Erkin Qədirli münasibəti olduğu hakimiyyət nümayəndlərinin ADLARINI AÇIQLADI

Baxış sayı:
1243

ReAl Partiyanın funksioneri, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa lider namizəd əlaqəsi olduğu hakimiyyət nümayəndələrinin adlarını açıqlayıb.
O, siyahını Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinə cavab olaraq yayıb.

“Cəbhəçilərin yaydığı yalanların yalan olduğu neçənci yalandan sonra sayılmağa başlayır? Nə qədər yalan danışmaq, yazmaq olar axı? Hələ saxta profillərdən yazıb məndən cavab tələb edirlər. Sadəlövh olanlar və ya səmimi yanılanlar olmasaydı, belə yalanlara heç zaman cavab verməzdim.

Yazırlar ki, guya mən seçki dönəmində Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevlə görüşmüşəm, seçilmə şərtlərimi onunla danışmışam. Mən Prezident Administrasiyasının bir neçə yüksək rütbəli şəxsini şəxsən tanıyıram: Administrasiyanın rəhbəri Samir Nuriyevi (məktəb illərindən, bizim məktəbi bitirib), Administrasiyanın şöbə müdirlərini - Şahin Əliyevi (müəllimim olub), Fuad Ələsgərovu (onunla çoxdan və yaxşı tanışam, axırıncı dəfə 10 il bundan öncə görüşmüşəm), Gündüz Kərimovu və Səadət Yusifovanı (tələbəliklərindən tanıyıram), Hikmət Hacıyevi (tələbəm olub), Prezident köməkçisi Anar Ələkbərovu da tanıyıram. Heç birisilə son illərdə nə görüşmüşəm, nə də danışmışam. Zeynal Nağdəliyevlə isə ümumiyyətlə tanış deyiləm. İndi bu cəbhəçilər götürüb şəxsi tanışlığım olmayan Zeynal Nağdəliyevlə görüşdüyümü, onunla anlaşdığımı yazırlar. Yazdıqlarının yalan olduğu bir yana, hələ məndən izahat də istəyirlər. Nə isə, deyiləsi deyil. O biri söhbətə (Azər Qasımlının dediklərinə) gəlincə, öyrətmək olmasın, sirrin üstü açılanda qınanılası olan sirri saxlayan deyil, onu açan olmalıdır. Sirri saxlayanı yalnız sirri qoruya bilmədiyinə görə qınamaq olar. Elə bir qınaq varsa, onu qəbul etməyə hazıram. Bu söhbətdə başqa heç bir qınağı qəbul edəsi deyiləm” – E.Qədirli qeyd edib./Pravda.az