ERMƏNİSTAN XİN RƏHBƏRİNİN YENİ DAVAKAR ÇIXIŞI - Mnatsakanyan niyə əmindir ki, 2016-cı ilin apreli daha olmayacaq?

Baxış sayı:
1227

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün parlamentin xarici əlaqələr komissiyası qarşısında çıxış edib və bir daha Qarabağa dair danışıqlar prosesini əhəmiyyətsiz edən ifadələr işlədib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Mnatsakanyan Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağa dair ətraf rayonların azad edilməsini də nəzərdə tutan mərhələli həll variantı üzrə danışıqların getdiyinə dair son bəyanatından sonra parlamentə çağırılıb.

O deyib ki, rəsmi Yerevan heç vaxt “Dağlıq Qarabağ xalqının ekzistensial təhlükəsizliyinə” xələl gətirə biləcək addımlara getməyəcək.

Bundan əvvəl Mnatsakanayn Lavrovun bəyanatına cavab olaraq bildirmişdi ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlar “təhlükəsizlik zolağına” aiddir və onların qaytarılmasından söhbət gedə bilməz. Rəsmi Bakı bu bəyanatı danışıqlardan imtina kimi dəyərləndirdi.

İndi Mnatsakanyan birbaşa rayonlar haqda danışmayıb, amma deyib ki, Ermənistan Qarabağa dair “birtərfəli güzəştlərə” getməyəcək. “Heç kim Ermənistandan güzəştləri nəzərdə tutan və bizim milli təhlükəsizliyimizə xələl gətirə bilən addımlar gözləyə bilməz”,-o Rusiyaya eyhamla bildirib.

Mnatsakanyana görə Qarabağ mövzusunun daxili siyasət mövzusu kimi müzakirə olunması qaçılmazdır. Habelə o, Lavrovun bəyanatına əlavə şərh vermək istəmədiyini, artıq Rusiya və Ermənistan XİN mətbuat katiblərinin məsələ ilə bağlı şərhlərlə çıxış etdiyini də deyib.

“Hesab edirəm ki, bu planda bizə nəsə əlavə etmək qalmır. Daha dərin “qazmağın” mənası yoxdur. Qarabağın təhlükəsliyi erməni tərəfi üçün prioritetdir. Ən önəmli vəzifə ekzistensial (mövcudluq mənasında) təhlükəsizlikdir. 2016-cı ilin apreli bir daha təkrar olmayacaq, 1991-1994 də olmayacaq”,-Mnatsakanyan bildirib.

Ermənistan xarici işlər nazirinin bu çıxışı da məzmunca əvvəlkilərin davamıdır və erməni diplomatiyasının rəhbəri yenə də bunu demək istəyir-ətraf rayonlar Dağlıq Qarabağ üçün “təhlükəsizlik zonasıdır” və onların qaytarılmasına getmək olmaz.

Bəs Mnatsakanyan nəyə görə bu dərəcədə əmindir ki, 2016-cı ilin apreli bir daha təkrarlanmayacaq, yəni Azərbaycan ordusu işğal edilmiş əraziləri geri qaytarmaq üçün hərbi əməliyyatlar keçirməyəcək? Bu, Azərbaycanın getdikcə artan hərbi gücü qarşısında nə boşboğazlıqdır və lovğalıqdır? Z.Mnatsakanyana 2016-cı ilin erməni tərəfi üçün daha betər, daha ağır formada təkarlanmaq riskinin qaldığını başa salmaq üçün deyəsən təkcə diplomatiya kifayət etməyəcək...

Görünür Azərbaycan müdafiə naziri Zakir Həsənovun iki gün əvvəl keçirdiyi xidməti müşavirə zamanı komandirlərə düşmənin xeyli fəallaşdığını deyib onlara ordunu döyüş əməliyyatlarına hazırlamaq barədə verdiyi əmr əsassız deyildi.