Daha bir jurnalistdə koronavirus aşkarlandı - OPERATİV QƏRARGAHIN BRİFİNQİNDƏ...

Baxış sayı:
418

ARB24 telekanalının Operativ Qərargahda keçirilən son brifinqində çəkiliş aparan operatorunda koronavirus aşkarlanıb.

Bu barədə Demokrat.az-a daxil olan məlumatı telekanaldan təsdiqləyiblər.

ARB-nin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bildirib ki, əməkdaşda heç bir əlamət olmayıb:

“Həmin gün işə gələrkən binanın girişində qızdırması ölçülüb və hərarəti normal olduğundan işə başlamasına icazə verilib. Gün ərzində çəkilişdə olub və axşam tərəfi Operativ Qərargahın brifinqinə yollanıb. Orada götürülən testin nəticəsi pozitiv çıxıb. Ondan başqa daha iki əməkdaşımızda da koronavirus aşkarlanıb. Hər ikisi məzuniyyətdə olan bu əməkdaşlar müəyyən əlamətlərdən şübhələndikləri üçün test veriblər və nəticələri pozitiv çıxıb. Hər üç əməkdaşımız hazırda özünü yaxşı hiss edir, səhhətlərində ciddi problem yoxdur”.

Ozal İbrahimlinin sözlərinə görə, bununla ARB24 telekanalında COVİD19 infeksiyasına yoluxanların sayı yeddiyə çatıb: “Digər dörd əməkdaşdan ikisinin ikinci testinin cavabı neqativ çıxıb, bir əməkdaş bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb, digərinin müalicəsi isə hazırda xəstəxana şəraitində davam etdirilir”.

Ozal İbrahimli bildirib ki, bu yoluxmalara baxmayaraq, ARB24 telekanalı fəaliyyətini davam etdirir: “Telekanalda məhdud yayım həyata keçirilir, əməkdaşlar iki qrupa bölünmüş halda işləyirlər”.

“ARB24 xəbər kanalı olduğu üçün əməkdaşlar tez-tez çəkilişlərə yollanırlar, çoxsaylı insanlarla ünsiyyətdə olurlar. Şirkət daxilində və çəkilişlərdə birmənalı olaraq, qoruyucu maska taxsalar, sosial distansiya və gigiyenik tələblərə əməl etsələr də, təəssüf ki, indiyədək yeddi əməkdaşımız bu virusa yoluxub. Bu virusdan heç kim sığortalanmayıb”, - deyən Ozal İbrahimli vurğulayıb ki, təhlükəyə baxmayaraq, ARB24 telekanalının əməkdaşları təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməklə, üzərlərinə düşən xəbər missiyasını uğurla həyata keçirməkdə davam edirlər.