qanunsuz yük daşımasının bir adı var: terrora və terrorçulara dəstək” – DEPUTAT

Baxış sayı:
482

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Musavat.com saytına sensasion fikirlərlə dolu geniş müsahibə verib.
İranın Ermənistana qucaq açması, məscid dağıdanlara hər cür dəstək verməsinə özünəməxsus münasibətini bildirən millət vəkili TƏBİB rəhbərliyindəki dəyişikliklərə, Azərbacan Xalq Cümhuriyyətinin xilasında, Bakıın rus-erməni işğalından qurtulmasında tarixi rol oynamış Nuru Paşaya abidə qoyulmaması və digər məsələlərə də ilginc reaksiya verib. Bu günlərdə işğaldan azad olunan bölgələrdə, Cəbrayıl rayonunda olan millət vəkili ilə söhbətimizə əvvəlcə səfər təəssüratlarını almaqla başladıq:

- Fazil bəy, Cəbrayıldan gəlmisiniz. Mən biləni, bu bölgəyə ilk səfəriniz idi. Yəqin ki, zəngin təəssüratlarınız var. Cəbrayılı, Xudafərini necə gördünüzüz? Hansı hissləri yaşadınız?

- İşğaldan azad olunan torpaqlara ayaq basdığında ilk öncə düşmənin törətdiyi vəhşiliyə baxıb heyrətini gizlədə bilmirsən. Bu mənzərə tarixdə rast gəldiyimiz işğalçılıq faktlarının üç motivini bizim diqqətimizə çatdırır. Birincisi, hansısa dövlət öz təhlükəsizliyini qorumaq üçün başqa dövlətin ərazisində bufer zona yaratmağı düşünərək bu işğala əl atır. İkincisi, yaşamaq üçün ərazi qıtlığına görə bu siyasət gerçəkləşdirilir ki, aşıb-daşan əhalisini yeni torpaqlara yerləşdirə bilsin. Üçüncüsü isə sırf işğalçılıq mazoxizmidir. Bununla nifrət etdiyin bir xalqın torpaqlarını ələ keçirib insanlarını ata-baba yurdundan didərgin salmağı bir milli həzz vasitəsi olaraq görürsən. Erməni işğalı sırf milli mazoxizm mahiyyəti daşıyır. Bu qədər ərazini məskunlaşdırma imkanları olmayıb, əllərinə keçən insanlarımızı öldürüblər, ölümüzü belə təhqir ediblər, əllərinə keçən evləri də insan kimi didib-parçalayıblar. Onlar evlərdən də insandan aldığı qisası alıblar. Bircə dənə də salamat ev qoymayıblar. Dəmir yolunun relslərini belə yerindən qoparıblar. Cəbrayıl bir xaraba məkana çevrilib. Füzuli, Zəngilan, Cəbrayılda ürək ağrıdan məqam həm də odur ki, buradakı vətən torpağını Daşnaksyutun və Hüseyniyun zehniyyəti bir yerdə viran qoyublar. Burada sadəcə hansısa hiss yaşamırsan, reallıqdan havalanırsan. Bəlkə də bu bölgələrdən didərgin düşmüş insanlarımızın hansı duyğuları son otuz ildə yaşadıqlarını məhz indi daha səmimi anlamış olursan.

- Xudafərinin qarşısında fotolarınızı gördüm. Bu körpü zamanında o taylı-bu taylı Azərbaycanı birləşdirən, amma ayrılıqdan sonrakı uzun dönəmdə bu finksiyanı yerinə yetirmək iqtidarında olmayan eksponat körpüyə çevrilib artıq. Xüsusilə üzbəüz qaldığınız anlarda nələri düşündünüz?

