GÖYÇAYIN KANALİZASİYA SULARI MOLLACƏLİLLİ KƏNDİNƏ AXIDILIR – Sakinlər üfunətdən kənddə yaşamağın mümkünsüz olduğunu deyirlər

Baxış sayı:
1651

Göygöl rayonunun sakini Quluyev İman Qəmbər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Yaşadığım Göygöl rayonu, Mollacəlilli kəndində Göygöl Su-Kanal və Kanalizasiya İdarəsinə məxsus tullantı suların təmizlənməsi qurğusu fəaliyyət göstərir. Bu qurğu işə başladığı gündən kəndin ümumi bəlasina çevrilib.
Belə ki, rayondan axıdılan çirkab sular heç bir filtr qurğusundan keçirilmədən, birbaşa kəndin otlaq və örüş sahələrinə axıdılır. Bundan əlavə, hətta Kanalizasiya sularından yığılan nəcis artıqları belə, yenə də heyvanların örüş sahəsinə tökülür. Üfunət qoxu, rəzil və acınacaqlı mənzərə, ağcaqanad və kamar hər yanı bürüyüb.
Sözügedən problemlə bağlı dəfələrlə qurğunun rəisi Almədədov Azərə, Mollacəlilli kənd Bələdiyyəsinin sədri Ramiz Tağıyevə və icra nümayəndəsi Məmməd Məmmədova, xüsusilə Göygöl Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Vüqar Hüseynova vəziyyətin nə qədər dözülməz olduğunu söyləsəm də, heç bir fayda verməmişdir. Sözügedən problemlə bağlı kənddə epidemiya pik həddinə  çatıb. Aidiyəti şəxslərin problemə laqeyd qalmaları burada yüzlərlə narazı kütlə yetişdirib. Kənd sakinlərinin səbrləri ilə oynayırlar. Özü də belə bir çətin vaxtda, pandemiyanın hökm sürdüyü və tüğyan etdiyi zamanda heç bir şikayətə əhəmiyyət vermirlər.
Sizdən bu mövzuda dəstək və kömək gözləyirik. İndi ümidimiz bircə sizsiniz. Həqiqətən də bizə sizin köməyiniz lazımdır. Xahiş edirik, köməyinizi bizdən əsirgəməyin”.
Muxalifet.az
Redaksiydan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.