Bizi qarşıda ağır mərhələ gözləyir... - Dövlət qurumları nə etməlidir?

Baxış sayı:
537

Azərbaycan ordusu 44 gün ərzində anti-terror əməliyyatları reallaşdırdı, müharibədə şəksiz qələbə əldə etdik və hazırda dövlət bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalanır. Hər şey bununla bitirmi? Xeyr! Hələ qarşıda bizi ağır və məsuliyyətli bir mərhələ gözləyir. Müharibənin fəsadlarının aradan qaldırılması prioritet məsələ olmalıdır. Ermənilərin dağıtdığı şəhər və kəndlərimiz yenidən bərpa olunacaq. Müharibə bir dövlətə gün ərzində on milyonlarla vəsaitə başa gəlir. Şəhidlərlə bağlı həyata keçirilən təxirsalınmaz addımlar, onların ailələrinin imtiyazlarının müəyyənləşdirilməsi, yaralı əsgər və zabitlərin müalicəsi, hərbçilərin sosial təminat məsələlərinin həlli başlıca vəzifə kimi qarşıya qoyulmalıdır. Və bütün bunlar milyardlarla pul və bir neçə il vaxt tələb edir. Dövlət başçısı İlham Əliyevin müharibə dövründə ölkənin BİRİNCİ ƏSGƏRİ kimi əldə etdiyi qələbə, eyni zamanda, Onun bu günə qədər şəhid ailələrinə, qazilərə göstərdiyi qayğı onu deməyə əsas verir ki, bütün bu işlərin hamısı həyata keçiriləcək, müharibənin fəsadları da aradan qaldırılacaq, əhalinin sosial təminatı istiqamətində də ciddi addımlar atılacaq.

Lakin burada əsas amillərdən biri bütün bunlarla bağlı müvafiq dövlət qurumlarının öz işlərinin öhdəsindən layiqincə gəlmək məsələsi olacaq. Bir daha xatırlatmaq yerinə düşər: Biz şəhidlərimizin qanı bahasına tarixi qələbə əldə etmişik və bu qələbəyə kölgə salan istənilən məmurun, dövlət qurumunun fəaliyyəti dərhal ifşa olunmalıdır. Dövlət qurumları nə etməlidir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və qazilərimizlə bağlı elə bir şəffaf iş qurmalıdır ki, kiçik narazılıq belə olmasın. Onların sosial təminatı heç bir süründürməçiliyə yol vermədən, bürökratik əngəl olmadan həyata keçirilməlidir. “Məmur xalqın quludur” devizi bu dəfə daha çılpaq şəkildə reallaşmalıdır. Bu müharibə nəticəsində Prezident İlham Əliyev təkcə ölkəmizdə deyil, bütün dünyada daha ciddi siyasi etalona çevrildi. Ona görə də hər hansı məmur sosial narazılıq yaradaraq Onun gördüyü işlərə kölgə salacaqsa, bu bağışlanmaz səhv olacaq.

Azərbaycanda kino sənayesində inqilab olmalıdır. Mədəniyyət Nazirliyi bu işə rəhbərlik etməlidir. Müharibədən, qazilərimizin, şəhidlərimizin döyüş yolundan, həyatından bəhs edən qısametrajlı filmlər çəkilməlidir. Milli kino fondumuza tarixi bəddi film bəxş olunmalıdır. Telekanallara serial çəkilişi üçün ayrılan pulların təyinatı dəyişdirilməlidir. Telekanallarda yersiz, bayağı serialların, filmlərin istehsalı dayandırılmalıdır. Müharibə cəbhədə bitib, amma ermənilərin dayanan deyil, onlar bütün dünyada özlərinin “haqlı” olduğunu sübut etmək üçün geniş fəaliyyətə başlayacaqlar. Nəzərə almaq lazımdır: bircə “Pianoçu” filmi yəhudilərin bütün dünyada və almanlar üzərində ideoloji qələbəsini təmin etmiş oldu.

TƏBİB və Səhiyyə Nazirliyi yaralı hərbçilərimizin müalicəsi ilə bağlı operativ və şəffaf fəaliyyət ortaya qoymalıdır. Xüsusilə də, zaman-zaman ortaya çıxan keyfiyyətsiz protez problemi bundan sonra gündəmdə olmamalıdır, narazılığın da olmaması üçün bəribaşdan keyfiyyətli və müasir protezlərdən istifadə olunmalıdır. Xəstəxanalarda süni şəkildə yaradılan, xırda problemlər birdəfəlik aradan qaldırılmalıdır.

Xarici İşlər Nazirliyi və Diaspora Komitəsi birlikdə hərəkətə etməli, Azərbaycanın xarici ölkələrdəki mədəni tədbirlərinə üstünlük verməlidir. Ermənilər tərəfindən dağıdılmış ərazilərimizin bütün dünyada nümayiş etdirilməsi vacibdir. Xüsusilə, Avropa ölkələrində sürətli və tanıtım, təqdimat xarakterli layihələr icra olunmalıdır.

Müharibədən sonra ilk narazılıq səsləri rayon icra hakimiyyətləri ilə fonunda eşidilir. Artıq bir neçə rayonun icra başçısının şəhid ailələrinə, yaralı hərbçilərimizə qarşı laqeyd münasibəti ilə bağlı müəyyən narazılıqlar da ictimailəşib. Şəhidlərin dəfn xərci üçün dövlət vəsait ayırıb, icra hakimiyyətləri heç bir süründürməçiliyə yol vermədən şəhid ailələrin hələki bu gün üçün zəruri olan problemlərini yerindəcə həll etməlidir. Qarabağ azad edilməsi müqəddəs işdir, bu müqəddəsliyə kölgə salmaq istəyən istənilən məmur, icra başçısı ən ciddi şəkildə cəzalandırılmalıdır. Yaxşı olardı ki, rayon icra hakimiyyətləri ilə bağlı radikal qərarlar qəbul edilsin, çünki sosial narazılıqların səbəblərinin əsas mənbələrindən biri rayon icra hakimiyyətləridir.

Samir FEYRUZOV, 
Azsiyaset.com