“DƏRİN DÖVLƏT”, YOXSA “BÖYÜK TƏNZİMLƏYİCİ GÜC”? – ABŞ dövləti və qlobal maliyyə-bank korpusunun “oyun qaydaları”

Baxış sayı:
487

Son dövrlər siyasi analitiklər dünyadakı qüvvələr nisbətində yerdəyişmələrin baş verəcəyindən və qlobal iqtisadiyyatda köklü islahatlar aparılacağından danışırlar. Ancaq “qüvvələr nisbəti” anlayışına açıqlıq gətirilmədiyindən, belə düşünülür ki, söhbət iri dövlətlər arasındakı münasibətlərin aydınlaşdırılmasından və geostrateji təsir sferasının yeni şərtlər altında bölüşdürülməsindən gedir.

Deyilənlərdən belə nəticə alınır ki, dünyadakı gərginlik ocaqları yalnız dövlətlər arasındakı fikir ayrılığının məhsuludur. Ona görə də həm qlobal miqyasdakı çəkişmələr, həm də regional toqquşmalar böyük dövlətlərin strateji mübarizəsi kimi dəyərləndirilir.

Bilindiyi kimi, planetimizdəki ən mühüm tarixi proseslər Şərq yarımkürəsində cərəyan edir. Amerika Birləşmiş Ştatlarını belə bir məkandan uzaqlaşdırmaq istəyən qüvvələrin fəallaşması da məhz bununla izah olunur. Bu prosesdə böyük dövlətlər kimi Rusiya, Çin, Almaniya və Fransa ön plana çəkilir.

“Dərin dövlət” anlayışı 

Bəs “qüvvələr nisbəti” dedikdə nə nəzərdə tutulur? Sözsüz ki, hər hansı dövlətin siyasəti onun müvafiq qurumları tərəfindən aparılır. Lakin xeyli vaxtdır ki, böyük dövlətlərin uzunmüddətli strateji siyasi xəttinin onların görünməyən, gizli elitası tərəfindən yürüdüldüyü də iddia olunur. Və bu kontekstdə tez-tez belə bir terminlə qarşılaşırıq: “Dərin dövlət”. “Rusiya dərin dövləti”, “Türkiyə dərin dövləti”, “Almaniya dərin dövləti”, “Çin dərin dövəti” barəsində tez-tez danışılır. Sual yaranır ki, nədir bu “dərin dövlət” və gerçəkdən hansısa dövlətdə rəsmi idarəetmə strukturlarından əlavə, hansısa gizli təsiredici qüvvə varmı? Dərin dövlət reallıqdır, yoxsa həqiqəti əks etdirməyən təxəyyül məhsuludur?

Burada başlıca məsələ “dərin dövlət” termininin öz mahiyyətinə görə necə istifadə edilməsidir. Məsələn, ABŞ-da “deep state”-lə (dərin dövlət) yanaşı, ona sinonim olan “the invisible government” (görünməyən hökumət) və ya “shadow qovernement” (kölgə hökuməti) terminlərinə də rast gəlinir. Təbii ki, rəsmi şəkildə belə bir məfhumun varlığı qəbul edilmir və ona konspiroloji nəzəriyyə kimi baxılır.

“Dərin dövlət” termininin nə zaman ortaya çıxması barədə konkret fakt yoxdur, lakin onun ilk dəfə türkiyəli stratejist Mahir Kaynak tərəfindən söylənildiyi də deyilir. Bəlkə də elə ona görə bu termindən Türkiyədə daha çox istifadə edilir. Türkiyədə bu termin dövlət içində dövlətə verilmiş ad kimi dəyərləndirilib. Lakin bununla razılaşmayan Mahir Kaynak deyirdi ki, bu fikir öz ilkin məğzindən uzaqlaşdırılaraq, tamamilə ayrı məzmun alıb. O, bildirirdi: ”Mən “dərin dövlət” deyəndə, ölkənin gələcəyini planlayan və bunu həyata keçirmək üçün siyasət yürüdən bir ağlı nəzərdə tutdum. Amma daha sonra bu fikrin mahiyyəti dəyişdirildi və mənim tamamilə əleyhinə olduğum, dövlətin əksinə fəaliyyət göstərən qeyri-qanuni gizli təşkilatlara “dərin dövlət” adı verildi”.

Əlbəttə, kimlərsə hakimiyyətə qeyri-qanuni yolla gəlmək istəyirsə, bu, sadəcə hakimiyyətin ələ keçirilməsini planlayan qəsdçilər komandası ola bilər. Dövlətin içində yerləşən və müəyyən məqsədlər üçün dövlətin mühüm orqanlarında gizli və geniş əlaqələr şəbəkəsi quraraq, dövlət içində sistemləşən və silahlı dəstələr saxlayan təşkilata “dövlət içində dövlət” deyilir. Türkiyədəki “Qladio”, ”Kontrgerilla”, ”Ergenekon”, İtaliyadakı “Propagande due” belə təşkilatlardan sayılır.