- Biz gənclik illərimizdən içimizdə daşıdığımız Xudafərin nisgilindən həmişə şairanə üslübda danışmışıq. Araz mifi, ayrılıq mifi bizi siyasət olaraq real tablonu dərk etməkdən uzaq tutub. Bu real siyasi tablo onu diqtə edir ki, bütöv azərbaycanlı bir güc olaraq meydana çıxmayınca Bütöv Azərbaycan modeli yarana bilməz. Yaransa belə, bu Azərbaycan üçün işıqlı heç nə vəd etməz. Bütöv azərbaycanlı isə eyni dildə danışanlar deyil, eyni ruhu paylaşanlar deməkdir. Bu da çağdaşlıq, tərəqqi ruhudur. Yəni bizə məkan birliyindən daha önəmli düşünən insan birliyidir. Bu, olardısa, heç məkan birliyinin siyasi burulğanında məramsız dolaşmağımıza da gərək qalmazdı. Mənim üçün parçalanmış xalq ifadəsi artıq ədəbiyyat mövzusudur, siyasət mövzusu deyil. 1828-ci ilə Azərbaycan xalqının bir hissəsinin gerici, nadan, qaranlıq bir dünyadan müstəmləkə xalqına çevrilmə bahasına da olsa, daha irəliçi bir imperiyanın tərkibinə daxil olması və dünyəvi məktəbə qovuşması prosesi baş verib. Digər bir qismi isə mədrəsə qaranlığında elm düşmənçiliyi, cəhalət sevgisi aurasında qalmış oldu. Əslində biz parçalanmamışıq, müəyyən bir hissəmiz heç bir hədəfi olmayan qaranlıq bir bütövdən qopmuşuq. Doğrudur, Rusiya tərəfindən yaşadığımız torpaqlara ermənilər köçürülüb, dərhal erməni vilayəti yaradılıb, bəylərimiz, sadə əhalimiz istismara məruz qalıb, lakin eyni zamanda Axundovu, Həsən bəy Zərdabini, Mirzə Cəlili yetişdirəcək dünyəvi məktəblər açılıb. Artıq bu məktəbi oxuyanlar başı xəncərlə yarmaq, onu xurafələrlə doldurmaq yerinə onu elmlə, düşüncə ilə doldurmaq yolunu tutublar və sonluq da müstəqil Azərbaycan Cumhuriyyətinin yaranması olub. Eyni proseslər 1920-ci il işğalından sonra da bənzər formada təkrarlanıb. Bolşevik Rusiyası da qırıb, repressiya edib, ancaq bir tərəfdən də savadsızlığı ləğv ertmək üçün məktəb açıb, yekunu yenə də 1991-ci ildə müstəqil dövlət olub. Bəs İranda necə, XIX əsrdə ümumiyyətlə işıq deyilən bir nəsnə yox, XX əsrdə fəxrlə söylədiyimiz dörd inqilab və hamısının da qalibi yenə də qaranlıqsevər dinçilər. Özünü Nəcəf üləmasının nökəri hesab edən Səttarxanlarla, Xiyabanilərlə, Qum üləmasının nökəri hesab edən Şəriət Mədarilərlə bu məmləkətə aydınlıq gələ bilməzdi. Sovet KQB-sinin xətti ilə də olsa, nələrisə milli tərəqqi ruhunda dəyişməyə Pişəvərilər nail ola bilərdi, onları da öz içimizdən yetişdirilmiş dinçi qatillər Təbrizdə qılıncdan keçirdilər. Odur ki, parçalanmış xalqdan çox, kiçik bir qismi müstəmləkəçiliyə düçar olsa da, sonradan qurtulmuş, böyük bir hissəsi milli identifikasiyasını iranlı kimliyinə könüllü bağlayaraq mədrəsə, mollaxana qaranlığa gömülmüş bir xalqdan söhbət gedə bilər.

- Bu günlərdə İranın Qarabağa qanunsuz olaraq yüklər daşıması Azərbaycanda kəskin etirazlar doğurub. Necə hesab edirsiniz, Tehranın bu davranışlarına Güney Azərbaycandakı soydaşlarımızın sükutu nə ilə əlaqədardır? Ümumiyyətlə, Azərbaycan o taylı həmvətənlərə xitab edə bilərmi hansısa anda?

