“Biz öz ərazilərimizdə anti-terror əməliyyatları keçirə bilərik” - QAFAR ÇAXMAQLI

Baxış sayı:
523

“Ermənistan Azərbaycan türklərinin dədə-baba yurdudur və bizim haqqımız var ki, oraya geri dönək”
 
 Bir neçə gündür ki, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs Qrupunun Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan etməsi mətbuatda və cəmiyyətdə ciddi müzakirə olunmaqdadır. Maraqlıdır ki, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının hədəfləri nədən ibarətdir? “Hürriyyət”in bu və digər sullarına cavab almaq üçün Təşəbbüs Qrupunun sədri Qafar Çaxmaqlı ilə söhbətləşdik.
 
(Əvvəli bu linkdə: “Biz bu əraziləri Ermənistandan tələb edəcəyik” – QAFAR ÇAXMAQLI)
 
– Qafar müəllim, İrəvan mahalının millət vəkilləri, eləcə də xalqımız etiraz etdiyi halda, maraqlıdır, həmin vaxt Milli Şura bu qərarı niyə qəbul edib?
 
– O dövrdə müəyyən danışıqlar gedirdi, Batumda bir konfrans var idi, iyunun 4-də müqavilə imzalandı və o zaman ermənilər Batum konfransına müraciət etmişdilər ki, bizim dövlətimizi elan etmək üçün paytaxtımız yoxdur. O zaman heç Azərbaycanın da paytaxtı yox idi. Bilirsiniz ki, Bakı bolşevik, erməni işağalçılarının, Şaumyanın nəzarəti altında idi. Həmin vaxtlarda Gəncə Azərbaycanın paytaxtı elan olundu. Ermənilər də belə bir müraciət etmişdilər. Çünki Ermənistanın ikinci böyük şəhəri Gümrü şəhəri türklərin əlində idi. Osmanlı ilə Ermənistan arasında savaş nəticəsində Gümrü şəhəri türklərin nəzaratinə keçmişdi və onlar türklərlə müqavilə imzalamışdılar, 9 min kvadrat kilometr ilə Ermənistanın ərazisi tanınmışdı, İrəvan quberniyası bu əraziyə daxil edilməmişdi. Ermənilər də konfrans zamanı danışıqlar propsesində basqı ilə müraciət edirdilər ki, “İrəvanı bizə verin”. Amma Ermənistanın Dağlıq Qarabağa və Zəngəzura da iddialları vardı. Ermənistan öhdəsinə götürmüşdü ki, “əgər müvəqqəti olaraq İrəvanı bizə paytaxt etmək üçün versəniz, biz bu ərazilərə, yəni Dağlıq Qarabağ və Zəngəzura iddialardan vaz keçəcəyik”. Amma Ermənistan sözünü tutmadı, daha sonrakı sürəcdə nə Dağlıq Qarabağ, nə də Zəngəzura iddilarından əl çəkmədi. Ermənistan demək olar ki, Batum konfransında və ondan əvvəl görüşlərdə olan şərtləri pozdu. Demək, Ermənistan əsas şərtləri pozmuşdur. O dövrün şəraiti belə idi. Bu şəraitdə Azərbaycan hökuməti də, Milli Şurası da İrəvanın Ermənistana güzəşt edilməsi ilə bağlı qərar çıxartdı ki, həm savaş dayansın, həm də bu ölkə Dağlıq Qarabağa və Zəngəzura iddialarından əl çəksin.
 
– İndi Ermənistanın şərtləri pozmasını beynəlxlaq səviyyədə qaldırıb, nəticə əldə edəcəyinizə inanırsınızmı?
 

– Təbii, bizim tələblərimizdən biri odur ki, Ermənistan 9 min kvadrat kilometr bir ərazidə elan olunub… Amma biz buna sayğılı davranacağıq. Çünki Türkiyə Cümhuriyyəti də bu 9 min kvadrat kilometr ərazidə Ermənistanı tanıyan ilk dövlət olub. Daha sonra Azərbaycan da tanıyıb və Azərbaycan öz  diplomatik missiyasını Ermənistana göndərib. Bizim orada səfirimiz olub, onların da burada səfiri olub. Biz buna sayğılıyıq. Amma Ermənistan da sonrakı mərhələdə Azərbaycanın İrəvan da daxil olmaqla, Zəngəzur bölgəsini öz tərkibinə daxil edib. Bilirsiniz ki, o da Sovet hökuməti vaxtında olub. Daha sonrakı mərhələdə bizim Azərbaycanın ərazisinin hesabına 29,6 min kvadrat kilometr əraziyə sahib olub. Baxın, 9 min kvadrat kilometrdən 29 min kvadrat kilometrə qalxıb. Demək, Azərbaycanın 20 min kvadrat kilometr ərazisi Ermənistana keçib. Əlimizdəki sənədlər əsasında biz bu əraziləri Ermənistandan tələb edəcəyik. Bizim zor tətbiq etmək fikrimiz də yoxdur. Biz qanuni şəkildə beynəlxlaq təşkilatlara müraciət edəcəyik ki, Qərbi Azərbaycandan olan 3.5-4 milyon əhalinin geriyə dönməyə haqqı var və ora dönməyə çalışacağıq. Bizim hədəfimiz budur.
 
– Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edən BMT-nin 4 qətnaməsi var, heç biri də icra olunmur. Yəni son 30 ildə işğal olunan torpaqları qaytara bilmiriksə, bu tarixi-hüquqi sənədləri beynəlxalq qurumların nəzərinə çatdırmaqla, 100 il əvvəl verilən bu torpaqları geri qaytarmaq necə mümkün ola bilər ki?!
 
– Baxın, BMT-nin 4 qətnaməsi var. Bütün dünyada Dağlıq Qarabağ Azərbaycan ərazisi sayılır və biz öz ərazilərimizdə anti-terror əməliyyatları keçirmək haqqını öz əlimizdə saxlayırıq. ATƏT-in Minsk Qrupu şərçivəsində aparılan danışıqlarda da deyilir ki, bu məsələ Azərbaycanın ərazi btüövlüyü çərçivəsində həll ediləcək. Burada yaşayan erməni əhalinin təhlükəsizliyini hər zaman Azərbaycan hökuməti dilə gətirib ki, qarant veririk. Ermənilər də bəhanə edirlər ki, guya, oradakı əhalinin təhlükəsizliyinə Azərbaycan qarant verməyəcək, qarantyor kimi Ermənistan dövləti onların arxasında duracaq. Bizim indiki halda əlimizdə çox ciddi faktlar var ki, orada anti-terror əməliyatları keçirək. Bilirsiniz ki, artıq sülh danışıqları neçə illərdir uzanır və bu danışıqların gedişatı da göstərir ki, ermənilər manipulyasiya edirlər, onlar danışıqlar yolu ilə o ərazilərdən işğalçı ordularını çıxarmayacaqlar. Şübhəsiz ki, bizim bu elan etdiyimiz Qərbi Azərbaycan (İrəvan) Respublikasının da ortaya çıxması Dağlıq Qarabağ məsələsində Azərbaycan dövlətinin əlini gücləndirən məsələlərdən biri olacaq. Çünki əgər Paşinyanın da dediyi kimi, Dağlıq Qarabağ Ermənistanındırsa, onda biz də ortaya qoyacağıq ki, İrəvan, Göycə, Zəngəzur da Azərbaycanındır. Bir alternativ ortaya çıxacaq. Bölgədə yeni bir ictimai-siyasi durum ortaya çıxacaq. Biz hesab edirik ki, bizim bu Respublikanın güclənməsi, ortaya çıxıb söz sahibinə çevrilməsi gələcəkdə Dağlı Qarabağ danışıqlarına da müsbət təsir edəcək və bu məsələnin Azərbaycanın xeyrinə həll olunmasına öz töhvələrimizi verməyə çalışacağıq.
 
– Yaradılacaq Qərbi Azərbaycan hökumətinin strukturlarının legitimləşməsi istiqamətində hazırda hansı işləri görürsünüz?
 
– Biz artıq yavaş-yavaş bu strukturları oluştururuq. Bu Respublikanın legitim olması üçün əvvəl parlamentin seçilməsi, daha sonra hökumətin formalaşması, kabinetin qurulması və prezidentin seçilməsi lazımdır. Legitim olması, dövlətin qurulması üçün bunlar şərtdir. Biz də mərhələ-mərhələ gedirik. Biz hələ üçüncü həftədir ki, bunu elan etmişik, xeyli də iş görülüb və bu işi də davam etdirməkdə qərarlıyıq.
 
– Bir az öncə, prezident İlham Əliyevin “biz Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq. Ora da bizim tarixi vətənimizdir” fikirlərini qeyd etdiniz. Maraqlıdır, bu istiqamətdə Sizə dövlətin dəstəyi var?

