Çingiz Abdullayevin “cahillik əsasnaməsi”

Baxış sayı:
7413

Özünü (bütün məsələlərdə) özgə dildə düşünmək çətin işdi (hətta arxanda milli bayrağın olsa belə)...

 

Hər hansı dövlətin başqa dövlətin ərazisində məktəbi olmasına çalışmasının yalnız bir səbəbi var: o xalqın içində həmin dövlətin dilində düşünən kütlə yaransın.

 

RUS DİLLİ MƏKTƏBlLƏRİN FƏSADI: Bir Məmləkətdə dövlət hesabına rus dilli məktəblərin olmasının nəticəsidir ki, bu yaşda və bu başda adam (özü də xalq yazıçısı) yad dildə düşünür. Və hələ də anlamayıb ki, istər Sovetlər dönəmində, istər də indi Rusiya efirlərində ermənilərin çox olmasının səbəbi bizim kamilliyimizdən və ya cahilliyimizdən yox, rusların kimə üstünlük verməsindən asılıdır (Necə ki, S.P.Korolyova (kosmosu daha dərindən fəth etmək üçün) güvəndiyi mütəxəssis lazım idi deyə 1966-cı ildə təkidlə Kərim Kərimovu Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin etdirmişdi, eləcə də ruslara ermənilər lazım idi deyə onların efirlərə yolunu açıq saxlamışdılar). Rusiya həmişə - istər çar dövründə, istər Sovetlər dönəmində, istərsə də indi ermənilərə xüsusi imtiyazlar tanıyıb. Bizimsə haqqımız olduğunu elə düşünməyib (düşünübsə, elə lazım olub).

Tarix boyu Azərbaycan "böyük qardaşa" - Moskvaya (Ermənistanın tarixi boyu görməyəcəyi qədər) xərac ödədiyi halda belə, üstünlük ermənilərə verilib.

Rusiya efirlərində azərbaycanlıların olmaması məsələsini bizim cahilliyimizə bağlayan adama deyən gərək, aç, Sovetlər dönəmində (elə indi də) Mosfilmin və s. Rusiya kinostudiyalarının çəkdikləri filmlərə bax:

70 ildə 7 azərbaycanlı obrazı yoxdu. Müharibə filmlərində də Qafqazdan əsasən erməni-gürcü, müsəlmanlardan da özbək-filan obrazlarıdır. Niyə, bizdə aktyor yox idi, ya müharibədə döyüşənimiz olmayıb? Yoxsa adımız Berlinə ilk girənlər sırasında (onu da gizlədiblər bizdən) deyilmiş?

Çingiz Abdullayevin "cahillik əsasnaməsi"ndən belə çıxır ki, Həzi Aslanovu da yarasını sarımayıb, öldürüblər ki, "rus dilini bilmir", ayıbdı, Berlinə girməsin?

Şarl de Qoll SSRİ-yə gəlməsəydi, Əhmədiyyə Cəbrayılov Moskvanın vecinə də deyildi (guya sonra oldu də). Halbuki erməninin qulduruna da Sovet İttifaqı Qəhrəmanı adı verirdi). Bəlkə Əhmədiyyə də dil bilmirdi (rus, fransız, alman dlllərində danışıb adam)?

Bax budu bir məmləkətdə başqa dilin tədrisinə dövlət büdcəsindən maaliyyələşən məktəb şəklində dəstək verməyin nəticəsi.

Özgə dilində özünü düşünmək müşkül məsələdi.

Azərbaycanda rusdilli məktəb bitirmiş və Milləti, Məmləkəti çoxlarından artıq düşünə bilıən yetərincə soydaşlarımız da var əlbəttə (hamısına sayğılar). Amma onlar öz heysiyyatlarından, mənliklərindən çıxış edib mənim bu dediklərimi qəribçiliyə salmasınlar lütfən. Başqa dildə orta təhsil almaq və millətçi ola bilmək də bir üstün keyfiyyətdi insanda (mənim belə qohumlarım, dostlarım, həmkarlarım da az deyil). Bu cür ola bilmək keyfiyyəti həmin adamlara Tanrının lütfüdür. Yəni sən gör nəsən ki, on il aldığın təhsilin hədəflətiyi təsirə düşmürsən.

Amma bu keyfiyyəti, fədakarlığı hamıdan da gözləmək olmaz. Yəni "hamı istədiyi dildə təhsil alsın, onsuz da vətini sevən, millətin halını düzgün dəyərləndirmək istəyən elə də sevəcək, dəyərləndirəcək, belə də". Yox, elə deyil. Özgə dildə yetişdirildinsə, mülli düşüncən təsir altına düşür. Vətəni, milləti hamıdan çox sevdiyin halda belə, özün də bilmədən qiymətləndirmədə üstünlüyü dilini ana dilin qədər (hətta ondan artıq) daşıdığın özgəyə verə bilirsən. Necə ki, Çingiz Abdullayev budəfəki yanaşmasında elə etdi.

P.S. Halbuki yeri gələndə Çingiz Abdullayev Bakıda səfərdə olan Rusiya nümayəndə heyətinin üzünə demişdi ki, "Gedin özününkülərə deyin ki, Qarabağın açarı Moskvadadı".

İlqar Rəsul