- Müstəqil dövlət olaraq bizim baxış bucağından İranın qanunsuz yükləri Qarabağa daşımasının bir adı var: terrora və terrorçulara dəstək vermək. Bizim səmimi qonşuluğa xələl gətirəcək hansısa davranışımız yoxdur. Hətta İranın Ermənistanla münasibətinə bizim narazılığımız olsa da, yenə də hüquqi baxımdan normal yanaşırıq. Bu iki dövlət arasında olan əlaqələrdir. Lakin Qarabağdakı separatçılara Azərbaycanın başı üzərindən dəstək vermənin başqa nə adı ola bilər ki? Bu halda İran bizi incidəcək davranışlardan hər bir halda uzaqlaşa bilərdi. Ancaq bilməliyik ki, İranla ABŞ-dakı erməni lobbisi arasında gizli bir anlaşma var. Bunlar ermənilərə hər platformada dəstək verəcəklər, onlar da ABŞ-ın İrana qarşı siyasətini yumşaltmağa çalışacaqlar. Əslində reallıqda bunun əlamətlərini bir az hadisələri diqqətlə təhlil edənlər rahat görə bilirlər. Bizim İrana cavab addımımız məncə, oradakı yaşayan azərbaycanlılar üzərindən olmamalıdır. Çünki orada milli duyğuları dini duyğulardan öncə gələn azərbaycanlılar onsuz da bu çirkin siyasətə qarşıdırlar. 44 günlük savaş dövründə də bunu fərqli etiraz formalarında üzə çıxardılar. Ancaq unutmayaq ki, siyasi yetkinlik arzuolunan səviyyədə olsaydı, öz dilində 30 milyonluq xalqa məktəb açmağı əngəlləməyə ən sərt rejimin belə gücü yetməzdi. Xurafat virusunun daşıyıcısı olan azərbaycanlı sayı da yetərincədir və onlar həm də rejimin ən fəal şilləvuranlarıdır. Məhz bu tip qatil zehniyyətinin daşıyıcılarının çoxluğu hesabına 1945-ci ildə şahın qoşunları Təbrizi mühasirəyə aldığında milli hərəkatın nümayəndələrini xəncərlə doğramışdılar. Eyni hadisəni 1978-ci ildə də azərbaycanlı milli fəallara bu qatil dəstələri yaşatmışdılar. İndi də dəyişən bir şey yox və azərbaycanlıları radikal hərəkətlərə cəlb etməklə rejimin baltasının ağzına yönləndirmək yanlış bir siyasət olardı. Hər şey müasir məktəbdən başlamalıdır, dini totalitarizmə qarşı inqilab fəlakət doğurar, bilikli və milli insan sayını artırmaqla dini cahilliyin qarşısında üstünlük əldə etmək olar. Bu gün müstəqil Azərbaycanda da təhsildə geriləmə səviyyəsi artdıqca dünyəvi, modern düşüncə dini cəhalət üçün məkanı boşaltmaqdadır. Sadəcə hələ ki, dövlətimizin gücü bunu hiss etməyə qoymur, din siyasətimizdə vaxtilə buraxılan boşluqlar indi öz təhlükəsini hiss etdirməyə başlayır. Vaxtilə özlərini Elçibəyçi hesab edən cəbhə qalıqları da hazırda müxalifət obrazında əslində irançı düşüncənin əsas ruporlarına çevrilmiş və öz dövlətlərinə qarşı xurafatçılarla bir mərkəzdən idarə olunurlar. Artıq güneydəki azərbaycanlılar XX əsrin səhvlərini təkrar etməməlidirlər, vaxtın axarını gözləməlidirlər. Bizlər də ora üçün süni elmi əsası olmayan modellar yaratmağa çalışmayaq. Əsas orada hələ yetkin olmayan Azərbaycan burjuaziyasının mövqeyidir. İranın parçalanmasını nə dünya gücləri istəyir, nə də qonşu dövlət olaraq biz. O halda bu ölkənin demokratikləşməsi üçün azərbaycanlıların daha çox töfhə verə biləcəyini, çağdaş düşüncə sahiblərinin təsir imkanlarının artmasını arzulamaqdan başqa əlimizdən bir şey gəlmir.
 
- Necə bilirsiniz, müsəlman İranı məscid dağıdan, İslam izi olan ünvanlarda donuz saxlayan işğalçı Ermənistanla bağlayan hansı tellər, yaxud məram-məqsədlərdir?
 