 
– Biz məlumat xarakterli Azərbaycan Respublikasının prezidentinə məktub ünvanlamışıq və bizim bəyannaməmizi də məktuba əlavə etmişik. Biz hələ yeni ortaya çıxmışıq, hələ ki, müəyyən bir dəstək var. Ayrı-ayrı dövlət adamları, millət vəkilləri dəstək verəcəklərini deyiblər. Amma biz istəmirik Azərbaycan dövlətini bu proseslərə çox da cəlb edək, deməsinlər ki, Azərbaycan dövləti bunun arxasında durur. Ancaq hüquqi baxımdan ortaya çıxmağımız, fəaliyyət göstərməyimizlə bağlı Azərbaycan dövlətindən ümidlərimiz var ki, onun siyasətinə dəstək verən belə bir quruluşun ortaya çıxmasına müsbət yanaşar.
 
– Qafar müəllim, sirr deyilsə, bu Respublikanın maliyyə məsələləri necə tənzimlənəcək? Çünki pulsuz bir respublikanın yaranması və idarə olunması mümkün  deyil.
 
– Hələ ki, biz o məsələlərə toxunmuruq. Bizdə müzakirələr kollegial şəkildə gedir. Onları da gələcəkdə müzakirə edəcəyik. Əlbəttə, bu Respublikanın maliyyə qaynaqları da olmalıdır ki, müəyyən işlər görə bilək. Amma hələ ki, biz bununla bağlı müəyyən bir qərara gəlməmişik.
 
– Necə düşünürsünüz, Qərbi Azərbaycan Respublikasının ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək mümkün olacaq?
 
– Şühhəsiz ortada bir təcavüzkar dövlət var. Ermənistan dövləti təcavüzkar bir dövlətdir. Azərbaycanın torpaqlarını işğal edib. Qərbi Azərbaycandakı o əraziləri də biz işğal sayırıq. İrəvan xanlığı 1828-ci ildə işğal olunub. Daha sonra bura erməni əhali köçürülüb və çoxaldılıb. Bundan sonrakı mərhələdə Azərbaycanın əlindən alınıb, burada bir dövlət qurulub və bu, işağaldır. İşğalçı dövlətlə necə davranmaq lazımdırsa, o cürə davranılacaqdır. Şübhəsiz ki, biz sülh yolu ilə məqsədlərimizə nail olmaq istəyirik. Ermənistan dövləti Azərbaycan türklərinin dədə-baba yurdudur və bizim haqqımız var ki, oraya geri dönmək, yaşamaq haqqımızı tələb edək. Bunu tələb edəcəyik. Amma əgər Ermənistan buna imkan verməsə, şübhsiz başqa alternativlərdən də istifadə olunacaq. Mən həmişə belə hesab etmişəm ki, Ermənistan iqtisadi baxımdan perspektivsiz dövlətdir və bu dövlət gələcəkdə müstəqil şəkildə yaşaya bilməyəcək. İkinci tərəfdən Azərbaycanın torpaqlarını işğal etməsi və dünyanın enerji qaynaqlarından, İpək Yolundan məhrum olması, bütün layihələrdən kənar buraxılması bu dövləti gələcəkdə perspektivsiz bir dövlətə çevirəcək və bu mənada indi xəbərlər yayılır ki, Ermənistan Rusiya Federasiyasının tərkibinə keçmək üçün yollar axtarır, Rusiya da Ermənistanı bir vilayət kimi qəbul etməyə hazırlaşır. Gələcəkdə bu da baş verə bilər. Ona görə, biz tələsməliyik ki, öz torpaqlarımızı Ermənistandan alaq, sonra çətin olacaq. Əgər Ermənistan Rusiyanın tərkibinə keçərsə, Rusiyadan torpaq tələb etməyimiz bir az işimizi çətinləşdirəcək. Biz torpaqlarımızı azad etməliyik və Ermənsitanın əlindən Göyçəni, Zəngəzuru, İrəvanı almalıyıq. Biz beynəlxlaq müqavilələrə hörmət edirik. Batum sazişinə də, başqa sazişlərə də hörmət edirik. Çünki bu sazişlər Ermənistanı 9 min kvadrat kilometr ərazi ilə tanıyıb. 1920-ci ildə Türkiyə Böyük Millət Məclisi 9 min kvadrat kilometr ərazini “Aleksandrapol”, yəni indiki “Gümrü” anlaşması ilə tanıyıb. Biz buna hörmət edirik. Amma torpaqlarımızı da tələb etmək haqqını əlimizdə saxlayacağıq.
 
Şamo EMİN,
Hurriyyet.org