“ERMƏNİLƏRİN BAYDENLƏ BAĞLI ÜMİDLƏRİ MƏNASIZDIR” – “ABŞ Rusiyanın nəyi ilə rəqabət aparsın?...”

Baxış sayı:
561

Son 4 ildə ABŞ-a rəhbərlik edən və ənənəvi siyasətdən fərqli xətt yürüdən Donald Trampı demokrat Con Bayden əvəz etdi. İndi bütün dünya ölkələrinin gözü Vaşinqtona dikilib. Yeni ABŞ hökumətinin Çin, Rusiya, İran və Türkiyə ilə münasibətlərdə hansı xətt tutacağını, xüsusilə Rusiyaya qarşı necə davranacağı ciddi maraq mövzusudur. Həmçinin, müharibədən yeni çıxan Azərbaycan üçün Bayden administrasiyasının regionda hansı siyasət aparacağı da xüsusi əhəmiyyət kəsb edir.

Azpolitika.info bu mövzu ətrafında politoloq Zərdüşt Əlizadə ilə söhbətləşib. Müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, ABŞ-da hakimiyyətə Demokratlar Partiyası gəldi və azı dörd il ölkəni Co Bayden idarə edəcək. Sizcə, bu illərdə ABŞ siyasətində hansı dəyişiklikləri müşahidə edəcəyik?

- Əvvəla, ABŞ heç vaxt əvvəlki vəziyyətə qayıda bilməyəcək. Çünki ABŞ-da son 20-30 ildə ciddi dəyişikliklər baş verib. Söhbət ABŞ-ın iqtisadiyyatından, maliyyə sistemindən, əhalisinin tərkibindən, ideologiyasından, dünyadakı yerindən və digər məsələlərdən gedir. Bu dəyişikliklər ona gətirdi ki, 2016-cı ildə Donald Tramp prezident seçildi. Tramp istədi ki, ABŞ-ın ənənəvi siyasətini kəskin şəkildə dəyişsin. İlk növbədə iqtisadi və xarici siyasət istiqamətini. Bu da ABŞ-ı uzun illər idarə edən hakim zümrəni qane etmədi, onun maraqlarına uyğun olmadı. Bu səbəbdən də hakim zümrə səfərbərlik elan edərək öz namizədini irəli sürdü. İndi doğru və ya əyri yolla olmasından asılı olmayaraq, Trampı aşırdılar və yerinə Bayden gətirildi. Hazırda Bayden prezidentdir, ancaq Trampın 70 milyondan çox pərəstişkarı, tərəfdarı var. Tramp yeganə prezident idi ki, son ana qədər seçkilərin nəticələrini tanımadı. Elan etdi ki, seçki saxtalaşdırılıb, onun nəticələrini tanımır və qalib özüdür. Belə bir mövqe ABŞ cəmiyyətini demokratiyanın aliliyinə, öz seçki sisteminin ədalətliliyi və şəffaflığına münasibətdə parçaladı.

Digər tərəfdən, Donald Trampın bu mövqeyi Demokratlar Partiyasını əsla qane etmədi. Bu səbəbdən də təzyiqə əl atdılar ki, bu da əks-təzyiq doğurdu. Nəticə olaraq 6 yanvar hadisələri ortaya çıxdı.

Bir sözlə, Amerika artıq əvvəlki Amerika deyil. İndi gələn demokratlar artıq Trampın bəzi qərarlarını ləğv edir, Paris iqlim anlaşmasına qayıdırlar, Ümumdünya Səhiyyə Təşkilatına dönürlər və s. Ehtimal etmək olar ki, bir müddətdən sonra danışıqlar vasitəsilə İranla da nüvə razılaşması barədə müqaviləni hansısa formada bərpa etsinlər. Bunların hamısı Obama dövrünün şərtlərinə qayıtmaq deməkdirmi? Buna cavab vermək çətindir.

- Niyə çətindir?

- Birincisi, ABŞ-ın borcu 20 trilyon dolları keçib. Pandemiya şəraiti var, bütün dünya iqtisadiyyatı, Çin istisna olmaqla, çöküb. O cümlədən də ABŞ iqtisadiyyatı. Belə bir şəraitdə ənənəvi siyasət aparmaq çətindir. Bayden hökumətinin başı azı bir il ölkə daxilində qayda-qanun yaratmağa, komandanı qurub başa çatdırmağa qarışacaq. Hələ bilinmir ki, Tramp hansı addımları atacaq. Bəlkə üçüncü partiyanın yarandığını elan etdi.

