Gürcüstanın arzusu “Gürcü Arzu”suna qarşı - qonşu ölkə çalxalanır...

Baxış sayı:
352

Tiflisdə erkən seçki və proporsional sistemin tətbiqi tələbi ilə nümayişlər keçirilir, parlament binası blokadadadır, ABŞ və Aİ etirazları dəstəkləyir, hökumət isə müxalifətlə dialoqdan imtina edir

Gürcüstan yenə qarışıb. Qonşu ölkə siyasi kataklizmlərin burulğanından çıxa bilmir. Bu dəfə Gürcüstan parlamenti seçki qanunvericiliyi ilə bağlı konstitusion düzəlişlər etmir deyə ölkədə mitinqlərə start verilib.

Etirazçılar hakimiyyətə üç tələb irəli sürürlər: erkən parlament seçkiləri, seçkidən əvvəl mövcud hakimiyyətin istefası və iyun mitinqlərində tutulanların hamısının sərbəst buraxılmasıdır.

 

Gürcüstan hökuməti etiraz aksiyalarına baxmayaraq, növbədənkənar parlament seçkiləri təyin etməyəcəyini açıqlayıb.

Hakim “Gürcü Arzusu” Partiyasının baş katibi, Tiflisin meri Kaxa Kaladze rəqibləri seçkilərə hazırlaşmağa dəvət edib.

georgia protesto ile ilgili görsel sonucu

Baş katib, həmçinin, müxalifət tərəfdarlarının fəaliyyətini destruktiv adlandırıb və bu cür fəaliyyəti dayandırmayacağı halda, hökumətin müvafiq qərarlar qəbul edəcəyini bildirib. Mer hakim partiyanın müxalifətlə hər hansı müzakirə, dialoq aparmaq niyyətində olmadığını da söyləyib.

Bu arada Gürcüstanın Daxili İşlər Nazirliyi aksiyaçıları parlamentin girişlərini bloklamağı dayandırmağa çağırıb.

Sənəddə qeyd olunub ki, parlamentin fəaliyyətinə müdaxilə qanunla qadağan edilib. Gürcü polisi bildirib ki, inzibati orqanların bloklanması cəhdlərinə istənilən halda müvafiq qaydada reaksiya verəcək.

“Gürcüstan hakimiyyətini və müxalifəti böhranı aradan qaldırmaq və inamı bərpa etmək üçün ümumi yollar tapmağa çağırırıq”. Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyinin və ABŞ səfirliyinin birgə bəyanatında belə deyilir. Bəyanatda bildirilib ki, ABŞ və Aİ Gürcüstanda islahatların uğursuz olması səbəbindən əhalinin böyük bir hissəsinin məyusluğundan xəbərdardır: “Mövcud vəziyyəti nəzərə alaraq, məqbul yol tapmaq üçün hökumət, bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti arasında dialoq yolu ilə etimadın bərpası üçün dərhal işə başlamağı zəruri sayırıq”.

georgia protesto ile ilgili görsel sonucu

Diplomatik nümayəndəliklər dinc nümayişçilərin hüquqlarını və ifadə azadlığını tam dəstəkləyib.

“Biz bu hüquqdan istifadə edən bütün tərəfləri məsələni qanuni və konstitusiya çərçivəsində həll etməyə, ölkənin maraqlarına uyğun davranmağa çağırırıq” deyə, bəyanatda vurğulanıb.

Yerli televiziyaya müsahibəsində Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili deyib ki, müxalifət öz məqsədinə çatmaq üçün gərək bir yerdə qalsın, amma bu mübarizə bir-iki günə nəticə verməyəcək. “Taktika mənim üçün vacib deyil. Müxalifətin birliyinin pozulmaması üçün əsas məsələ strateji hədəfdir. Bu, müxalifətin dəyərlər ətrafında birləşdiyi ilk haldır” - deyə, o bildirib.

Marqvelaşvili Gürcüstanda seçki reformunun uğursuzluğunu fırıldaqçılıq adlandırıb. O, vətəndaşların “Gürcü Arzusu” Partiyasının təhqiri ilə barışmaması gərəkdiyini bildirib: “Mən İvanişvili və ”Gürcü Arzusu"nun vəkili deyiləm. Fakt budur ki, fırıldaqçılıq olub. Budəfəki fırıldaqçılıq təhqiramiz olub. Gürcü xalqına bildirildi ki, siz bizi maraqlandırmırsınız, siz bizim üçün vacib deyilsiniz. Əgər cəmiyyət bunu qəbul etsə, o zaman biz heç bir şikayət etməməliyik".

Qonşu ölkədə parlament seçkiləri 2020-ci ilin oktyabrında qarışıq sistem üzrə keçiriləcək. 2024-cü ildən etibarən isə seçkilərin proporsional sistem üzrə təşkil olunması nəzərdə tutulub.

***

, Saakaşvilinin partiyasından olan Azər Süleymanov ile ilgili görsel sonucu

Gürcüstan parlamentinin azərbaycanlı deputatı, Saakaşvilinin partiyasından olan Azər Süleymanov “Yeni Müsavat”a bildirdi ki, etirazçıların tələbləri tam haqlıdır.

