GƏNCƏ SƏMASINDAN DÜŞMƏNƏ GÖZDAĞI – Bu dəfə istiqamət başqadır...

Baxış sayı:
542

Bu dəfə Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü təkcə əlamətdar tarixi gün kimi qeyd olunmadı. İyul ayında Tovuz istiqamətindəki hərbi toqquşmalar və Qarabağ problemi ətrafında yaranan hazırkı mürəkkəb durum Bakının işğaldan azad olunması kimi tarixi hadisənin ildönümünü müasir şərait baxımından daha vacib və aktual tədbirə çevirdi.
 
Məlum olduğu kimi, bu tarixi gün münasibətilə bir sıra mərasimlər keçirildi. Bakıda və Gəncədə şəhidlərin xatirəsi ehtiramla yad olundu. Bakıda Şəhidlər Xiyabanı və Türk Şəhidliyi ziyarət olundu və sair. Lakin bütün bu tədbirlərin sırasında ən önəmlisi və diqqət cəlb edəni, sözsüz ki, Gəncədə və Naxçıvanda Azərbaycan və Türkiyə hərbi təyyarələrinin nümunəvi uçuşu oldu. Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olundular.
 
Əslində, Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları iki qardaş ölkə arasında strateji müttəfiqliyinin növbəti parlaq təzahürü oldu. Buna təkcə sözügedən tarixi hadisənin ildönümü münasibətilə keçirilən göstəri kimi baxmaq, əlbəttə ki, doğru olmaz. Eyni zamanda, Azərbaycan və Türkiyə qırıcılarının Gəncə səmasında uçuşlarının müəyyən xarici dairələrin diqqətini cəlb etmək məqsədilə keçirilən təsirli hərbi-siyasi aksiya olması da şəksizdir.
 
Təbii ki, bu aksiya ilk növbədə Ermənistana hesablanmış addımdır. Azərbaycan-Türkiyə müttəfiqliyinin “Gəncə mesajı”, təbii ki, ilk növbədə Ermənistana xatırlatma və xəbərdarlıq rolu oynayır. Dağlıq Qarabağ münaqişəsi bölgəsində, hətta Azərbaycan-Ermənistan dövlət sərhədində hərbi təxribatlar və diversiya cəhdlərindən əl çəkməyən, Azərbaycanın işğal edilmiş ərazilərindən öz silahlı qüvvələrini çıxarmaq əvəzinə ölkəmizi yeni-yeni torpaqlarımızın zəbt edilməsi ilə hədələyən Ermənistan, qarşısında güclü Azərbaycan və güclü Türkiyə qardaşlığının durduğunu bir dah gördü.
 
Ancaq təbii ki, bu aksiya təkcə Ermənistana yox, onun illər, əsrlər boyu qucağında oturduğu havadarlarına da mesajdır. Hətta demək olar ki, Azərbaycan və Türkiyə qırıcılarının Gəncə uçuşları Ermənistandan daha çox onun xarici havadarlarına ünvanlanan bir aksiya oldu. Həmin dairələrə bir daha nümayiş etdirildi ki, Azərbaycana qarşı hərbi təcavüzünü davam etdirən və Türkiyəyə qarşı ərazi iddialarıyla çıxış edən Ermənistanı öz siyasətindən dönməyəcəyi halda hansı aqibət gözləyir. Ən əsası isə Azərbaycan-Türkiyə əlaqələrinin, qardaşlığının qırılmaz, dönməz olduğu növbəti dəfə nümayiş etdirildi. Göstərildi ki, əgər Ermənistanı və onun əsas havadarı olan Rusiyanı yalnız Moskvanın imperiya maraqları və ermənilərin kölə, ələbaxım psixologiyasından başqa heç nəyin bağlamadığı halda, Azərbaycanla Türkiyəni bütün digər məslələrlə yanaşı, qan qardaşlığı bağlayır. Həmçinin, hər iki ölkə ortaya qətiyyət və siyasi iradə qoyaraq, sonadək bu münaqişənin ədalətli, beynəlxalq hüquq və Azərbaycanın haqlı mövqeyinə uyğun şəkildə, həm də hərbi yolla həllinə hazır olduğunu göstərdi.
 
Ümumiyyətlə, Tovuz hadisələrindən sonra Türkiyənin ortaya qoyduğu aydın və kəskin mövqe, eləcə də Azərbaycan rəhbərliyinin Rusiyaya işğalçı Ermənistana hərbi dəstəyilə bağlı qəti etirazı və bunun açıq şəkildə ifadə olunması erməni tərəfinin və onun havadarının “oyun sahəsini” xeyli daraltmış oldu. Bundan sonra Azərbaycan və Türkiyə hərbi-siyasi yaxınlaşmasının getdikcə daha çox güclənməsi və konkret əməli xarakter alması artıq Qarabağ münaqişəsinin işğalçının maraqlarına uyğun şəkildə uzadılmasının, torpaqlarımızın işğalda saxlanmasının mümkünsüzlüyündən xəbər verir. Və istər Ermənistana, istərsə də onun havadarına aydın olur ki, qardaş ölkələr arasındakı bu hərbi-siyasi birlik tezliklə 102 il əvvəlki kimi Azərbaycanın halal, ata-baba torpaqlarının, yurdlarının işğaldan hərbi yolla azad edilməsilə nəticələnə bilər.
 
Qeyd edək ki, Bakının işğaldan azad olunması üçün Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu 102 il əvvəl Gəncədən Bakı istiqamətində hərəkətə keçmişdi. Hazırda isə getdikcə güclənən Azərbaycan-Türkiyə hərbi-siyasi birliyinin götürdüyü istiqamət başqadır – Qarabağ və işğal olunmuş digər ərazilərimiz.../Azpolitika