- Tramp daha çox Çini hədəf almışdı. Sizcə, Bayden dövründə əsas hədəf hansı ölkə olacaq?

- Əlbəttə, bu sırada ilk olaraq Rusiya və Çinin adı çəkilir. Amma şəksiz əsas rəqib Çindir. Rusiyanı deyirlər, amma həm də bilirlər ki, Rusiya ciddi rəqib deyil. Əsas iqtisadi və hərbi baxımdan güclənən qüvvə Çindir. ABŞ Çini əsas rəqib sayır. Ancaq Çinə nə edə bilərlər? Çinin bir milyarddan artıq əhalisi var, nüvə silahı var, kosmosa uçur, peykləri, sualtı qayıqları var. Üstəlik, Çinin xarici siyasəti elədir ki, rəqiblərinə nəinki səbəb, hətta bəhanə belə vermir. Əksinə, Çin maraqlıdır ki, qloballaşma davam etsin. Çünki bu şəraitdə Çin iqtisadiyyatı özü üçün bazarlar tapır, genişlənir, yeni texnologiyalara sahib olur. Çin tərəf müqabilləri, ticarət tərəfdaşları axtarır. Nəhəng pullara sahibdir. İki trilyona yaxın pulu var. Bunu da yatırım kimi Afrikaya, Latın Amerikası ölkələrinə, hətta ABŞ-ın özünə qoyub. Həmçinin, Belarus və Ukraynaya. Açıq da elan edir ki, biz sülh şəraitində əməkdaşlıq etməliyik. Öz mənafelərinin də tapdalanmasına imkan verməz.

 

 

- Sizcə, ABŞ-Rusiya münasibətləri bundan sonra necə qurulacaq, bu münasibətlərdə anlaşma, yoxsa qarşıdurma görəcəyik?

- Rusiya dünyanın yeddidə biridir və onu tanımamaq mümkün deyil. Əvvəl-axır ortaq məxrəcə gələcəklər. Mən xatırlayıram, yaşım 40-ı keçirdi və səksəkə içində yaşayırdım. Qorxurdum ki, nüvə müharibəsi ola bilər. Keçmiş hərbçi kimi də yaxşı anlayırdım ki, nüvə müharibəsi bəşəriyyətin məhvi deməkdir. Onda Reyqan SSRİ-ni “şər imperiyası” adlandırırdı. Burada da bizim başı boş Siyasi Büronun üzvlərinin yaşı səksənə yaxın idi və geri çəkilmək istəmirdilər. Vəziyyət o həddə çatmışdı ki, ciddi mütəxəssislər nüvə müharibəsinin labudlüyündən danışırdı. Amma şükürlər olsun ki, ortaq məxrəc tapıldı, SSRİ hakim zümrəsi tədricən sıradan çıxdı, Qorbaçov gəldi və başladı yeni ideyalardan bəhs etməyə. Beləcə hərbi gərginlik və qarşıdurma azalmağa başladı.

- İndidəmi belə olacaq?...

- Baxmayaraq ki, Rusiya iqtisadi cəhətdən xeyli zəifləyib, daxilən qeyri-sabitdir, səmərəsiz hakim zümrəsi var, amma hakimiyyətdə olanlar da bunlardır, başqası yoxdur. Onlar Rusiya nüvə sisteminə nəzarət edir. Bu silah yer üzündəki həyatı 10 dəfə məhv etmək qüdrətinə malikdir. Normalda bəşəriyyətin bir dəfə məhv olması kifayətdir. Amma Rusiya da, ABŞ da bunu 10 dəfə edə bilər. Məsələ bundadır. Belə qarşılıqlı təhlükə onları vadar edir ki, anlaşmağa çalışsınlar. Ümid edirəm elə bir dəli tapılmayacaq ki, yer üzündəki həyatı məhv etsin. Rusiya və ABŞ anlaşmalı olacaq, ortaq məxrəc tapmaq mümkündür.

- Azərbaycan cəmiyyətini həm də ABŞ-Türkiyə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi maraqlandırır. Tramp dövründə bu münasibətlər kifayət qədər gərgin idi. Sizcə, Bayden Amerikası Türkiyə ilə münasibətdə hansı yolu seçəcək?

