Bu gün daha 10 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirilir

Baxış sayı:
820

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

DİM-dən bildirilib ki, imtahanlarda 14 min 115 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanacaq. Buraxılış rejimi saat 10:45-də başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılacaq.

İmtahan iştirakçısı imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxararaq üzünü göstərməlidir.