Həbs edilən icra başçısı rayonu belə talayıb – FAKTLAR VƏ FOTOLAR

Baxış sayı:
598

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı icra başçısı ilə birgə həbs edilən 10 nəfər vəzifəli şəxsdən sonra Neftçala sükuta qərq olub.

İcra hakimiyyətinə gələn-gedən yoxdur, İ.Vəliyevin yerinə təyinat olmadığına görə onun səlahiyyətlərini kimin icra etdiyi də bilinmir.

Öyrəndik ki, indi Neftçala İH-də çalışanlar, o cümlədən bələdiyyə sədrləri, icra nümayəndələri təşviş içindədirlər. DTX-nın əməliyyatından sonra onların istintaqa cəlb olunduğu bildirilir.

Araşdırma zamanı məlumat aldıq ki, bələdiyyə sədrləri və icra nümayəndələri İsmayıl Vəliyevə verdikləri rüşvət iddiaları ilə bağlı şahid qismində ifadə verirlər, hazırda bu məsələlər araşdırılır.

İddialar səslənir ki, həbsindən bir müddət əvvəl icra başçısına qeyri-rəsmi şəkildə xəbərdarlıq olunub. İ.Vəliyevə deyilibmiş ki, şələ-şüləsini yığışdırsın, könüllü şəkildə istefa ərizəsini yazıb ölkə rəhbərliyinə təqdim eləsin.

Amma Neftçalanın İH başçısı ismarışları qulaqardı edib, yerinə kimlərinsə göz dikdiyini fikirləşib və öz aləmində oyuna getməyəcəyini qərarlaşdırıb.

Çünki İ.Vəliyev sonluğun belə olacağını gözləməyib və işinə davam edib. Nəticədə antikorrupsiya əməliyyatı ilə qandallanıb.

İndi Neftçala İH-də "lələ köçüb, yurdu qalıb..." Bildirilir ki, İH-də işləyənlərə və bələdiyyə sədrlərinə, o cümlədən İ.Vəliyevlə əlaqəsi olanlara rayonu tərk etməmək tapşırılıb. Deyilənə görə, icra başçısının aldığı rüşvətin ən böyük məbləği 3000-5000 manat imiş. Bu bölgə kasıb olduğu üçün elə də iri pullar dövr etmirdi.

Camaat isə tezliklə yeni icra başçısı təyin olunacağını gözləyir. Sakinlərin sözlərinə görə, bundan sonra Neftçalaya təyinat alacaq kadr istər-istəməz işləməyə, əhalini dinləməyə, problemlərini həll etməyə can atacaq.

İ.Vəliyevin dövründə isə Neftçala zərrə qədər inkişaf etməyib, abadlıq-quruculuq işləri aparılmayıb. Rayonun 6, 7 və 8-ci küçələri adlanan ərazilərində yollar bərbad gündədir, dağılıb-tökülüb, rayonun mərkəzi yağış yağanda bərbad vəziyyətdə olur, küçələr palçığın içində batır.

Ümumiyyətlə, Neftçalada yol infrastrukturu, su-kanalizasiya sistemi bərbad gündədir. Bu illər ərzində İ.Vəliyev əlini ağdan qaraya vurub nə küçələri asfalt etdirib, nə su-kanalizasiya probleminə əncam çəkib.

Sakinlər bildirirlər ki, Kürün sahilində yerləşən Neftçalada su probleminin olması tragikomediyadır: "Su problemi dəhşətdir. Kürün sahilində yaşayan rayon yayda susuzluqdan əziyyət çəkir. Təsəvvür edirsiniz bunu?

Çünki normal su xətləri yoxdur. İndi Şirvandan Salyan vasitəsi ilə Neftçalaya yeni su xətti çəkirlər. Görək, ondan sonra necə olacaq".

Əhali işsizlik probleminin də olduğunu söylədilər. Sakinlər deyirlər ki, yeni yaradılan sənaye məhəlləsindən başqa normal iş yeri yoxdur. Hətta Yod-brom zavodu da yarımçıq işləyir.

Sakinlər deyirlər ki, həbs edilən başçının dövründə Neftçalada heç bir rayonda olmayan məmur özbaşınalığı varıydı. Həm sahibkarları incidirdi, həm vətəndaşların müraciətlərinə baxılmırdı.

İ.Vəliyevi əhaliyə qarşı saymazlığı həm narazılıq yaradırdı, həm də rayona kosmetik olsa belə əl gəzdirilməmişdi. Yəni büdcə pulları mənimsənilib.

Elə ona görədir ki, icra başçısı özünə biznes kəhkəşanı qurmuşdu, hətta eşşək ferması açmışdı. Öyrəndik ki, ferma "gözdən uzaq, könüldən iraq", Neftçalanın mərkəzindən xeyli aralıdakı "Xol yolu" deyilən ərazidə yerləşir.

Bu fermada 200-dən çox eşşək saxlanıldığı deyilir. Deyilənə görə, həm də keçi ferması olub.

Rayondakı "Yurdum" restoranı da Vəliyevə məxsusdur. Bundan əlavə, rayon sakinlərinə məxsus 1000 hektarlarla torpaq sahələrini özəlləşdirib.

Həmin ərazilərdə müxtəlif növ taxıl bitkiləri əkilir. Rayonun Qaramanlı kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodunu da Vəliyev özəlləşdirib.

Rayona xeyli sayda ağır texnikalar, yük maşınları, təsərrüfat sahələrində istifadə olunan traktorlar gətirərək, onları icarəyə verib. Hətta balıq ovlamaq üçün qayıqlar, su motorları və bu sahəyə aid müxtəlif avadanlıqları alaraq, icarəyə verib.

Beləliklə, Neftçalada Vəliyev dövranı bitdi, insanlar isə yüksək potensialı olan bu regiona dövlətin xüsusi diqqət ayıracağına inanır.

Xatırladaq ki, DTX-nin fevralın 20-də keçirdiyi əməliyyatdan bir neçə saat sonra prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Vəliyev vəzifəsindən azad edilib. Həbslərlə bağlı yayılan rəsmi məlumatda deyilir ki, Neftçala İcra Hakimiyyəti vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verilib./Musavat.com

Həbs edilən icra başçısı rayonu belə talayıb – Faktlar və Fotolar

Həbs edilən icra başçısı rayonu belə talayıb – Faktlar və Fotolar

Həbs edilən icra başçısı rayonu belə talayıb – Faktlar və Fotolar

Həbs edilən icra başçısı rayonu belə talayıb – Faktlar və Fotolar

Həbs edilən icra başçısı rayonu belə talayıb – Faktlar və Fotolar