DƏHŞƏTLİ QƏTL, YOXSA İNTİHAR OLAYI? - 3 tanışı ilə balığa çıxan Neftçala sakini Xəzərdə necə itkin düşüb? - BALIQÇININ QIZINDAN SENSASİON AÇIQLAMALAR

Baxış sayı:
2962

Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan, müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Quliyeva Rəhimə Vurğun qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi məktubunda yazır:
“Nəzərinizə çatdırıram ki, mənim atam Quliyev Vurğun Akif oğlu (1976-cı il təvəllüdlü) balıqçı, yəni balıq ovlamaqla məşğul olub, lakin o, son 1 (bir) ildə həmin peşə ilə məşğul olmamışdır.

02.10.2019-cu il tarixdə atam Quliyev Vurğun Akif oğlu Neftçala rayonundan olan Əhmədov Aqil, Cəfərov Elbrus və Babayev Valehlə birlikdə Bakı şəhəri, Pirallahı rayonu ərazisindən Aqil tərəfindən Bakı şəhərində yaşayan Muradov Seyidağadan icarəyə götürdüyü (özəl) kiçik həcmli balıq ovlayan SA 16-72 bort nömrəli katerlə balıq ovlamaq məqsədilə Xəzər dənizinə (gölünə) çıxmışlar. 06.10.2019-ci il tarixdə səhər saatlarında atam Vurğun qardaşım Quliyev Talehlə + 8821644462088 nömrəli mobil telefonla əlaqə saxlamış və hava şəraitinin küləkli olduğunu bildirmiş və 08.10.2019-cu il tarixdə qayıdacağını məlumat vermişdir.
Atam, bundan başqa, həmin gün qeyd olunan telefon nömrələrindən oğlu Quliyev Talehə mesaj göndərərək, dənizdə hava şəraitinin küləkli olduğunu və kateri dayandırdıqlarını bildirmişdir.
Bu mesajdan sonra atam bizim heç birimizlə əlaqə saxlamamış və onun qayıdacağı vaxtda, yəni 07.10.2019-cu il tarixdə gəlmədikdə, biz hamımız narahatlıq keçirdik. Bu səbəbə görə biz Aqil Əhmədovun ailəsi ilə telefon əlaqəsi saxladıq, onlar da bildirdilər ki, hələ bir xəbər yoxdur.
Bizim Neftçala rayonundan olan Alxas Pənəliyev adlı şəxs 08.10.2019-cu il tarixdə mənim qardaşım Quliyev Talehə telefonla zəng edərək, atamla 06 oktyabrdan 07 oktyabr 2019-cu il tarixə keçən gecə, səhərə yaxın dənizdə rastlaşdığını və atamgilin olduğu katerə yanacaq verdiyini də bildirmişdir.
Bundan başqa, Alxas Pənəliyev qardaşım Talehə dənizdə hava şəraitinin əlverişsiz olduğunu, lakin tezliklə Vurğungilin də qayıdacağını bildirmişdir.
08.10.2019-cu il tarixdə artıq bizdə məlumat var idi ki, atam Vurğunun meyiti Bakı şəhərinə bizə təhvil verilmək üçün gətirilmişdir. Lakin axşama kimi gözlədik, nə atam gəlmədi, nə də ki meyiti.
Bundan sonra bizə məlum oldu ki, atamla birlikdə balıq ovuna getmiş şəxslərin üçü də, yəni Aqil, Elbruz və Valeh dənizdən qayıtmışlar, atam isə qayıtmamışdır. Onlardan biri Aqili, guya Bakı şəhərində saxlamışlar, o, 2(iki) nəfər isə Neftçala rayonuna getmişlər. Rayona gələn Valeh və Elbrus bizim ailə üzvlərindən heç birinə nə baş verdiyini, atamın gəlməməsi səbəbi barədə məlumat verməmişlər. Onlar hər ikisi Neftçala rayonuna günorta çatmışlar, lakin bizim ailəyə isə onlardan yalnız biri - Valeh gəlmiş və dənizdə 07.10.2019-cu il tarixdə əlverişsiz hava şəraitində katerin küləyin təsirindən aşdığını və onların 1(bir) sutkadan artıq müddətdə suda qaldıqlarına və atam Vurğunun dözməyərək özünü bir neçə dəfə suya ataraq həlak etdiyini, lakin hər dəfə Valehin onu xilas etdiyini vurğulamışdır. Valeh bizə bildirdi ki, son anda Vurğun özünü həlak etmək məqsədilə suya atdı və həlak oldu. Onun cəsədini biz əldə edə bilmədik deyə, bizə məlumat verdi.
Hazırda bizim üçün ən vacib məsələ atamın cəsədinin tapılmasıdır. Bu məqsədlə təcili və təxirəsalınmaz axtarış tədbirlərinin təşkil olunmasıdır. Əks halda, biz heç onun cəsədini də görə bilməyəcəyik.
Yuxarıda qeyd olunanlardan başqa, atam Quliyev Vurğun Akif oğlunun ölümündə təqsirli bilinən şəxslər təcili olaraq aşkar edilərək, qanunla nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması təmin edilsin. Biz ailə üzvlərindən heç birimiz inana bilmirik ki, atam Vurğun özünə qəsd etmək məqsədilə Valehin dediyi kimi hərəkət etsin. Atam Vurğunla bağlı baş vermiş hadisə ətraflı, tam və obyektiv və peşəkar müstəntiqlər tərəfindən araşdırılsa, hadisənin hansı səbəbə görə baş verdiyi aşkar olunacaqdır.
Hörmətli cənab Baş Prokuror!
Mən və mənim ailə üzvlərimizin hamısı əmindir ki, bu hadisə Aqil Əhmədov tərəfindən törədilib, bu barədə onunla birlikdə olanlar - Valeh və Elburus da iştirakçıdırlar.
Həmçinin kateri Aqilə müvəqqəti icarəyə vermiş Muradov Seyidağa da tam məlumatlıdır.
Xahiş edirik bu hadisəni şəxsən öz nəzarətinizdə saxlayasınız”.
 
Muxalifet.az
 
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.