GORANBOY TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ HAQQINDA ŞOK İDDİALAR – "Seymur Nazarov özünə xəsarət yetirərək, qollarındakı şah damarlarını kəsib..."

Baxış sayı:
689

Keçmiş müəllim Neman Eminov: “İcra başçısı Məhərrəm Quliyev bildirdi ki, mən Seymur Nazarovu tanımıram, sadəcə…”

“Goranboy rayonunda təhsil qanunları deyil, “bazar qanunları" hökm sürür”

Goranboy rayonu Qızılhacılı qəsəbə sakini, keçmiş müəllim Neman Bayram oğlu Eminov tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.  Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Təhsil naziri Emin Əmrullayevə müraciət edən şikayətçi yazır:
“Mərhum prezidentimiz Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir". Millətin gələcəyi olan təhsilə (Təhsil Şöbəsinə - red.) Goranboy rayonunda 05.08.2021-ci il tarixindən Seymur Fazil oğlu Nazarov rəhbərlik edir. Seymur Nazarov kimdir?
Seymur Nazarov Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, 2 saylı tam orta məktəbdə “Fransız dili” müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Sonradan müəyyən səbəblərə görə müəllim vəzifəsindən azad olunaraq, Rusiya Federasiyasının bazarlarının birində ticarətlə məşğul olmağa başlayıb. Deyilənə görə, kələm alverçisi olub.
Seymur Nazarov RF-dan qayıtdıqdan sonra Goranboy rayonunun kənd məktəblərinin birində psixoloq vəzifəsinə təyin edilib. Paralel olaraq Goran stansiyasında yerləşən mağazaların birində ticarətlə məşğul olmağa davam edib. Sonra Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində direktorun təşkilatçı müavini vəzifəsində və Ballıqaya kənd ümumi orta məktəbində direktor vəzifəsində çalışıb.
Təəssüf hissi ilə deyirəm ki, Goranboy RTŞ-nə müdir vəzifəsinə təyin edilən Seymur Nazarov özünə xəsarət yetirərək, qollarındakı şah damarlarını kəsib. Özünə xəsarət yetirən, damarlarını kəsən necə ola bilər ki, bu gün Goranboy RTŞ-nə müdür vəzifəsinə təyin edilib? Normal insan özünə xəsarət yetirərmi? Nə səbəblərdən insan özünə xəsarət yetirir?

