“Çoxlu sayda işçinin maaş kartını özündə saxlayır” – “JEK” MÜDİRİNƏ QARŞI ŞOK İTTİHAM

Baxış sayı:
3604

“Çoxlu sayda işçinin maaş kartını özündə saxlayır” – “JEK” MÜDİRİNƏ QARŞI ŞOK İTTİHAM
Göyçay rayon, Birinci Ərəbcəbirli kənd sakini, 1-ci qrup hərbi əlil Səmədov Məhəmmədəli Azər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu göndərilib. Saytımız vasitəsilə Prezident İlham Əiyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Bu şikayət ərizəmi yazaraq Sizə bildirirəm ki, biz ailədə 5 nəfərik, anam evdar qadındır, atam heç bir yerdə işləmir. Mən isə 2011-ci ildən 1-ci qrup hərbi əliləm. Ailədə heç birimiz işləmədiyimiz üçün maddi durumumuz çox aşağıdır. Mən bir neçə gün öncə qərara gəldim ki, ailəmizin maddi sıxıntılarını aradan qaldırmaq üçün  rayonumuzda yerləşən idarə və müəssisələrə atamın, yaxud anamın işləməsi ilə bağlı müraciət edim. Göyçay rayon Mənzil İstismar İdarəsində boş iş yeri olduğu barədə məlumat aldım. 10 mart 2020-il tarixində həmin İdarəyə getdim. İdarə rəhbəri Ayaz Səfərəliyevin qəbulunda oldum. Ona ailəmizin vəziyyətini olduğu kimi anlatdıqdan sonra atamın yaxud anamın Mənzil İstismar İdarəsində işlə təmin olunması üçün mənə köməklik göstərməsini xahiş etdim. O, isə mənə bildirdi ki, hazırda bizim İdarədə əlavə işçiyə ehtiyac yoxdur”.

“Maaş kartlarından hər ay bankomatdan pulun kim tərəfindən alınması yoxlanılmalıdır”

Şikayətçi vurğulayıb ki, Göyçay rayon Mənzil İstismar İdarəsinin rəisi Ayaz Səfərəliyev çoxlu sayda işçinin maaş kartını özündə saxlayıb, əmək haqqını alıb, onlara cüzi pul verir: “Bunun müqabilində həmin şəxslər işə gəlmirlər. Bunu isə subut etmək üçün həmin işçilərin maaş kartlarından hər ay bankomatdan pulun kim tərəfindən alınması yoxlanılmalıdır. Çünki bilindiyi kimi bankomatda bütün əməliyyatlar kamera ilə çəkilir və yaddaşda 5 il saxlanılır”.

“Ayaz Səfərliyev bu İdarədə işçi heyyətini üç hissəyə bölüb”

M. Səmədovun sözlərinə görə, Ayaz Səfərəliyev sanki Göyçay rayon Mənzil İstismar İdarəsini öz adına özəlləşdirib: “O, bu İdarədə işçi heyyətini üç hissəyə bölüb. Onlardan birinci qrupda olanlar adları həmin idarədə işləyirmiş kimi qeydiyyata alınıb, ancaq heç vaxt işə gəlmirlər. Bunun qarşılığında isə onlara staj yazılır və onların maaş kartları isə Ayaz Səfərəliyevin cibindədir.
İkinci qrupda olan işçilər ayda 5-6 gün işə gəlmək şərti ilə qalan vaxtlarda gündəlik iş müddəti zamanı özəl iş yerlərində daha yüksək pul qarşılığında çalışmaqdadırlar. Onların maaşları isə Ayaz Səfərəliyev arasında dədə malı kimi bölüşdürülür”.

“Fağır işçilər Ayaz Səfərəliyevin göstərişi ilə vəzifəli şəxslərin şəxsi mülkiyyətlərində kölə kimi işlədilirlər”

M. Səmədov nəzərə çatdırıb ki, üçüncü qrupda olan avam və fağır işçilər isə hər gün səhər 09-00-da işə gəlirlər: “Rayonumuzda nə qədər uçulub dağılmaqda olan və təmirə ehtiyacı olan yaşayış binalarının olmasına baxmayaraq, həmin avam və fağır işçilər Ayaz Səfərəliyevin göstərişi ilə vəzifəli şəxslərin şəxsi mülkiyyətlərində kölə kimi işlədilirlər. Göyçay rayon Mənzil Istimarı Idarəsinin işçiləri hazırda  rayonun Çayarxı kəndində tikilən uşaq bağçasında işləyirlər. 3 ay olar ki, bu uşaq bağçasının tikintisinə başlanılıb. Lakin tikintiyə başlayandan bu günə kimi cəmi 4-5 mişar daşı hasarı qaldırılıb. Koronavirus pandemiyası ilə əlaqədar 20 aprelə qədər iş yerlərinin fasilə etməsinə baxmayaraq, Ayaz Səfərəliyevin gündəlik işə gələn 5-10 işçisi hazırda tikintisi gecikdirilmiş həmin uşaq bağçasında işləyir”.

“Əgər hansısa dövlət məmuru insanlarların haqqını yeyirsə, dövlətə xəyanət etmiş sayılır”

M.Səmədov onu da diqqətə çatdırıb ki, bundan öncə, həmin işçi heyyəti Göyçay rayon Müskürlü kəndində 3 il müddətində bir məktəbi güclə tikib başa çatdırıblar: “Cənab Prezident, Siz çıxışlarınızda xalqa səslənirsiniz ki, Prezident Administrasiyasında artıq başqa vəziyyətdir. Bütün ərizə və şikayətlərə ciddi baxılır. Əgər hansısa dövlət məmuru insanlarların haqqını yeyirsə, o varlanmaqla yanaşı, dövlətə xəyanət etmiş sayılır. Bu səbəbdən mən də bir vətəndaş kimi Göyçay rayon Mənzil istismarı idarəsində olan qanunsuzluqları sizə bildirməyi özümə borc bildim. Cənab Prezident, Sizdən çox xahiş edirəm, adını şikayət ərizəmdə göstərdiyim faktları yerində mənim iştirakımla obyektiv araşdırıb, cinayət əməlləri ilə məşğul olan Göyçay rayon Mənzil İstismar İdarəsinin rəisi Ayaz Səfərəliyev barəsində ciddi tədbirlər görəsiniz”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.