BORİS NAVASARDYAN ERMƏNİ JURNALİSTLƏRİNİN BAKIYA SƏFƏRİ HAQDA - “Hansısa aydın olmayan səbəblərdən bu proses məxfi keçir...”

Baxış sayı:
409

Ötən həftə belə xəbərlər yayıldı ki, Ermənistan və Azərbaycan jurnalistlərinin çoxdan müzakirə olunan qarşılıqlı səfərləri başlayır. Belə ki, noyabrın 17-də bir qrup erməni jurnalistinin Bakıya gələcəyi, bu gün noyabrın 18-də isə azərbaycan jurnalistlərinin Yerevana səfər edəcəyi haqda xəbərlər yayılmışdı. Lakin nə rəsmi Yerevan, nə Bakı bu xəbərləri şərh etməyib, jurnalist qruplarının tərkibinə kimlərin daxil olacağı və digər detallar açıqlanmayıb. Habelə bəhs olunan tarix arxada qalsa da Ermənistandan Bakıya həqiqətən hansısa jurnalistlərin gəlib-gəlmədiyinə dair məlumat yoxdur.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Yerevan Mətbuat Klubunun sədri, ötən əsrin 90-cı illərinin sonlarında və 2000-ci illərin əvvəllərində Azərbaycanla Ermənistan vətəndaş cəmiyyətləri, KİV-ləri arasında təmasların ən fəal iştirakçılarından biri Boris Navasardyan bu məsələni şərh edib. Panaroma.am portalına müsahibəsində Navasardyan deyib ki, belə səfərlər çoxdan gözlənilirdi. Çünki bir növ rəsmi səviyyədə əldə edilmiş razılaşma idi və beynəlxalq vasitəçilər heç olmasa bir istiqamətdə prosesləri ölü nöqtədən tərpətməyə çalışırdılar.  

 

“Bununla belə məni nəsə narahat edir, hansısa aydın olmayan səbəblərdən bu proses konfidensial rejimdə həyata keçirilir. Bunu belə izah etmək olar ki, ola bilsin düşünüblər, Azərbaycanda və o cümlədən Ermənistanda bundan xoşu gəlməyən hansısa qruplar təxribatlar həyata keçirə, hazırlıq işləri görə bilər. İstənilən halda hesab edirəm ki, piketlər formasında özünü göstərən bu cür təxribatçı hərəkətlərdənsə cəmiyyətin bu prosesin niyə məxfi saxlanıldığı haqda şübhələnməyə başlaması daha təhlükəlidir. Tamamilə mümkündür ki, pozitiv təsirdənsə onlar olduqca neqativ reaksiyalar ala bilərlər”,-Navasardyan bildirib.