Nəzərinizə çatdırım ki, yuxarıda qeyd etdiyim məsələlərlə bağlı 16.08.2021-ci il tarixində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qəbulunda oldum və aşağıdakı məsələləri də bu rayonun icra başçısının diqqətinə çatdırdım. Bildirdim ki, ixtisası texnologiya müəllimliyi olan informatika fənni üzrə lobarant, ixtisası ibtidai sinif müəllimliyi olan kimya fənni üzrə lobarant vəzifələrində çalışırlar. Baza təhsili texnoloq olan, yenidənhazırlanma təhsili ilə ibtidai sinif müəllimliyi ixtisasına yiyələnən müəllimə 65 yaşını bitirən ibtidai sinif müəlliməsinin sinfini müdirin göstərişi ilə alıb. Həmin bu texnoloq ibtidai sinif müəlliməsi Seymur Nazarovun qohumudur.
Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, 1 saylı tam orta məktəbinin 2018-ci ildən direktoru vəzifəsində çalışan Qabil Həsənov 2019-cu ilin fevral ayında mənim etdiyim şikayət əsasında aparılan yoxlamaların nəticəsinə görə xəbərdarlıq, təşkilatçı müavini Həvayət Həsənova töhmət almışlar. Qabil Həsənov bu məktəbin pedaqoji və texniki heyətinin bir qismindən müəyyən adlarla pul aldığını, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxtakarlıqlar etdiyi üçün 2021-ci ilin avqust ayında barəsində Goranboy rayon prokurorluğunda araşdırılma aparılır, direktor vəzifəsindən azad olunması ilə bağlı Təhsil nazirliyinə təqdimat göndərilib. Töhməti olanı, məktəb direktoru Qabil Həsənovun etdiyi saxtakarlıqlara şərait yaradan təşkilatçı müavin Həvayət Həsənovanı Seymur Nazarov öz şəxsi maraqları üçün Qabil Həsənovun yerinə direktor təyin edib.
Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, 2 saylı tam orta məktəbinin direktoru İradə Həsənova kimdi? İradə Həsənova bu məktəbdə uzun müddət direktorun tədris işləri üzrə müavin vəzifəsində çalışıb. Yol verdiyi ciddi nöqsanlara, saxtakarlıqlara, xüsusilə saxta sinif komplektləşdirilməsi yaratdığına görə, xüsusi qərarla tədris işləri üzrə direktor müavini vəzifəsindən azad olunub, məktəbin ƏMR və pedaqoji şura kitablarında var. Barəsində olan xüsusi qərar gizlədilib, Goranboy RTŞ-nin sabiq müdiri tərəfindən Təhsil Nazirliyinin təşkil etdiyi "Direktorların İşə Qəbulu" müsabiqə, müsahibə mərhələsinə göndərilib. Sabiq müdirin şəxsi maraqları əsasında İradə Həsənova Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbinə direktor vəzifəsinə təyin olunub. Yeni müdir Seymur Nazarov bu qanunsuzluqları bilərək, "kadr islahatı" aparmaq əvəzinə, vəzifə öhdəliklərini yetirə bilməyənlərə yüksək vəzifə verir.
Seymur Nazarov Təhsil Nazirliyinin şöbə müdiri və Goranboy RTŞ-nin müdiri vəzifəsində çalışmış obyektiv, ədalətli, peşəkar pedaqoq Ağababa İbrahimovun dövlət sənədləri saxta olduğunu müəyyənləşdirdikdən sonra təhsildən uzaqlaşdırdığı kadrları Təhsil Şurasına üzv seçir, bəzisini özünə müşavir, bəzisini özünə “agent” vəzifələri təyin edərək ətrafını toplayır.
İcra başçısı Məhərrəm Quliyev qəbulunda olanda mənə bildirdi ki, Seymur Nazarovu tanımıram, sadəcə mənə təklif etdilər, mən də təqdimatını nazirliyə göndərdim, RTŞ-nə müdür təyin etdim. Sual olunur, ay cənab başçı, tanımadığınız kadrı nə səbəbə millətin gələcəyi olan təhsilə müdir təyin edirsiniz?
Sizdən xahiş edirəm, yuxarıda qeyd etdiklərimi nəzarətinizə götürəsiniz, obyektiv araşdırılma aparılması üçün tapşırıq verəsiniz.
İnanıram ki, tezliklə Goranboy rayon təhsili Seymur Nazarov kimi kadrın əlindən alınacaq, bu rayonun təhsilinə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən bir ziyalı rəhbərlik edəcək”.
Şikayətçi sonda onu da yazır ki, 16.09.2021-ci il tarixində Goranboy Rayon İcra Hakimiyyətinin icra başçısı Məhərrəm Quliyevin qəbulunda olub. İşlə təmin olunmağı üçün RTŞ-nin müdiri Seymur Nazarova tapşırıq verəcəyini bildirib və işə qəbul məsələsinin həll edilməsinə nəzarəti RİH-nin şöbə müdiri Sərdar Sadıqova tapşırıb. “O gündən bu günə nə mənim işlə təmin olunmaq məsələmə baxılmır, nə də Sərdar Sadıqov mənimlə əlaqə yaratmır, zənglərimə cavab vermir. Bir sözlə, süründürməçilik edilir, hüquqlarım pozulur. İki ali təhsilim var, işsiz qalmışam”, - deyə Neman Eminov bildirir.

Muxalifet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.