BDU-nun ölən tələbəsi ilə bağlı müəmmalar artdı: Jurnalist qohumu danışdı

Baxış sayı:
1762

Şəkər Xasmətovanın qohumu: "Bir istəyimiz var ki, ekspertizanın cavabları doğru-düzgün açıqlansın”
Noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qızın zəhərlənməsi, onlardan birinin dünyasını dəyişməsi hələ də müəmma olaraq qalıb. İki gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzovun məsələ ilə bağlı açıqlaması bu müəmmaları daha da artırıb.

Belə ki, Q. Təhməzov bildirib ki,  Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbənin ölümünə səbəb qida mənşəli zəhərlənmə deyil, bu, toksiki zəhərlənmədir.
Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir:
"Məsələ hüquq-mühafizə orqanlarına aiddir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək. KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi qələmə vermişdi”.
 
Yada salaq ki, universitetin 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində BDU-nun  fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı vəfat edib, ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və kitabxanaçılıq və informasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilib.
Hadisədən sonra qızlardan birinin ağzından qan gəldiyi xəbəri yayılmışdı.  O zaman professor Adil Qeybulla bunun toksiki zəhərlənmənin əlaməti olduğunu demişdi.

Bəs, toksiki zəhərlənmə nədir?

Toksik zəhərlənmə məlum olmayan hansısa maddədən, hansısa zəhərdən zəhərlənmə deməkdir. Yəni bədənə zəhərin daxil olması nəticəsində bu cür zəhərlənmə halları baş verir. Ekspertlər bildirirlər ki, bu, ilan zəhəri, siçan zəhəri, hansısa dərman və sairə ola bilər. Ona görə də ekspertiza nəticəsində tələbə qızların konkret olaraq hansı maddədən zəhərlənmələri ortaya çıxarılmalıdır.
Ötən günlərdə mətbuatda tələbələrin zəhərlənməsinə səbəb kimi siçan zəhərinin də adı çəkildi.  Məlum olduğu kimi, BDU-nun yataqxanası köhnədir və orada cəmi 130 tələbə yaşayır. