“İcra hakimiyyətlərinin səlahiyyətləri bələdiyyə institutlarına verilməlidir”- QUBAD İBADOĞLU

Baxış sayı:
391

“Yerli idarəetmədə islahatların zəruriliyini  əsaslandırmaq üçün istinad etdiyim qənaətlərin və müşahidələrin düzgün başa düşülməməsi  və ya məqsədli şəkildə təhrif edilməsi səbəbindən  bu mövzuya yenidən qayıdıram. Öncə qeyd edim ki, əvvəlki  postda Elçibəy hakimiyyəti dövründə də yerində olmayan icra başçılarından bəhs etməklə, bu institutun hazırkı probleminin hakimiyyətlə  deyil, sistemlə əlaqəsini qurmaq istəmişəm”.
Bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.
“Bir daha qeyd edim ki, Elçibəy hakimiyyəti dövründə işində peşəkar və fəaliyyətində dürüst olan vətənpərvər icra başçıları indiyədək öz rayonlarında yaxşı nümunə olaraq qalırlar. Məsələn, İmişli rayon icra hakimiyyətinin başçısı İltizam bəy, Salyan rayon icra hakimiyyətinin başçısı Ədalət bəy. Əvvəlki postda da yazmışam, indi də yazıram ki, belələrinin siyahısı İltizam bəy və Ədalət bəylə bitmir.  Amma heç kəsə sirr deyil ki, o dövrdə məsuliyyətsiz və səriştəsiz hərəkətləri ilə rayonlarda Elçibəy hakimiyyətini gözdən salan icra başçıları da az olmayıb. Onları yada salmaq üçün Füzuli və Beyləqan rayon icra hakimiyyətlərinin başçılarını xatırlamaq bəhs edər. İndiki icra hakimiyyətlərinin başçıları ilə müqayisədə hətta onlar da təmiz və vətənpərvər hesab oluna bilər. Çünki  hazırkı hakimiyyətdən təyinat alan bütün icra başçılarının korrupsioner fəaliyyəti də göz qabağındadır. Odur ki, bir daha bildirmək istəyirəm, problemin həlli kadrların dəyişməsində deyil, islahatlardadır. Əvvəl də, indi də çatdırmaq istədiyim budur. Belə islahatın örnəkləri çoxdur, onlardan birini Ukraynanın timsalında  hazırda  orda yaşayan o dövrün nümunəvi icra başçılarından sayılan  Əli Quliyev və ya Elxan Nuriyev təqdim edə bilər”,-deyə ADR sədri əlavə edib.
Q. İbadoğlu bələdiyyə idarəçiliyinin beynəxalq təcrübəsindən çıxış edərək bildirib ki, ölkədə fiskal və inzibati əskmərkəzləşdirmə islahatlarının alternativi qalmayıb: “Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır. İcra hakimiyyətlərinin səlahiyyətləri azad və ədalətli seçkilərdə formalaşan bələdiyyə institutlarına verilməlidir. Problemin həlli buradadır. Amma onu da indi etmək mümkün deyil, çünki təyinatlı bələdiyyə ilə təyinatlı icra hakimiyyəti başçısının fərqi yoxdur”.