"Erməni tanışım deyir ki, əslində Paşinyan müharibə tərəfdarı deyil...” - ZƏRDÜŞT ƏLİZADƏ

Baxış sayı:
2568

Rusiya Nikol Paşinyanı yavaş-yavaş yeyir. Bu zaman nədən istifadə edir? İki amildən. Qarabağdakı əlində silahı olan əlaltılarından, erməni ordusu üzərindəki nəzarətindən, bir də bədbəxt erməni xalqının geridə qalmış şüurundan.

Bu fikirləri Teleqram.com-a politoloq Zərdüşt Əlizadə separatçı rejimin keçirdiyi son seçkilər və bunun Ermənistan daxili siyasi mühitinə təsirləri haqqında danışarkən bildirib.

Politoloq deyib ki, əslində Nikol Paşinyan indi göründüyü kimi müharibə tərəfdarı, yəni daşnak deyil: “Mənim erməni tanışım İvanyan vaxtilə Paşinyanla dostluq edib, hətta onun haqqında mənə danışıb. Paşinyan vaxtı ilə sülhpərvər olub, xanımı ilə Aland adalarına gedib, bu təcrübə ilə tanış olub. Görüb ki, xalqların bir-birini qırmadan dinc və yanaşı yaşamaq nümunəsi var.

Amma sonra Paşinyan görüb ki, Ermənistanda sülhpərvər mövqedən çıxış edəndə adamın siyasi gələcəyi ola bilməz. Yəni xalq xəstədir. Xalq yalnız müharibəyə, düşmənçiliyə meyl edir. Paşinyanda baş nazir, rəhbər olmaq iddiasında olan siyasətçidir. Düşünüb ki, sülh mövqeyindən çıxış edərək baş nazir olmaq, siyasi karyera qurmaq mümkün deyil. Odur ki, hamıdan möhkəm “Qarabağ”, “Qarabağ” deyə qışqırmağa başlayıb. Qışqırdıqca da xalq onun ətrafına toplaşıb. Vəssalam”.

Z.Əlizadə qeyd edib ki, Paşinyan “Artsax”,demokratiya qışqıra-qışqıra hakimiyyətə gəlsə də, indi xalq ondan ciddi işlər tələb edir: “Hakimiyyətə gəlmisən, xub. Sən iqtsadiyyatı idarə etməlisən. Sənə mühasirədən çıxmaq lazımdır? Hökmən lazımdır. Mühasirədən çıxmaq üçün Qarabağ münaqişəsini həll etməlisən. Dinc yolla bunun həlli yoxdur.

Paşinyan düşünürdü ki, “Qarabağ klanı"nı, yəni müharibə canilərini hakimiyyətdən kənarlaşdıra bilsə, bəlkə də “Qarabağ klanı"ndan qorxmadan güzəştli sülh haqqında danışmağa, xalqının nəbzini yoxlamağa cəhd edə bilər. Amma görür ki, yox, Rusiya ordunu da, Qarabağdakı silahlı caniləri də nəzarətində saxlayır. Qarabağda hakimiyyəti müharibə canilərinin əlindən çıxara bilməməsi əslində Paşinyanın birinci böyük məğlubiyyətidir.

Hazırda separatçıların yeni “prezidenti” Araik Arutyunyan Rusiyaya, kəşfiyyata, Robert Köçəryan-Serj Sərqsiyan cütlüyünə bağlıdır. Bu şəxs faktiki rəhbərdir və deyib ki, Ağdam da bizimdir. Əslində rus nə deyir, Araikdə onu deyir. Sabah desə ki, çəkil çıx, quzu kimi Xankəndindən çıxacaq. Bir sözlə, Paşinyan Qarabağa nəzarəti “Qarabağ klanı"nın əlindən ala bilmədi.

Bütün hallarda Paşinyan Ermənistan iqtisadiyyatının durumunu düzəltməli, cəmiyyədə ciddi dəyişikliklər etməlidir. Bunun üçünsə müharibəni başa çatdırmaq lazımdır. Müharibə başa çatmasa Ermənistanın vəziyyətdən çıxış yolu yoxdur. Bax, Paşinyanı Rusiya belə yeyir”.