Ancaq “dərin dövlət” terminindən istifadə edənlər bunu dövlət içində dövlət yox, pərdə arxasında dayanan və ölkənin gələcək pozitiv inkişafı üçün uzunmüddətli strateji proqramlar hazırlayan və onu həyata keçirən daha qüdrətli struktur kimi görürlər.

Əgər nəzəri baxımdan yanaşsaq, gərək “dərin dövlət”in sözügedən strateji planı ən azından 20-30 illik zamanı əhatə etsin. Yoxsa, bu necə “dərin dövlət”dir ki, hadisələrin arxasınca sürünür? “Dərin dövlət” xüsusi funksiya yerinə yetirməli və mütləq vahid koordinasıya mərkəzinə bağlanmalıdır. Ümumiyyətlə isə “deep state”-in təsir gücü reallıqda görünən hökumətin imkanlarını xeyli üstələməlidir.

İndi kimsə “Rusiya dərin dövləti” və ya “Çin dərin dövləti” ifadəsini işlədirsə, onda yaxşı anlamalıdır ki, həmin məntiqlə dünyada “ABŞ dərin dövləti” deyilən güc də hökm sürür. Və belədə onlar arasında müqayisə aparılmaqla “dərin dövlət” kriteriyalarına kimin daha çox uyğun gəlməsi araşdırılmalıdır.

ABŞ deyəndə, göz önünə ilk növbədə kapitalizm sisteminin nüvəsi gəlir. Dünyadakı iqtisadi və siyasi proseslər bu nüvə ətrafında cərəyan edir. ABŞ – qlobal maliyyə-bank sistemilə nəhəng dövlətin özünəməxsus simbiozudur. Bu gün onlar arasında mücadilə getsə də, ancaq yaxın tariximizə baxsaq görərik ki, beynəlxalq siyasi nizam sistemi və monetarizmə söykənən iqtisadi-maliyyə modeli qlobal maliyyə korpusu ilə ABŞ dövlət sistemi arasındakı konsensus nəticəsində ərsəyə gətirilib. Yəni, artıq bütün dövlətlər öz siyasətlərini həmin qaydalar çərçivəsinə uyğun planlayırlar. Əgər kənara çıxmalar görünürsə, deməli əslində bu, pərdə arxasındakı razılaşmaların məhsuludur.

Dünya artıq vahid bazar halına gətirildiyi və vahid maliyyə-iqtisadi model içərisində fəaliyyət göstərdiyi üçün hansısa dövlətin dünyanın gediş prosesinin yenilənməsilə bağlı müstəsna sxem cızması və planetin siyasi-iqtisadi gələcəyinin necə şəkil almasını müəyyənləşdirməsi nonsensdir. Əgər belədirsə, deməli “dərin dövlət” terminini onlara şamil etmək mənasızdır. Bugünkü dünyamız yüz il bundan öncəki kimi sırf dövlətlər arasındakı münasibətlər üzərində qurulmayıb. Şərtlər xeyli dəyişib. Ancaq buna baxmayaraq, əksər hallarda dünya çapındakı siyasətin təhlili köhnə paradiqmalara söykənərək aparılır. Deməli, baş verən proseslər əsas etibarilə dövlətlər arasında cərəyan edən münasibətlər müstəvisi üzərindən izah olunur. Bəs bu izah nə dərəcədə real və həqiqətəuyğundur?

Dünyamızın həm siyasi və həm də iqtisadi baxımdan bu günə gəlib çıxmasında, daha doğrusu isə, belə bir ümumdünya vahid maliyyə-iqtisadi, bank və ticarət sisteminin qurulmasında Çinin, Rusiyanın, Yaponiyanın, Almaniyanın, Fransanın bizə təqdim edilən kimi rolları olmayıb.

İkinci Dünya Müharibəsindən sonra Almaniya, Fransa və Yaponiyanın inkişafı və dirçəlməsi ABŞ-dan gələn pullar hesabınadır. Çin bu sistemə 1970-ci illərin axırında, Rusiya isə SSRİ dağılandan sonra daxil edilib. 1992-ci ildə Rusiyanı dünya bazarının əsas ticari ölçü meyarı olan dollar zonasına qatdılar. Beləliklə də kapitalizmin genişlənməsi bitdi, çünki Yer kürəsi iqtisadi cəhətdən tam vahid bazara çevrildi. Bununla yanaşı, doxsanıncı illər ərzində Rusiyanın maliyyə-iqtisadi sistemi beynəlxalq maliyyə institutlarının şərtlərinə uyğun hala gətirilib.