- Baydenin dövlət katibi postuna namizədi Entoni Blinken dedi ki, Türkiyə ilə müttəfiqik, amma özünü rəqib kimi aparır. Bu o deməkdir ki, Türkiyə ilə müttəfiqik, amma sözümüzə baxmır. Axı niyə sənin sözünə baxmalıdır? Sən ideal siyasət yürüdürsən? Xarici siyasətində nöqsanlar, kobud xətalar göz qarşısındadır. Türkiyə böyük, qədim, öz ənənəsi və maraqları olan dövlətdir. Səninlə müttəfiqdir, sən də ona hörmətlə yanaş, maraqlarını nəzərə al. Bu halda Türkiyə də sənə sadiq olsun. Türkiyə ABŞ-la razılaşmanın şərtlərini irəli sürür. Deyir ki, gəlin birgə komissiya yaradaq və aydınlaşdıraq, görək “S-400” kompleksi NATO sistemi üçün hansı təhlükə yaradır. Yeri gəlmişkən, mən özüm Hava Hücumundan Müdafiə Qüvvələrində xidmət etmişəm, baş qərargahda zabit olmuşam. Hava Hücumundan Müdafiə Qüvvələrinin raketləri hər hansı dövləti və dövlətlər birliyi üçün potensial təhlükə ola bilməz, çünki bu, sırf müdafiə silahıdır.

Ehtimal edirəm ki, Vaşinqton Türkiyə ilə dil tapmağa çalışacaq və buna məcburdur. Türkiyə böyük dövlətdir, nüfuzu və hərbi gücü var. Üstəlik, mədəni, dini, əxlaqi, bəşəri potensialı olan ölkədir. Həmçinin, NATO-nun Rusiya ilə üz-üzə duran xəttinin cənub cinahında ən güclü oyunçu Türkiyədir. NATO Türkiyəsiz heç nə edə bilməz. Bunu da hamı anlayır. Fransa-Türkiyə qarşıdurmasında kim geri çəkildi? Fransa. Niyə? Çünki Türkiyə güclüdür. Fransanın atom bombasına kimdir baxan... Bütün hallarda Türkiyə Fransadan güclüdür. Bu mənada əminəm ki, ABŞ Türkiyə ilə ortaq məxrəcə gələcək. Yalnız ermənilər yatıb yuxularında görürlər ki, ABŞ Türkiyəyə düşmən olacaq. Belə bir məsələ yoxdur. ABŞ-da NATO-nun ən qüdrətli ikinci ordusu olan Türkiyənin əhəmiyyətini çox gözəl anlayırlar.

 

 

- Yeri gəlmişkən, ermənilər prezident Baydenin Türkiyə və Azərbaycana münasibətdə sərt xətt tutacağına, Ermənistana isə dəstək verəcəyinə ümid edirlər...

- Bilirsinizmi, ömür boyu öz taleyini böyük ağaların istəyinə bağlı quran xalqın siyasətçiləri hər zaman düşünür ki, görəsən ağa hansı addımı atacaq, bəlkə ağanın masasından bir qırıntı da bizə atdılar. Siz oturub köklü maraqlarınız haqqında düşünün. Köklü maraqlarınız da sizdən tələb edir ki, qonşularınızla mehriban münasibətlər qurasınız. Amma siz qarşınıza çata bilməyəcəyiniz məqsədlər qoyanda, böyük dövlətlərdən asılı olmağa başlayırsınız və onların şıltaqlığından asılı qalırsınız. Ermənilərin Baydenlə bağlı ümidləri mənasızdır. Çünki nəzəri baxımdan yanlış xarici siyasət aparırlar. Onların milli ideologiyası çox yanlış və uğursuzdur. Məncə, onların milli ideologiyası elə olmalıdır ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İranla dost olsunlar. Siz Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdürsünüz, Azərbaycan ərazilərini işğal etmisiniz, viran qoymusunuz. Üstəlik də deyirsiniz ki, Azərbaycan niyə bizə münasibətdə pisdir? Azərbaycan gəlib sənə medal verməlidir ki, ərazilərimin böyük hissəsini viran qoymusan? Bu adamların beyinləri işləmir, məntiqləri yoxdur. Bu xalqın içində məntiqli, düzgün düşünən insanlar var, amma çox azdır. Təəssüflər olsun.

- Son hadisələr belə təəssürat yaradır ki, ən ağıllıları elə Paşinyandır...