- İran məscid təəsübkeşlyi daşımır ki, yalnız və yalnız məzhəb təəssübkeşliyi daşıyır. Talibanın da baxış bucağı buna bənzər başqa bir məzhəb təəssübkeşliyini ortaya qoyur. Yəni burada həm sünnisində, həm də şiəsində formalaşan radikal və yanlış zehniyyət məsələsi var. İslam siyasətdə önə çıxanda, onun cəza və qadağan tərəfi cəmiyyəti əhatə edir. Əxlaq və humanism tərəfi siyasətdən uzaq tutulur. Ona görə də məsciddə donuz saxlamaqdan daha təhlükəlisi orada din adına virus saxlamaqdır.
İran ilk növbədə Ermənistanda coğrafi şərtlərə görə Rusiyanın yerinə yetirə bilmədiyi funksiyaları tamamlayır. Əslində özəl bir tel də yoxdur. Türkiyə və Azərbaycanın nüvəsini təşkil etdiyi türk zolağının maneəsiz genişlənməsi və İranın içində hüzursuzluq yarada bilmə qorxusu ilə Ermənistana hərtərəfli yardım edir. Bizdə yanlış olaraq 5-ci kolon deyəndə əsasən, Rusiya və ya Sorus kimi fondlar tərəfindən idarə olunan qüvvələr anlaşılır. Halbuki Rusiya ilə münasibətlər tariximiz onu göstərir ki, bu ölkənin işğalı, represiyaları yenə də sonda məktəblə yekunlaşır. KQB vasitəsilə idarə olunanların çoxusu dünyadan köçüb, kəşfiyyat bağları olanların sayı minimum səviyyədədir. Qərbin də Əfqanıstanı işğalının yekun nəticəsi yenə də məktəb, qadın azadlığı, çağdaş mədəniyyətə keçid idi. Bizdə də Qərbdən idarə olunanların son məqsədində Qərb demokratiyasının prinsiplərinə zidd olan başqa cür düşünənlərin qətliamı durmur. İndi dönüb İrana, Əfqanıstana, İraqa nəzər salın, din ideologiyasından kənarda məktəb görürsünüzmü? Milli dildə məktəb ideyasını belə, yaxına buraxmır. Universitet azad fikir deməkdir, əlbəttə, bizdə də universitetlər azad fikir məkanı sayılmazlar, ancaq bizdəki sırf təhsil korrupsiyası ilə bağlı məsələdir. Ancaq daxilimizdə din siyasətimizə qeyri-ciddi yanaşma nəticəsində gerçək bir 5-ci kolon formalaşıb ki, bunlar da kənarda oturan din xadimləri tərəfindən idarə olunurlar və istənilən əlverişli situasiyada vətəndaşı olduqları dövləti tərəqqi, demokratiya naminə deyil, məhz dinçi mazoxizm anlayışı ilə çökdürməyə hazırdırlar.
 
- Hesab etmirsinizmi ki, hazırki münasibətlər getdikcə 1813-1828-ci illərdəkinə bənzəyir bir az da - Azərbaycan uğrunda şimal və cənub qoşumuzun müxtəlif bədxah planları baxımından deyirəm...

 
- Hazırkı münasibətlərin 200 il öncəsi ilə müqayisəsini doğru hesab etmirəm. O zaman Azərbaycanda mərkəzləşmiş dövlət yox idi və xanlıqlar da ya Nadir şahın tərəqqiyə doğru yol açan islahatlarının düşməni olan geriçi Qacarların vassalları kimi çıxış edirdilər. Ardınca da Rusiyanın bölgəyə gəlişi və Hind okeanına çıxış üçün Azərbaycan üzərindən platforma yaratmaq niyyətləri yeni reallıqları ortaya qoydu. Bəzi xanlıqlarımız Qarabağ xanı İbrahimin obrazında geriçi Qacar səltənətindən qurtularaq daha irəliçi işğalçıya üstünlük verdilər. Bizdə milli və siyasi düşüncə Rusiya müstəmləkəçiliyi dövründə formalaşdı, Azərbaycan aydınlarının böyük əksəriyyəti, burjuaziyamız, hərbi kadrlarımız amansız rus, erməni, gürcü rəqabətində yetişdilər. Bir xalqın taleyində hansı siyasi rejimdə yaşamanın təsirini görmək istəyirsinizsə, məhz güneyimizdə yaşayan soydaşlarımızın durumu ilə bizim müqayisəmizi dar milliyyətçilik çərçivəsindən deyil, rasional elmi təhlil üzərindən aparın və hər şey aydın olacaqdır. Hazırda Azərbaycan bölgənin həqiqətən ən güclü dövlətidir: demoqrafik potensialdan tutmuş iqtisadi potensala qədər. Demokratik düşüncə, çağdaş dəyərlər, sağlam din düşüncəsi, təhsil hədəfi kimi komponentlərimizdə xeyli boşluqlarımız da var. Ancaq Azərbaycan bir dövlət olaraq ayağını yerə bərkitdikcə, bu ayaqların altında qazıntı aparmaq istəyənlər çox olacaq. Əlbəttə ki, ölkəmizə müdaxiləni də düşünən dövlətlər ola bilər. Ancaq onlar da yaxşı bilirlər ki, Azərbaycan güclü dövlət olduğuna görə bu təzyiqləri yumşaltma imkanına sahibidir. Digər tərəfdən Türkiyə və Pakistanla birlikdə müttəfiq formatında təqdimatımız, bizə toxunmanın elə də asan olmayacağını göstərir. Əsas öz içmizdə gələcəyimiz barədə diskussiyaların genişlənməsi və sağlam strategiyanın formalaşmasıdır. Biz bir dövlət olaraq bunu ləngidirik və siyasi, ictimai qüvvələri bu prosesə cəlb etməyə maraq göstərmirik. Dar çərçivədə alınan qərarların isə təhlükə risqi daha böyük olur. Əslində bölgə dövlətləri arasında ən zəif siyasi partiya və vətəndaş cəmiyyətləri institutları bizdədir və bunun da mənfi nəticələri irəlidə özünü göstərəcəkdir.
 