Dünyanın bütün dövlətləri iqtisadi cəhətdən bir sistemə bağlıdırlar 

Dünyanın vahid bazar formasına salınması Amerikada və Britaniyada məskunlaşmış qlobal maliyyə komandasının ssenarisi sayəsində həyata keçirilib. Sərbəst bazar deyilməsinə baxmayaraq, orada da nizamlayıcı faktorlar var. Deyilə bilər ki, iri dövlətlər maliyyə-iqtisadi proqram hazırlaya bilməsələr də, geosiyasi mübarizə apara bilərlər. Ancaq bu, doğru yanaşma deyil. Çünki iqtisadiyyatı başqa bir sistemdən tam asılı və həmin sistemin oyun qaydalarına tabe olan dövlət necə böyük geostrateji möcüzələr göstərə bilər ki?

Gəlin, mövzunu bir qədər geniş şəkildə izah etmək üçün dünya ölkələrinin makro iqtisadiyyatına və maliyyə sektorundakı mövqelərinə göz gəzdirək. Hər hansı bir ölkənin makroiqtisadi göstəriciləri bir çox faktorlardan asılıdır. Ümumən isə iqtisadiyyatın normal səviyyədə işləməsində makroiqtisadi siyasətin böyük rolu var. Bu siyasət üç yerə ayrılır: büdcə-vergi siyasəti, pul-kredit siyasəti və xarici iqtisadi siyasət.

Bütün dövlətlər hər halda sərbəst şəkildə xarici iqtisadi siyasət və büdcə-vergi siyasəti yürüdə bilərlər. Bugünkü mövzunun məğzinə uyğun olaraq, mən ancaq pul-kredit (monetar) siyasətinə toxunacağam.

Hər bir dövlətin pul-kredit siyasəti onun Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Mərkəzi Bank tədiyyə balansının, qiymət və maliyyə bazarının sabitliyini, valyuta məzənnəsinin dayanıqlığını təmin etməlidir. Dünyadakı bütün valyutaların durumu, dəyəri dollara görə müəyyənləşir. Ölkədəki nağd pul kütləsinin həcmi və dövriyyəsi xüsusi önəm daşıyır və bu, elə olmalıdır ki, onun dollara nisbətdəki mövqeyi sabit qalsın.

Əslində, Mərkəzi Bankların imkanları onlardakı dolların miqdarıyla ölçülür. Bu zaman tam sərbəst pul-kredit siyasətinin həyata keçirilməsi xeyli çətinləşir. Belə ki, bəzi istisnalar olmaqla, ölkələrdəki milli valyutalar rezerv valyutası deyil. Çünki onlar dollara bağlıdırlar. Və belə olan təqdirdə milli valyutanın birbaşa investisiya valyutası olması da çətinləşir. Gərək əldə dollar olsun ki, onun miqdarına uyğun şəkildə milli valyuta çap edilsin və məzənnə də buna müvafiq olaraq tənzimlənsin.

Beynəlxalq Valyuta Fondu isə bütün bu prosesləri nəzarətdə saxlayır. Avropa Mərkəz Bankı, Çin Xalq Bankı, Britaniya Bankı, İsveçrə Bankı və Yaponiya Bankı digərlərinə nisbətən sərbəst pul-kredit siyasəti və müxtəlif manipulyasiyalar aparsalar da, hər şey yenə dolanıb gəlib FRS-in faiz dərəcələrinə və likvidliyə indekslənir. Daha mühüm məsələ dünya ölkələri valyutalarının Beynəlxalq Valyuta Fondu qarşısında götürülən öhdəlik əsasında dollara necə bağlanmasıdır. Yəni ki, bir növ ölkələrin mərkəzi bankları özünəməxsus şəkildə FRS-in filialları kimi fəaliyyət göstərirlər. Onların faiz dərəcəsini artırıb-azaltması əsas etibarilə dolların dünyadakı mövqeyinə və ölkənin əlindəki dolların miqdarına görə müəyyənləşdirilir. Hətta, Amerika dövlətinin pul-kredit siyasətini də FRS həyata keçirir.

Ən əsası isə dünya ticarətinin 80 faizi dollarla aparılır. Digər mühüm faktor dünyadakı valyuta ehtiyatının 63 faizinin dolların payına düşməsidir. Bəzən qızıl-valyuta ehtiyatı sözündən yanlış məna çıxarılır. Ölkələr ehtiyat kimi qızıl toplasalar da, bu, valyuta deyil, monetar qızıldır və qızıl-valyuta ehtiyatının bir hissəsi sayılır. Yəni ki, qızılın özü qiyməti birjada dollarla müəyyənləşən əmtəədir.