- Yox, Paşinyanın ağlı olsaydı bu vəziyyətə düşməzdi. Məncə, ağıllıları Georgi Vanyandır.

- İran məsələsinə qayıdaq. Düşünürsünüz ki, Bayden hökuməti Trampın İran siyasətindən imtina edərək Barak Obama siyasətinə qayıdacaq?

- Fikrimcə, İranla anlaşma əldə ediləcək. Tramp İrana bata bilmədi. İran güclü dövlətdir, ağıllı xarici siyasəti var və bəhanə vermir ki, ona qarşı təcavüz başlasın. 1979-cu ildən bu yana islam inqilabı öz mövqeyini saxlaya bilib. SSRİ 70 il dözdü, sonra başladı dağılmağa. İran inqilabı 42 ildir dözür və əminəm ki, hələ davam edəcək. Düşünürəm ki, Bayden hakimiyyətindən İrana dəhşətli təhlükə yoxdur. Hər halda ehtimal edirəm ki, kompromislər əsasında danışıqlar ola bilər.

- Bayden administrasiyasının Azərbaycana münasibəti necə olacaq, bu istiqamətdə düşüncələriniz nədən ibarətdir?

- Biz özümüz haqda müştəbeh olmayaq. Kiçik dövlətik, ərazimiz balacadır.

- Hər halda söhbət yeni ABŞ hökumətinin Cənubi Qafqaz siyasətindən gedir...

- Azərbaycan hakimiyyəti böyük dövlətlərlə bağlı düzgün xarici siyasət qura bilib. Son müharibə də bunu göstərdi, parlaq şəkildə nümayiş etdirdi ki, Azərbaycanın dünyanın böyük dövlətləri ilə qurduğu siyasət düzgün siyasətdir. Fikrimcə, bu siyasət də kəskin dəyişməyəcək. ABŞ adətən bizi qınayırdı ki, sizdə qanunun aliliyi, demokratiya yoxdur, qanunlar işləmir. Amma indi özü dünyanın gözü qarşısında qüsurlar nümayiş etdirdi. Bundan sonra belə məsələləri dilinə gətirməyəcək.

- Sizin yanaşmanızdan belə çıxır ki, prezident Co Bayden dövründə biz sakit dövrün şahidi olacağıq?

- Yox, Bayden çalışacaq ki, nələrisə dəyişsin, Trampın irsini təftiş etsin. Amma düşünmürəm ki, hansısa sarsıntılar, kəskin hücumlar və əks-hücumlar olacaq. Fərz edək ki, Rusiyada Putini sevməyən adamlar yazırlar ki, Bayden gəldi, Putinin qulağından tutub başını masaya çırpacaq. Bu olmayacaq axı... ABŞ-ın nəyinə lazımdır ki, Rusiya ilə münasibətləri korlasın? Onsuz da münasibətləri az qala donma həddinə çatdırıblar. Amma Bayden çalışacaq ki, münasibətləri normallaşdırsın. ABŞ-ın milli marağı da tələb edir ki, özünə süni şəkildə düşmən düzəltməsin. ABŞ-da demokratiya kifayət qədər müdrikdir. Məsələn, Çinlə rəqabət təbii yaranıb. Çin güclü dövlətdir. Rusiyanın nəyi ilə rəqabət aparasan, dünya iqtisadiyyatı sıralamasında 11-ci yerdədir. Vaxtilə dünya iqtisadiyyatının 18 faizi olan Rusiya indi 1 faizindən bir qədər çoxdur. Yəni 17 dəfə aşağı düşüb. Onun nəyi ilə rəqabət aparacaqsan? Odur ki, ABŞ siyasətdə sərgüzəşt axtarmayacaq.

- Bəs Tramp dövründə Avropa Birliyi və NATO ilə zədələnən münasibətləri Bayden hökuməti necə quracaq?

- Məncə, indi Avropa çox sevinir ki, Bayden hakimiyyətə gəlib və ümid edir ki, münasibətlər təbii dostluq, anlaşma məcrasına qayıdacaq. Ənənəvi müttəfiqlik münasibətləri davam edəcək, heç bir problem olmayacaq. ABŞ qərb dünyasının şəksiz lideri, hamisi, ən güclü dövlətidir. Hamı da onun liderliyini şəksiz qəbul edir.

Rasim Əliyev