“İNTİHAR ETMƏYİMƏ SƏBƏBKAR SEYMUR NAZAROVDUR...” – “İnanıram ki, heç olmasa o dünyada pozulmuş hüquqlarım bərpa olunacaq”

Baxış sayı:
518

Goranboy rayonu, Qızılhacılı qəsəbə sakini, keçmiş müəllim Eminov Neman Bayram oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Nəzərinizə çatdırıram ki, sifarişin, ədalətsizliyin qurbanı olaraq 2019-cu ilin mart ayında həbs etdirildim. 10.06.2021-ci il tarixində azadlığa buraxıldıqdan sonra, 2021-ci ilin iyun-iyul-avqust-sentyabr aylarında dəfələrlə Goranboy RİH-nin başçısı Məhərrəm Quliyevlə görüşmək üçün müraciətlər etsəm də, məni qəbul etmirdi.
Cənab Prezidentə, çox hörmətli Birinci vitse-prezidentə, Ombudsmana etdiyim müraciətlərimdən sonra, nəhayət, 16.09.2021-ci il tarixində Goranboy RİH-nin inzibati binasında icra başçısının qəbulunda oldum. İki ali təhsilimin olduğunu, həbsdən azadlığa buraxılaraq cəmiyyətimizə adaptasiya olmaq istəyimi, ailəmin maddi durumunun çox zəif olmasını, anamın qeydiyyatda olan şəkərli diabet xəstəsi olmağını, işləməməsini, atamın yaşlı olmasını və heç bir yerdə işləməməsini cənab başçının diqqətinə çatdırdım.
Mənə bildirdi ki, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarova səni bir işlə təmin etməsinə köməklik göstərməsini tapşıracam. Dedim ki, məni işlə təmin etməsi ilə bağlı bir neçə dəfə Seymur Nazarovun qəbuluna getmişəm, hətta təhsil sənədlərimi, işlə bağlı müraciətimi poçtla rəsmi qaydada da göndərmişəm. Hər dəfə qəbulunda olanda məni işlə təmin edəcəyini bildirərək, arxayın edirdi, hətta vatsap nömrəsi ilə “sənə iş verəcəm” sözlərini də mənə yazıb göndərib. Mənə bildirirdi ki, narahat olma, biz bir kənddənik, mən də vaxtı ilə sənin kimi çətin günlər yaşamışam, bunları nəzərə alıb, sənə iş verəcəm. Hətta mənə tapşırıq verdi ki, get, "iş axtaran" vətəndaş kimi Goranboy rayon Məşğulluq Mərkəzinə yaxınlaş, səni qeydiyyata alsınlar. 16.08.2021-ci ildə Goranboy rayon Məşğulluq Mərkəzində qeydiyyata alındım. Lakin çox təəssüflər olsun ki, Seymur Nazarov məni bu günə kimi işə qəbul etmir, süründürməçilik edir, müəyyən vədlər verərək aldadır.
Bu azmış kimi, Goranboyun icra başçısı Məhərrəm Quliyev də məni aldatdı.
Əlbəttə,  Məhərrəm Quliyevdən və Seymur Nazarovdan müəllim vəzifəsinə işə qəbul edilməmi heç vaxt istəmərəm. Ona görə ki, müəllim vəzifəsinə işə qəbul Təhsil Nazirliyinin təşkil etdiyi "Müəllimlərin İşə Qəbulu" qaydası ilə həyata keçirilir. Mən Seymur Nazarovdan ştat işi istəyirdim.
36 yaşım var, xəstə, işsiz valideynlərimdən hər gün bir manat almağa xəcalət çəkirəm. İşsizlik məni sıxır.
Seymur Nazarov tərəfindən aldadıldığım mənə çox pis təsir edir. Onun hərəkətləri məni intihar həddinə gətirib çıxarıb, artıq mən yaşamaq istəmirəm. Mən yaşlı, xəstə, heç bir yerdə işləməyən valideynlərimə maddi, mənəvi dəstək göstərməliyəm, onlardan bir manat almalı deyiləm.
Çox hörmətli Przident!
Mənim intihar etməyimə səbəbkar Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Fazil oğlu Nazarovdur. İnanıram ki, bu vəzifəli şəxs barəsində tədbir görüləcək, heç olmasa mənim o dünyada pozulmuş hüquqlarım bərpa olunacaq, ruhum rahatlıq tapacaq”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.