Əhmədli və Maştağada qazı belə oğurlayıblar... - FOTO, VİDEO

Baxış sayı:
1558

Azərbaycanda vətəndaşların və ayrı-ayrı sahibkarlıq obyektlərinin təbii qazdan qanunsuz istifadəsi hər il milyonlarla manat dəyərində yanacağın itkiyə getməsinə, yaxud məsələnin birbaşa mahiyyətini nəzərə alanda oğurlanmasına gətirib çıxarır. “Azəriqaz” İstehsalat Birliyi son zamanlar təbii qazdan qanunsuz istifadənin qarşısının alınması üçün dalbadal reydlər keçirir, çoxsaylı belə faktlar aşkar edir və müntəzəm olaraq vətəndaşları belə əməllərdən çəkinməyə çağırır. 

Təəsüf ki, son zamanlara qədər əhali arasında təbii qazdan qanunsuz istifadə hansısa təbii hal kimi qarşılanırdı və insanlar belə hallar barədə məlumat verməyi özlərinə sığışdırmırdılar. Baxmayaraq ki, qazdan qanunsuz istifadə maddi ziyanla yanaşı bu əməli törədənin özünün və qonşularının həyatını da riskə atır. Çünki qaz xətlərinə qanunsuz qoşulma qaz sızması hallarına və nəticədə, yanğına, partlayışa gətirib çıxara bilər.

“Azəriqaz” İB-nin mətbuat xidmətindən bildirildiyinə görə, aparılan təbliğatın, maarifləndirmənin nəticəsi olaraq artıq vətəndaşlar belə hallar barədə xəbər verməyə başlayıblar. Belə ki, Xətai rayonu Əhmədli qəsəbəsi, 1-ci Əhmədli küçəsində 64 saylı orta məktəbin yaxınlığında yaşayan vətəndaş (ad çəkilmədən) qonşusunun qanunsuz əməlləri barədə “Azəriqaz” İstehsalat Birliyinin 104/185 saylı operativ Çağrı Mərkəzinə məlumat verib. 

O, qonşusunun dəfələrlə qaz xəttinə qanunsuz birləşmə apardığını və qaz təsərrüfatı işçiləri tərəfindən həmin qoşulmanın dəfələrlə kəsildiyini bildirib. Lakin bu hərəkət yenidən təkrarlanıb. 

“Çağrı Mərkəzinə daxil olan fotolardan da görünür ki, vətəndaş qarşısına çıxa bilən real təhlükədən çəkinmir və bunun nəticələrinin ağır olacağını göz önünə gətirmir. Kustar üsulla qanunsuz qaz birləşməsi aparır. “Azəriqaz” İstehsalat Birliyi olaraq bir daha xəbərdar edirik ki, istənilən şəxs bu cür hərəkətlərdən çəkinməlidir. Belə durumlarda cüzi qaz sızması belə sizin həyatınız üçün ciddi təhlükə yarada bilər. Qazdan yalnız normal şəkildə, Birliklə bağlanılan müqavilə əsasında abonent statusu aldıqdan, fərdi yaşayış evi və ya mənzildə sayğac quraşdırıldıqdan sonra istifadə etmək lazımdır. Bu fakt üzrə “Azəriqaz” İstehsalat Birliyi dərhal tədbirlər görməklə növbəti dəfə qanunsuz qoşulmanı ləğv edib. İnanırıq ki, haqqında danışılan vətəndaş bu hərəkətini bir daha təkrarlamayacaq”,-”Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Səfərov virtualaz.org-a bildirib.

Daha bir fakt isə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Gecə reydləri zamanı məlum olub ki, qəsəbə sakini qaz xəttinin altına dirək yaradırmış kimi daşlar düzərək manevr edib. Əslində o, həmin daşların hamsının içərisini yonaraq, nazik rezin boru ilə qazı oğurlamaqla məşğul olub. 

“Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki,  Daxili İşlər Nazirliyinin dəstəyi ilə artıq qanunsuz qoşulmalara dair birgə reydlər keçirilir. Yəni bu cür qanunsuz hərəkətlərə yol verənlər barədə ciddi tədbirlərin görüləcəyi qaçılmazdır”,-C.Səfərov deyib.

O, yuxarıda sadalanan faktlara dair fotoları və videokadrları da redaksiyamıza təqdim edib.

Virtualaz.org

https://www.facebook.com/azeriqazaz/videos/235934134221798/