"İnstagram" 1300 porno aktyorun hesabını sildi - SƏBƏB...

Baxış sayı:
683

Bu il Instagram-da yüzlərlə porno ulduz və seks işçisinin hesabları silinib və bir çoxları deyir ki, geniş tanınan məşhurlardan fərqli olaraq onlara fərqli standartlarla yanaşılır.

"Mən İnstagram hesabımı Sharon Stone və ya hər hansı digər təsdiqlənmiş profilə uyğun olaraq modelləşdirə bilməliyəm, amma reallıq budur ki, bunu edəcəyim halda profilim silinəcək", - Porno Film Aktyorları Gildiyasının prezidenti və porno ulduzların Instagram-da qalmaq üçün başladığı kampaniyanın aparıcı simalarından biri olan Alana Evans deyir.

Alana Evans-ın qrupu Instagram tərəfindən hesablarının silindiyini iddia edən 1300 porno aktyorun siyahısını tutub. Həmin aktyorlar heç bir çılpaqlıq və seks səhnəsinin göstərilməməsinə baxmayaraq, məzmun moderatorları tərəfindən hesablarının sayt icmasının standartlarının pozulduğuna görə silindiyini iddia edirlər.

"Onlar dolanmaq üçün seçdiyimiz qazanc yolunu bəyənmədiklərinə görə bizi diskriminasiyaya məruz qoyurlar", - Alana Evans deyir.

Aparılmış kampaniya iyun ayında Instagram nümayəndələriylə görüşlə nəticələndi. Bu görüşün ardınca silinmiş hesablar üçün yeni apellyasiya sistemi yaradıldı. Lakin yay aylarında danışıqlar dayandırıldı və porno ulduzların hesablarının silinməsi davam etdirildi.

"Son damla"

Sentyabr ayında porno ulduz Jessica Jaymes vəfat etdikdən sonra onun hesabının silinməsi Alana Evans-ı xüsusilə məyus edib.

Jessica-nın hesabının silindiyini görəndə ürəyim əsdi. Bu, son damla idi", - o deyir.

900 mindən çox izləyicisi olan hesab sonradan bərpa olunub.

Porno aktyorların sözlərinə görə, 2018-ci ilin sonlarında, bir fərd və ya bir qrup fərd tərəfindən hesablar barədə sosial media platformalarına şikayətlərin göndərilməsi kimi əlaqələndirilmiş bir kampaniya başlandı - məqsəd həmin hesabların bağlanmasına nail olmaq idi.

Çox vaxt bunun ardınca təhqir mesajları şəklində təcavüz və hədə-qorxu gəlirdi.

"Omid" adı ilə tanınan anonim bir şəxs yüzlərlə hesabın silinməsinə nail olmaqla öyünürdü.

Porno aktyor və seks işçilərinin hüquqlarını müdafiə edən Ginger Banks kampaniyanın ilk hədəflərindən biri olub.

"300 mindən çox izləyicisi olan bir hesabı qurmaq üçün vaxt və səy sərf etdikdən sonra onun silinməsi sizdə məğlubiyyət hissi yaradır, - o deyir. - Hətta qaydalara əməl etsəniz də, hesabınız silinir. Və bu, məyusluğu yaradan amillərdən biridir."

Ginger Banks deyir ki, porno aktyorları və seks işçilərini sosial mediadan uzaqlaşdırmaq onları əhəmiyyətsizləşdirməyin başqa bir yoludur, çünki bu qruplar üçün əsas və bəzən, yeganə marketinq kanalı məhz sosial media platformasıdır.

"Bizi şikayət edənlər bununla qazancımıza təsir etdiklərini anlamırlar və ya buna əhəmiyyət vermirlər. Onlar hesab edirlər ki, biz bu işlə məşğul olmamalıyıq və ya ümumiyyətlə mövcud olmamalıyıq."

Texnoloji inqilab

Pornoqrafiya sənayesini dəyişdirən texnoloji inqilab yeni imkanlar açaraq və bir çox porno ulduz və seks işçilərinə vebkameralı saytlar, abunə xidmətləri və müxtəlif video platformalardan istifadə edərək müstəqil fəaliyyət göstərmələriinə imkan verib. Çoxları Instagram-dan özlərini və öz brendlərini nümayiş və reklam etdirmək üçün istifadə edir.

Pornofilmlər istehsal edən şirkətlər yeni səhnələri çəkərkən aktyorun Instagram hesabının izləyici auditoriyasının nə qədər böyük olduğunu da nəzərə alırlar. Bir aktyorun hesabı silindikdə, onun pərəstişkarları və əməkdaşlıq etdiyi şirkətlərlə də əlaqəsi kəsilir - bunun isə həmin ifaçının qazancına və və dolanışığına ciddi təsiri ola bilər.

Bir çox postlar təsəvvürə az yer saxlasa da, ifaçılar qaydaların qeyri-dəqiq olduğunu və onların yerinə yetirilməsinin mümkün olmadığını iddia edirlər.

Mühüm məqam isə ondan ibarətdir ki, məşhur ulduzlar öz səhifələrində özlərini porno aktyorlardan qat-qat artıq dərəcədə açıq-saçıq tərzdə nümayiş etdirirlər.

