Bir nömrəli killerin işi üzrə əsas şahidin oğlunu oğurladılar - "ATANA ÇATDIR Kİ, MÜSTƏNTİQİN AĞZINI YUMMASA..."

Baxış sayı:
1549

Rusiyanın ən qanlı kriminal qruplaşmalarından birinin lideri “Jako” ləqəbli kriminal avtoritet Aslan Qaqiyevin bandasının cinayət işi üzrə şahid qismində istintaqda dindirilən vəkil Konstantin Skrıpnik oğlu Yevgeninin naməlum şəxlər tərəfindən oğurlandığını bildirib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, K.Skrıpnik ailə üzvləri ilə birgə şəhər kənarındakı özünəməxsus mənzildə olub. İyunun 5-də yeniyetmə gəzintiyə çıxıb və müəmmalı şəkildə itib, zənglərə cavab verməyib. Gün ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.

Vəkil deyib ki, oğlu adətən harasa gedəndə tez qayıdır,  ləngiməli olarsa zəng vurub valideynlərinə xəbərdarlıq edir.

Övladının itkin düşməsi ilə bağlı V.Skrıpnik hüquq-mühafizə orqanlarına şikayət ərizə ilə müraciət edib. Vəkil ərizəsində telefonuna təhdid dolu zənglər olunduğunu da qeyd edib.

Polislər yeniyetməni ötən gün səhər saatlarında Moskvanın Noginsk rayonu ərazisində əl-qolu bağlı vəziyyətdə tapıblar. Yevgeninin sözlərinə görə, onu zirzəmiyə salıblar, 36 saat boyunca girovluqda saxlayıblar, əllərinə qandal vurublar.

Naməlum şəxslər tərəfindən yazılmış hədə-qorxu ilə bağlı məktub hüquq-mühafizə orqanlarına təqdim edilib. Amma məktubda nə yazılması ilə bağlı məlumat verilməyib. Yeniyetmənin atası polis əməkdaşlarına Rusiyanın əsas qatili kimi tanınan Aslan Qaqiyevin dəstəsinin cinayət işində şahid qismində adının keçdiyini deyib.

K.Skrıpnik iyunun 4-də ona olunan təhdidlərlə bağlı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə müraciət edib. O bildirib ki, 17 yaşlı oğlu Yevgeninin telefonuna “Atana çatdır, əgər Boyevin (cinayət işi üzrə müstəntiqlərdən biri) ağzını yummasa, onda həmişəlik susacaq” tipli mesajlar gəlib. Həmçinin, mesajla yanaşı “Jako”nun dəstəsinin əsas qatillərindən biri, hazırda istintaq təcridxanasında saxlanılan Ruslan Yurtovun şəkli də göndərilib.

Moskvadakı  “Art Otel” mehmanxanası Skrıpnikə məxsus olub. “Jako”nun dəstə üzvləri oradan qərargah kimi istifadə ediblər. Buna görə də V.Skrıpnik onların bir çox görüşlərinin şahidi olub. İstintaq zamanı “Jako”nun banda üzvlərinə qarşı ifşaedici ifadələr verib.

İstintaqla müəyyən edilib ki, A.Qaqiyev 2007-ci ildə öz silahlı qruplaşmasını yaradıb. Bandanın 30-a yaxın üzvü var. Dəstə üzvləri Moskvada və Şimali Osetiyada  çoxsaylı qətllər törətməkdə ittiham olunurlar.

İ.Rafiqqızı

Virtualaz.org