Həbsdəki 70 yaşlı elmlər doktoru dünyasını dəyişib - “Dedim ki, heç olmasa buraxın atamı, evində ölsün…”

Baxış sayı:
1457

Bu ilin iyun ayında redaksiyamıza müraciət edən Bakı şəhəri, Xətai prospekti ev 38, mənzil 8-də yaşayan Aqil Səfərov 70 yaşlı atası, iqtisad elmləri doktoru və 2-ci qrup əlil Müstəcəb Mustafa oğlu Səfərovun ahıl yaşında şərlənərək həbs olunduğunu iddia etmişdi. A.Səfərov bildirirdi ki, atası 8 il bundan əvvəl – 2011-ci ildə guya Əliyeva Zərifə Əli qızı adlı xanımın etibarından sui-istifadə etməklə, onun 250 min ABŞ dolları pulunu alaraq, bu günə qədər geri qaytarmamaqda günahlandırılır.

Şikayətçi bildirmişdi ki, Nizami Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Ramil Əliyev sadəcə Z.Əliyevanın şikayət ərizəsi və Nuşirəvan Əliyev adlı şəxsin yalançı şahidliyi əsasında, heç bir başqa sübut olmadan M.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsilə (dələduzluq) cinayət işinin başlanması barədə qərar verib. A.Səfərovun dediklərindən belə məlum olurdu ki, Quba rayonu ərazisində onun atasına aid 20 sot torpaq və onun üzərində bir neçə köhnə kotec tipli tikili olub. Həmin yer “Afurca” istirahət mərkəzi adlanıb. Z.Əliyeva şikayət ərizəsində bildirib ki, guya hansısa yas məclisində tanış olduğu Müstəcəb Əliyev ona təklif edib ki, ümumilikdə həmin yerin sənədləşdirilməsinə çəkməli olduğu 500 min dollar(!) xərcin yarısını ona verərsə, Z.Əliyevanı bu yerə özünə şərik edəcək. İddiaçı bildirib ki, həmin vəsaiti 2011-ci ildə Bakı şəhərində M.Səfərova verib.

M.Səfərovun adından baş prokuror Zakir Qaralova, həmçinin Bakı şəhər və Nizami rayon prokurorlarına ünvanlanan vəsatətdə isə deyilirdi ki, Z.Əliyevanın iddiaları tamamilə yalan, şər-böhtandır və müstəntiqin iştirakı ilə ona qarşı qurama cinayət işi açılıb. O, iddia edirdi ki, qarşı tərəfin məqsədi nə yolla olursa olsun atasının Qubadakı istitrahət mərkəzinin satışından əldə etdiyi pulu onun əlindən almaqdır. Və bu işdə iddiaçı tərəfin hüquq-mühafizə orqanlarındakı havadarlarının da xüsusi rolu var.

Həmin vaxtdan həbsdə saxlanılan M.Səfərovun səhhəti kəskin şəkildə pisləşib və hətta komaya düşüb. Belə ki, M.Səfərovun oğlu Aqil Səfərov “AzPolitika.info”ya yenidən müraciət edərək, 70 yaşlı atasının oktyabrın 8-də kəskin miokard infarktı, ardınca da mədə-bağırsaq qanaxması keçirdiyini bildirmişdi. M.Əliyev çoxsaylı problemlər, xəstəliklər səbəbindən uzun müddət Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə yerləşdirilib. Lakin həmin müəssisədə ağır xəstəliklərdən əziyyət çəkən M.Səfərovun müalicəsini aparmaq mümkün olmayıb. “MediStyle” klinikasına yerləşdirilən M.Səfərovda kəskin miokard infarktı aşkar edilib və 4 damarı dəyişdirilib. Lakin 70 yaşlı xəstənin qarın boşluğunda mədə-bağırsaq qanaxması nəticəsində böyük miqdarda qan yığıldığından, əsas müalicənin davam etdirilməsi mümkün olmayıb.

23

Bütün bunları nəzərə alaraq, M.Səfərovun oğlu A.Səfərov işi aparan Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədova müraciət edərək, atasının heç olmasa istintaq dövründə ev dustaqlığına buraxılmasını xahiş edib. Lakin onun bu xahişi nəzərə alınmayıb. Bu gün növbəti dəfə redaksiyamıza müraciət edən Aqil Səfərov “onlara dedim ki, heç olmasa buraxın atamı, öləndə də evində ölsün. Buraxmadılar. Nəticədə atam dünyasını dəyişdi” deyə bildirdi. A.Səfərov atasının şər-böhtanın, iftiranın və ona qarşı iddia qaldıran tərəflə hüquq-mühafizə orqanlarının birgə əməlinin qurbanı olduğunu bildirir. O, həmçinin vəfat etməsinə baxmayaraq, məhkəmədən atasına bəraət almaq üçün sonadək mübarizə aparacağını deyir.

Xatırladaq ki, bir neçə gün öncə A.Səfərov süni nəfəs aparatına qoşulan və həyatı təhlükədə olan 70 yaşlı atasının başına gətirilənlərlə bağlı ölkə başçısı İlham Əliyevə də teleqramla müraciət etmişdi. Müraciətdə ahıl yaşında olan atasının azadlığa buraxılması üçün Prezidentdən yardım istəyən A.Səfərov əks halda onun ölümünün ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarının üzərində qalacağını bildirmişdi./azpolitika.info/