“CƏNAB PREZİDENT, ARİF SEYİDOVA "DUR!" DEYİN" - Aprel döyüşçüsü: “Arif Seyidov dostu Vilyam Hacıyevin yolu ilə gedir"

Baxış sayı:
871

Göygöl rayonu, Üçtəpə kənd sakini Məmmədov Şahin Şakir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısı Arif Seyidovdan şikayət edən Ş.Məmmədov saytımız vasitəsilə president İlham Əliyevə müraciət edir:
“Hörmətli Prezident!
Mən Məmmədov Şahin Şakir oğlu, 2016-cı il aprel döyüşlərinin iştirakçısıyam. Və həmin döyüşlərdə iştirakıma görə Fəxri Fərmanla təltif edilmişəm.
Göygöl rayonunun Üçtəpə kəndində yaşayıram. Ali təhsilliyəm. Müəllim işləyirəm. 2003-cü ildən YAP üzvüyəm. Ehtiyatda olan zabitəm.
Göygöl rayonunda olan acınacaqlı duruma dözə bilmirəm. İnanın ki, Göygöl rayonundakı vəziyyət İmişli rayonundan fərqli deyil. Arif Seyidov Vilyam Hacıyevin təkcə yerlisi yox, həm də yaxın dostudur.
Göygölün başçısı özünün mal-qara fermasını qardaşı Maarif vasitəsilə saxlayır. Təbii olaraq bu işi  kasıb insanların otlaq sahələrini və torpağını zəbt edərək edir.
Göygöl xəstəxanasının qarşısında olan aptek Arif Seyidovundur. Göygöl xəstəxanasının öz aptekində "yoxa çıxan" dərmanlar həmin aptekdə tapılır.
Göygöl xəstəxanasının qarşısında olan "Məkan" çay evi və "Elit" çay evi Arif Seyidovundur. Ümumiyyətlə, Göygöl rayonunda Arif Seyidovun olmayan heç bir obyekt yoxdur. Ola da bilməz.
Cənab Prezident!
2014-cü ildə Arif Seyidovun qəbuluna getdim ki, Mədəniyyət şöbəsində korrupsiya halları var. Məni dinləmək əvəzinə, işdən azad etdilər. İllər sonra 2019-cu ildə mən Mədəniyyət şöbəsinin müdirini Seyidov işdən azad etdi.
Haqq yerini qismən də olsa tuta bilər, indi Arif Seyidovun cəsarəti çatırsa, işin ucu ona və müavini Kəmalə İbrahimovaya çatmırsa, 2014-cü ildə etdiyim müraciət əsasında, mədəniyyət şöbəsində araşdırılma aparılsın.
Ancaq Arif Seyidov mənə “siz haqlı idiniz” desin. Üzrxahlıq etsin.  Təbii ki, vaxt ayıra bilsə. Çünki onun belə "xırda" işlərlə məşğul olacaq vaxtı yoxdur.
Arif Seyidovun nəzarətsizliyi ucbatından, rayonun məşğulluğunda, sosial müdafiə, rabitə və nəqliyyat sahələrində vəziyyət acınacaqlıdır.
Arif Seyidovun başı öz şəxsi biznesini idarə etməyə qarışıb. Göygöl rayonunun idarə edilməsi onun vecinə də deyil.
Bir sözlə Arif Seyidov Göygöl rayonunu idarə edə bilmir. Göygöl rayonu Allah ümidinə yaşayır.
Cənab Prezident!
Mən bir aprel döyüşçüsü, rayonumuzun bir ziyalısı kimi Sizdən xahiş edirəm, Arif Seyidova “dur!” deyin. Heç olmasa yerini başqa bir rayona dəyişin”.

Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.