Berlində sui-qəsd əmrini Ramzan Kadırov verib? - Almaniya mətbuatından ŞOK İDDİA

Baxış sayı:
631

Almaniya və Rusiya arasında diplomatik böhrana səbəb olan siyasi qətllə bağlı yeni faktlar ortaya çıxmağa başlayıb. Belə görünür ki, hadisənin Çeçenistanla, məhz Putin tərəfindən təyin edilmiş prezident Ramzan Kadırovla əlaqəsi var. Bu barədə “Bild” tabloidi yazır. Nəşr xatırladır ki, Berlinin Tirgarten parkında avqustun 23-ü qətl hadisəsi baş verib. Məhz həmin gün Çeçenistan rəhbəri Ramzan Kadırovun atası Əhməd Kadırovun ad günü olub. Əhməd Kadırov dövlətin düşmənlərinə, homoseksuallara amansız münasibəti ilə tanınıb. O, 2004-cü ilin may ayında Qroznı şəhərində təşkil edilən terror aktı nəticəsində öldürülüb. Çeçen üsyançılarının lideri Şamil Basayev hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Həmin vaxt Basayevin başçılığı altında “Qafqaz əmirliyi” islamçı qruplaşması rus işğalçılarına qarşı gizli müharibə aparırdı. Berlində Rusiyanın təşkil etdiyi iddia edilən sui-qəsd nəticəsində həyatını itirən, çeçen mənşəli Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvili də məhz həmin qruplaşmanın üzvlərindən olub. Şübhələnməyə səbəb var: 15 il sonra Ramzan Kadırov atasının ölümünə görə qisas alıb, Berlində Xanqoşvilini qətlə yetirib. Redaksiya heyətinin fikrincə, qətl hadisəsinin Çeçenistanla əlaqəsi olduğunu başqa bir fakt da təsdiqləyir: "Rusiya hökumətinin muzdlu qatilin saxta pasportunda qeyd etdiyi təxəllüs (“Sokolov”) Çeçenistanda öldürülən bir rus kapitanının soyadıdır. Roman Sokolov 2000-ci ilin mart ayında öldürülüb (...). “Bild”-in verdiyi məlumata görə, hazırda xüsusi xidmət orqanları müəyyənləşdirməyə çalışır: emiqrasiyada yaşayan keçmiş çeçen döyüşçülərini öldürmək üçün Kadırov və Rusiyanın hərbi kəşfiyyat idarəsi Çeçenistanda öldürülən “müharibə qəhrəmanlarının” adı altında başqa muzdlu qatilləri Avropaya göndəribmi? Çexiyanın “European Values” analitika mərkəzinin direktoru Yakub Yanda (Jakub Janda) nəşrə açıqlamasında bildirib ki, “Putinin nökəri hesab edilən Kadırovun günün günorta çxağı Berlinin mərkəzində bu cür yüksək səviyyədə sui-qəsd təşkil etməsi və bundan Putinin xəbərinin olmaması insana inandırıcı gəlmir”.//azpolitika