- Azərbaycan polisinin Gorus-Qafan yolunda post qurması, İrana məxsus yük maşınlarından rüsum alması da bədxahlarımızda şok yaradıb. Dövlətimizin gücünü göstərməklə yanaşı, bəzi müzakirələrə də rəvac verib, xüsusilə də sürücülərin azərbaycanlıların olması üzüntü ilə qarşılanıb...
 
- Gorus-Qafan yolunun müəyyən bir hissəsi Azərbaycan ərazilərindən keçdiyinə görə oradakı hüquqi tənzimləmə də dövlət olaraq sırf bizə aidir. Bir ölkənin ərazisinə xarici vətəndaşın ayaq basması, oradan yük daşıması beynəlxalq qanunlarla tənzimlənir və Azərbaycan polisi də, gömrük orqanları da bu qaydaları tətbiq edirlər. Mən də “ora yük daşıyan azərbaycanlılar” ifadəsini doğru hesab etmirəm və mediada bunun tirajlanmasını yanlış olduğunu düşünürəm. Onlar konkret peşə insanlarıdır, şirkətlərdir, biznes maraqları var, sadəcə, burada onları yönləndirən dövlət siyasəti üzərinə diqqətimizi yönəltməliyik. Burada Ermənistana dəstəkdən deyil, Qarabağdakı erməni terrorçularına dəstəkdən söhbət gedir və Azərbaycan buna qətiyyətlə imkan verməyəcəyini həm sözdə, həm də əməldə göstərir. Qarabağa yük daşıyan azərbaycanlının təhlükəsi və yaxud günahı Azərbaycanda yaşayaraq, oradakı ağasına pul daşıyan, xəbər daşıyan, ağalarının şəkillərini qafasının üstündə, ideyalarını da qafasının içində daşıyan, şəxsiyyət vəsiqəsi bizdən olub, şəxsiyyəti oraya təhvil vermiş azərbaycanlıdan çoxmu böyükdür? Sualın cavabını öz dövlətinə ləyaqət bağı olan sağlam düşüncəli Azərbaycan insanın öhdəsinə buraxıram.
 
- Fazil bəy, Milli Məclisin payız sessiyasına sayılı günlər qaldı. İlk iclasda sizin gündəmə gətirəcəyiniz ən vacib məsələ nə olacaq?
 

- İlk iclasda ictimai nəqliyyatın şənbə və bazar günləri işləməməsinin əhaliyə, sahibkarlara vurduğu ziyandan danışmağı planlaşdırıram, bu qərarın tamamailə yanlış olduğunu diqqətə çatdıracağam. Təsəvvür edin ki, şənbə günü iki mindən artıq insan xəstəxanalara dializ üçün baş vurur, yüz minlərlə insan ən azı günortaya qədər işə gedib-gəlir, sən də durub deyirsən ki, guya virusa görə bu ağıllı seçimdir. Və get, əlavə cibindən taksi şirkətlərinə məcburi ödəniş et! Bu, vətəndaşa əzab verməkdir. Digər məsələ, sahibkarlığın çöküşü ilə bağlı real vəziyyəti gündəmə gətirmək olacaq. Qarabağda məskunlaşma siyasəti ilə bağlı təkliflərimizi də səsləndirməyi düşünürəm. Necə deyərlər, avazımız yaxşı gəlir, sadəcə dinləyən olsa...
 
- Ramil Bayramlının istefasından sonra ölkədə nə dəyişəcək,sizcə? Hər halda TƏBİB-in, Operativ Qərargahın fəaliyyətini təftiş edənlərdən olmusunuz bir çox hallarda...
 
