"Futbolunuz yalnız addım-addım inkişaf edə bilər" - YURÇEVİÇ

Baxış sayı:
1034

"Niyə insanlar Azərbaycan millisində işimin alınmadığını düşünürlər? Açığı, futbolu bilməyən adamlara görə burada qalmağa tərəddüd edirdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Nikola Yurçeviç deyib. Dünən millimizin sükanı arxasından istefaya göndərilən xorvatiyalı mütəxəssis AFFA İcraiyyə Komitəsinin qərarına münasibət bildirib:

"Real danışaq, biz kifayət qədər yaxşı komandalara qarşı oynadıq. Və onlara çətinlik yaşada bildik. Kompakt oynadıq, sonuncu dəqiqəyə kimi mübarizə apardıq. Millinin xüsusilə Xorvatiya, Uels və Macarıstanla matçlardakı çıxşına görə fəxr etməlisiniz. "Yuventus", "Real", "Barselona", İnter", "Bavariya", "Zenit", "Milan", "Leyptsiq" və "Mançester Yunayted"in futbolçularının çıxış etdiyi top-yığmalarla oynadıq. Bizim komandadakılar isə "Qarabağ", "Neftçi", "Sabah", "Zirə", "Səbail" və Moskva "Dinamo"sunun futbolçuları idi. Bunları necə müqayisə etmək olar?".

Yurçeviç özündən əvvəl millimizi çalışdırmış həmyerlisi Robert Prosineçki və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova söz atıb: "Bir çox oyunlarda çətin rəqib təsiri bağışladıq. Gənc futbolçulara şans verdik və yığmanı gücləndiridk. San-Marino ilə Avropanın güclü yığmalarının fərqini bilmək lazımdır. Həmçinin Azərbaycanın Millətlər Liqasında Malta və Kosovo ilə oyunları unudulmamalıdır. Futbolunuz yalnız addım-addım inkişaf edə bilər. Gənc futbolçulardan ibarət komanda formalaşdırmaq istəyirdim. İstənilən halda, mənə vaxt vermək lazım idi".