"Instagram-da açıq-saçıq şəkillər heç vaxt yerləşdirməmişəm. Ancaq uzunboğaz geyindiyimi göstərən şəkli kimsə olduqca ədəbsiz və şikayət yazmaq üçün kifayət qədər əsasverici saya bilər, - Ginger Banks deyir. - Biz istəyirik ki, bizi cəzalandırmamışdan əvvəl nəyin bədii təsvir, nəyinsə pornoqrafiya olduğunu müəyyənləşdirməyə imkan verək".

Facebook cavab verir

Instagramın sahibi olan Facebook-un nümayəndəsi BBC-yə deyib: "Belə bir qlobal miqyasda müxtəlifliyi ilə seçilən bir icmanı nəzərə alaraq məzmunun hər kəsə, xüsusən də gənclərə uyğun olmasını təmin etmək üçün biz çılpaqlıq və seksual məqsədli şirnikləşdirməyə dair qaydalar təsbit etməliyik.

Bu qaydalar pozulduğu təqdirdə bizə bildirilən məzmuna qarşı tədbir görəcəyik. Biz insanlara qərardan şikayət etmək imkanı veririk və səhvən silindiyi halda məzmunu bərpa edəcəyik."

Facebook-un icma qaydalarının son versiyasına görə, istifadəçilər "seksual ifadəli emoji", "seksuallaşdırılmış yerli jarqon dili" və ya digər məzmun və ya görüntülərdən istifadə edərək çılpaq şəkillər, seksual məzmun və ya seks-çat təklif və ya xahiş edə bilməzlər.

Lakin bu qaydaları tətbiq etmək üçün moderatorların istifadə etdiyi təlim materialları ictimaiyyət üçün açıq deyil. Seks işçiləri Facebook tərəfindən dünyanın ən mühafizəkar auditoriyası üçün məqbul olmağın ədalət və ifadə azadlığından daha yüksək tutulacağından ehtiyat edirlər.

Seks sənayesi sahəsində baş verən hadisələri və xəbərləri işıqlandıran XBIZ nəşrinin xəbərlər redaktoru jurnalist Gustavo Turner bunu "ən aşağı mənəvi ortaq məxrəc" adlandırır.

"Silikon Vadisində də auditoriyanı infantilləşdirməyə meylli olan bir mədəniyyət var, - o deyir. - Facebook hətta yetkin insanlar arasında seks-çatlarına dair ciddi qaydalar təsbit etdiyi halda Crushes adlı tanışlıq xidmətini istifadəyə verməyə hazırlaşır".

Tora düşmüş sənət

Təsiri hiss edən təkcə porno ulduzlar və seks işçiləri deyil. Yazıçı, şair və rəssam Rachel Rabbit White New York-dakı Leslie-Lohman Muzeyində Homoseksual Seks Əməyinin İnqilabi Bədii Sənəti adlı sərgidən şəkilləri öz səhifəsində paylaşdığına görə onun hesabı bağlanıb.

"Hörmətli bir sərgidən arxivə aid, çox əhəmiyyətli tarixi şəkilləri yerləşdirdim, - o deyir. - Mən açıq döş və ya cinsiyyət orqanlarının çılpaq təsvirinin olmamasına xüsusi nəzarət etdim. Ancaq bir neçə saatdan sonra hesabım bağlandı".

Sonradan onun hesabı bərpa olunub.

Dirək rəqqasəsi və bloqçu Bloggeronpole EveryBODYVisible kampaniyasının təşəbbüskarlarından biridir. Bu kampaniya Instagram-da bu yay dirək rəqsləri həştəqlərinə qarşı tədbirlər görəndən sonra başlanıb. #Poledancing (dirək rəqsi) və #femalefitness (qadın fitnesi) kimi həştəqlər axtarışa verilərkən sıfır nəticə alınıb. Platform daha sonra üzr istəyərək siyasətini dəyişdirib, lakin qaydaları poza bilən məzmunun paylaşımı üçün istifadə edilə bilən həştəqləri yenə də bloklamaqda və ya məhdudlaşdırmaqda davam edir.

Kampaniya iştirakçıları bunu aşırı senzura adlandırırlar.

Onların qənaətincə, bu, seks işçilərinə, seks maarifçilərinə və dirək rəqs icmasına qeyri-mütənasib dərəcədə təsir edir.

"Məşhurlar öz şəkillərini səhifələrində saxlaya bilir, amma biz bikinidə işlədiyimiz bir videonu belə paylaşa bilmirik, - Bloggeronpole deyir, - Hətta maarifləndirmə və ya bədən pozitivliyini artırmaq məqsədiylə o və ya bu şəkildə bədəninizdən istifadə etmək istəyirsinizsə, sosial mediada tətbiq edilən qaydalara görə artıq bunu edə bilməyəcəksiniz."

Londondakı digər bir dirək rəqqasəsi Cinderella Jewels, Instagramdan "dirək təcrübəsini" sərgiləmək üçün istifadə etdiyini, ancaq yaratdığı ilk hesabın silinməsi və axtarışlardan postlarının itməsinin onun işinə və özünəinamına mənfi təsir göstərdiyini deyir.

"Bu, sizi sanki insanların etdiklərinizə qarşı olduğu kimi, özünüzü sanki insanların dəstəyindən məhrum olunmuş kimi hiss etməyə məcbur edir", - o deyir.