Onun sözlərinə görə, bir neçə ay qabaq baş nazir, hökumət rəsmiləri seçki qanunvericiliyinə dəyişikliyi dəstəkləmişdilər: “Majioritar seçki sistemindən proporsional sistemə keçməliydik. Amma İvanaşvili və komandası xalqla teatr tamaşası oynadılar. Konstitusion dəyişiklik lazım idi. Bu da etirazlara səbəb oldu. İvanaşvilinin bir il ərzində verdiyi vədlərin heç biri yerinə yetmədi. Gürcüstanı bir oliqarx ələ alıb, şəhərləri, biznesi, torpaqları alıb, indi də hüququmuzu, canımızı almaq istəyirlər. Ona görə də xalq erkən seçki tələb edir və proporsional seçki sisteminin tətbiqini istəyir. Bu müddətdə baş nazir istefa verməlidir, müvəqqəti hökumət qurulmalıdır. Seçkidə kim qalib gəlsə, onda hökumət yenidən formalaşar. Çünki İvanaşvili kriminal dəstə saxlayır”.

A.Süleymanov ölkədə iqtisadi vəziyyətin ağırlaşdığını da qeyd etdi: “200 mindən çox uşaq aclıq keçirir. Minlərlə insan qəpik-quruşa başqa ölkələrdə işləyir, Gürcüstanda kriminal rejim yaradılıb”.

Deputat hazırda polisin aksiyaları dağıtmağa hazırlaşdığını əlavə etdi: “Parlamentin qarşısında bloklar qoyulub, deputatlar içəri buraxılmır. Heç kim geri durmaq istəmir. Bu, artıq Saakaşvili-İvanaşvili məsələsindən çıxıb.

Vaxtilə bir masada əyləşməyən siyasi qüvvələr, bir-birinə daş atanlar indi bir yerdə əyləşir, eyni hədəfə qarşı mübarizə aparırlar. Sonda isə Gürcüstan əhalisi qazanacaq. Bir oliqarx Gürcüstanı, gələcəyimizi əlimizdən ala bilməz. Onun verdiyi boş vədlərdi. Özlərinə xaricdə villalar, malikanələr qurublar, dövlət yaddan çıxıb. Saakaşvili isə xalqa ümid vermişdi".

A.Süleymanov aksiyaların avanqardının gənclərdən ibarət olduğunu açıqladı: “İvanaşvili yuxuda Saakaşvilini görür. Aparıcı deputatlar belə istefa veriblər, ətrafından uzaqlaşıblar. Əgər seçki olsa, çoxluqda bizik”.

Hakim partiyanın azərbaycanlı deputatı Mahir Dərziyev isə qəzetimizə dedi ki, Gürcüstanın yeni konstitusiyası qəbul olunub və bu dəyişiklik ölkənin demokratikləşməsində nailiyyətin yekunudur.

Onun sözlərinə görə, müxtəlif vaxtlarda qəbul edilmiş majoritar və proporsional seçki sistemləri olub: “Bu gün 77 deputat proporsional, 73 deputat isə majoritar sistemlə seçilib. Hər iki sistemin tərəfdarı və əleyhdarı var. Müxtəlif ölkələrdə fərqli baxışlar ola bilər”.

M.Dərziyev ile ilgili görsel sonucu

M.Dərziyev Saakaşvili iqtidarı dövründə ölkədə qeyri-demokratik seçkilər keçirildiyini yada saldı: “Digər partiyalara parlamentə düşmək imkanı verilmirdi. Yeni iqtidar bu şansı verdi. Yəni həm majoritar, həm proporsional yolla deputat seçilənlər var.

2020-ci ildə qarışıq seçki sistemi olmasına, 2024-də isə proporsional sistemin tətbiqinə qərar verilib. Bu yay aksiyalar oldu, dərhal proporsional sistemə keçid tələb edildi.

 

Hökumət də razılaşdı, konstitusiya komissiyası yaradıldı, keçən həftə parlamentə təqdim edildi. Amma 101 nəfər əleyhinə səs verdi və qanun layihəsi keçmədi. Mənim üçün təəssüf doğuran haldır.

Mən proporsional sistemin lehinə səs vermişəm. Amma parlamentin mövqeyinə hörmət etməliyik, bunu faciə kimi qiymətləndirmək olmaz. Sanki demokratiyanın sonudur.  Onsuz da 2024-cü ildə proporsional seçki sistemi olacaq. Sadəcə, müxalifət fürsəti əldən buraxmazdı, aksiyalar gözlənilən idi. Ölkəmizdə də toplaşmaq azadlığı var, vətəndaşların etiraz etmək hüququna hörmət edirik.

Amma ictimai asayiş pozulmamalıdır, inzibati binalardan aralıda keçirilməlidir. Bunların heç birinə əməl edilmir, parlament binası blokadadır, qum dolu kisələrlə barrikada qurublar.  Müxalifətin ssenarisi hadisələri dramatikləşdirməkdir. Amma bütün bunlar daxili mətbəximizdir, Avropada və Amerikada tərəfdaşlarımız də demokratik inkişaf üçün bəyanat verdilər.

Kənardan müəyyən qüvvələr ola bilər. Amma ölkəmizin daxili işidir. İndi müxalifət seçkidə alman modelini tələb edir. Lakin ciddi müzakirəyə çıxarmayacağıq. Çünki təzədən konstitusiyaya dəyişiklik olmalıdır. Buna da imkanlar yoxdur".//musavat