Biləsuvarın icra başçısının da başının üstünü "qara buludlar" alıb - RAYON SAKİNLƏRİ KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA ETİRAZ EDİR

Baxış sayı:
1112

Biləsuvar rayonu Səmədabad kəndinin sakinləri heyvandarlıqla məşğul olmaq üçün torpaq tapa bilmirlər. Vaxtilə əllərində olan torpaqlar icra başçısı Mahir Quliyev və Səmədabad bələdiyyəsinin sədri Hidayət Həsənov tərəfindən müxtəlif bəhanələrlə əllərindən alınaraq başqa rayonlardan olan biznesmenlərə satılıb.

Bu barədə rayon mərkəzinə toplaşaraq etiraz aksiyası keçirən Səmədabad sakinləri bildiriblər. Əksəriyyəti şəhid ailələri və Qarabağ döyüşçüləri olan etirazçılar icra başçısından öz torpaqlarının özlərinə qaytarılmasını tələb ediblər.

“Əvvəllər bizim hərəmizə 5 hektar torpaq verilmişdi ki, əkib dolanışığımızı çıxaraq biznesmenlərə verdi. 3 ildir bizə söz verib ki, hərənizə 5 hektar torpaq verəcəyəm. Halbuki söz verəndən sonra kəndin bələdiyyə sədri Naxçıvandan olan Novruz adlı şəxsə 600 hektar ərazini satdı, bizə – kəndin veteranlarına 30-50 hektar torpaq tapılmadı. Bu torpağı qoruyan, torpaq uğrunda şəhid verən insanlar torpaqdan istifadə edə bilmir, amma başqaları istifadə edir”, – kəndlilər bildiriblər.

Sakinlər deyiblər ki, kənddə dolanışıq üçün başqa şərait olmadığından ümidlərini yalnız həmin torpaqların qaytarılmasına bağlayıblar. Hazırda isə heyvan saxlamağa yerləri olmadığından heç kəs təsərrüfat qura bilmir. Bu isə o deməkdir ki, kəndlilər bütün gəlir yerlərindən məhrum olublar.

“Biz şəhid ailələri, müharibə veteranları çox əziyyət çəkirik. Belə getsə həyətyanı torpaqlar da əlimizdən gedəcək. Ailəm dörd nəfərdən ibarətdir, amma bizə 82 sot torpaq veriblər. Dəfələrlə prezidentə məktub ünvanlamışam, cavab gəlib ki, problemi necə lazımdır həll edilsin. Lakin getmişəm Mahir Quliyevin qəbuluna, deyib ki, mənim sənə verəcək torpağım yoxdur. Bəs onda mənim oğlum bu torpağı niyə müdafiə etməlidir? Mən niyə canımdan keçmişəm, qardaşım niyə şəhid olub? Hamımız bu torpağa görə döyüşmüşük. İndi bu torpaqdan heç olmasa, hərəyə 2 hektar verilsin ki, biz də dolanaq. Cənab prezidentdən xahiş edirik ki, bizə kömək eləsin”, – etirazçılardan biri deyib.

Kənd sakinlərinin sözlərinə görə, onlara məxsus torpaqlar başqa rayondan olan şəxslərə satılıb, kənd sakinləri isə ac qalmamaq üçün pul verib həmin şəxslərdən torpaqları icarəyə götürürlər.

Məsələ ilə bağlı Səmədabad kənd bələdiyyəsinin sədri Hidayət Həsənova dəfələrlə zəng etsək də, zənglərimizə cavab vermədi. Biləsuvar RİH başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova isə məzuniyyətdə olduğunu deyərək telefonu söndürdü. /virtualaz.org