- Bu sahədə ciddi bir şeylər dəyişməyəcək. Çünki səhiyyə sahəsində islahat vətəndaşların sağlıq maraqları üzərindən aparılmadı, sadəcə kiməsə az və ya çox səlahiyyət verilməsi üzərindən gerçəkləşdirilməyə çalışıldı. Adamları bir tərəfə buraxıb sistem qurmaq lazımdır. Hazırda kimsəyə aydın deyil ki, səhiyyədə hansı islahat aparılır, kim aparır və hansı nəticəni gözləyir. Üstəlik də ölkədə yüksək səviyyəli dünya standartlarına can atan universitet yoxdur, tibb sahəsində yetkin mütəxəssisi bizim ali təhsil sistemimiz yetişdirmə potensialına hələ də qovuşmadı, xaricdən gələnlər də daxili proseslərin qurbanına çevrilməmək üçün əlacsız qalmadığı təqdirdə geri qayıtmırlar. Son illərin təcrübəsi göstərir ki, 44 günlük müharibədə hərbi sahədə olduğu kimi, kənd təsərrüfatı, səhiyyə, təhsil, enerji kimi ciddi sahələrdə də qardaş ölkədən, başqa xarici ölkələrdən ağıllı və dürüst menecerləri dəvət edərək iqtisadi intizamla vəziyyəti düzəltmək olar.
 
- İllərdir ki, Nuru Paşaya Bakıda abidə qoyulması təşəbbüsünü təkrar-təkrar gündəmə gətirirsiniz. Bakının azadlığının 103-cü ildönümü də tamam oldu, amma bu gözlənti çin olmadı. Sizcə, niyə?
 
- Biz bu mövzuda danışmaqdan dilimiz qabar oldu, təəssüf ki, yuxarılar özlərini eşitməzliyə qoydu. Ancaq nəticə nə oldu? Yüz il öncə canı bahasına sənə yardıma qoşmuş türkü, indi yeni nəsil əvəz etdi. Nuru Paşaya abidə qoymaq məsələsini uşaq əyləncəsinə çevirmək yerinə, bir namus borcu olaraq görmək lazım idi. Baxın, bu gün qardaş ölkə deyib Türkiyənin dar gündə dəstəyindən hamımız danışırıq. Bəs bu qardaşlığın simvollarını necə, lazımınca cəmiyyətin şüurunda sayğın duruma dövlət olaraq gətirə bilirikmi? Qardaşlığımızın sadəcə iki simvolundan danışacağam. Biri Nuru Paşadır! Millətimizin, dövlətimizin varoluşunu təmin etmiş şəxsiyyət! Adını haradasa duyursunuzmu? Küçə lövhəsində, meydanda, pakda, hərbi məktəbdə görürsünüzmü? Qardaşlığımızın intellektual simvolu: dahi Əhməd Ağaoğlu! Osmanlı Dövlətinin, Azərbaycan və Türkiyə Cumhuriyyətlərinin parlamentlərinin deputatı olmuş yeganə şəxsiyyət! Dağüstü Parkdan boylanıb baxın, harada görəcəksiniz? Kiçik, dalda küçələrə adını yazdırmaqla iş birmir, dəyər vermək lazım, bu simvolları qaldırmaq lazım. Adam Şuşada doğulmuş, orada 450 erməniyə rağmən, tək azərbaycanlı kimi məktəb bitirmiş, Difaini yaratmaqla erməni terrorunun qarşısında qalib çıxmış, Bakını işğaldan azad edən Nuru Paşanın müşaviri kimi ağıl xocası olmuş, ardınca Atatürkün ağıl xocalarından biri olmuş, minlərdə dəyərli əsər yazmış bir dahi əslində Şuşanın brendi olmalıydı, Azərbaycanın intellektual brendi olmalıydı, hanı? Tariximizdə əbədi qalacaq ən böyük hadisələrdən ikisinə diqqət yetirin: 2018-ci ildə Azadlıq meydanında Bakının qurtuluşunun 100 illiyinə həsr olunan Azərbaycan-Türkiyə əsgərlərinin paradı və 2020-ci ilin dekabr ayında keçirilən birgə Zəfər paradımız. Bu qüruru bizə yaşadan Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti həm də o yaddaşı diriltmiş oldular. Vəfa borcu bir çağırışdır, ondan yayınmaq olmaz.

Elşad PAŞASOY