Məsələn, Çinin 1948 tonluq qızıl ehtiyatı onun 3,1 trilyon dollarlıq qızıl-valyuta ehtiyatının tərkibinə daxildir. Yüksək likvidli aktiv hesab olunan qızıl-valyuta ehtiyatında saxlanan vəsaitlər yekcins olmadığından, təkcə dollar yox, digər valyutalar, müxtəlif qiymətli kağızlar, BVF tərəfindən buraxılan nağdsız ödəmə forması – “Xüsusi Borcalma Hüququ” (Special Drowing Rights) süni valyutasında və sairdə saxlanılır. Lakin ehtiyatdakı bütün vəsaitlərin hamısı yenə də dollar qismində hesablanır. Ancaq əvəzində ABŞ yuan, avro və sairəni ehtiyat valyuta kimi saxlamır. Yəni, maliyyə-iqtisadi modeli elə qurulub ki, hamı dollara pərçimlənib.

Ona görə də, dünyanın istehlak lokomotivi və maliyyə mərkəzi olan ABŞ-da baş verən iqtisadi geriləmə bütün dünyanı tənəzzülə sürükləyə bilər. 2008-ci ildə Amerikadakı maliyyə böhranını yada salaq. Əgər transmilli maliyyə-bank sisteminə FRS tərəfindən trilyonlarla pul axıdılmasaydı, dünyanın bütün iqtisadi sistemi çökərdi və inanın ki, bir çox dövlətlər tarixin arxivinə yollanardı.

“Dərin dövlət” anlayışının şamil olunacağı yeganə ünvan 

“Dərin dövlət” deyəndə ilk növbədə ABŞ-dakı idarəetmə strukturunun görünməyən yanları nəzərdə tutulur. Hazırda ABŞ-da iki qüvvə – milli dövlət elitasıyla, maliyyə-bank korpusu arasında dərin fikir ayrılığı yaşanır. Onsuz da hər iki tərəf kapitalizm sisteminin məhsuludur. Deyilə bilər ki, dövlət elə kapitalizm meydana gəlməmişdən öncə də vardı. Düzdür, vardı. Ancaq orta əsrlərdə hökm sürmüş feodal dövlətin mahiyyəti xeyli fərqli olub. Sözsüz ki, kapital özü-özlüyündə dövlətsiz indiki müasir halına gələ bilməzdi. İkinci Dünya Müharibəsindən sonra dünyadakı bütün mühüm qərarlar ABŞ dövlətilə qlobal maliyyə sistemi tərəfindən birgə qəbul olunaraq, həyata keçirilib. Kənardan görünməsə də, bu müddət ərzində onlar arasında qarşıdurmayla yanaşı, anlaşma da olub. İndi isə vəziyyət elə gətirib ki, iki elita arasında kəskin mücadilə gedir.

Amma buna baxmayaraq, dövlətlə kapital arasındakı baza ziddiyyətlərini müxtəlif siyasi alətlərlə ortadan qaldıran və nizamlayan gücün varlığı barəsində də danışılır. Bəlkə də “dərin dövlət” termini əvəzinə ”böyük tənzimləyici güc” ifadəsinin işlədilməsi daha məqsədəuyğun olar. Belə də demək mümkündür: “Dünyada gedən iqtisadi-siyasi prosesləri tənzimləyən dərin güc”. Və bu qüdrətli qüvvə üçün istər ABŞ dövləti və istərsə də beynəlxalq maliyyə-bank korpusu eyni şeydir və onların hansına üstünlük verilməsi dünya səviyyəsindəki iqtisadi və siyasi hadisələrin xarakterindən asılıdır. Bu qüvvənin ən üst mərtəbəsi barəsində geniş fikir yürütməyə başlasaq, onda lap qədimlərə gedib çıxmalı, bəşər tarixinin taleyinə təsir göstərən iqtisadi və siyasi proseslərlə bərabər, cəmiyyət həyatında dərin izlər qoymuş dinin, fəlsəfənin, əxlaq normalarının və elmin oynadığı mühüm rola da toxunmalıyıq.

Müasir dövrümüzdə dünya səviyyəsində yalnız iki qüvvə “oyun qurmaq” iqtidarındadır: ABŞ dövləti və qlobal maliyyə-bank korpusu. Bu iş incə və mürəkkəb metodlarla aparılır. Yekun nəticədə belə qənaətə gəlmək olar ki, dünyadakı böyük dövlətlər məhz bu iki gücün geosiyasi və qlobal iqtisadi mübarizəsinin təsiri altındadırlar və zaman-zaman müxtəlif siyasi gedişlərlə bu və ya digər tərəfin yanında mövqe tutmaq məcburiyyətində qalırlar.

Bəli, heç şübhəsiz ki, böyük dövlətlərin həm bu iki qüvvə, həm də öz yaxın geostrateji partnyorları arasında manevr etmək imkanları var. Ancaq bu, onların dünya çapında meqa layihələr hazırlaya biləcəkləri anlamına gəlmir.

Vaqif MAHMUDOV 

“Azpolitika.info”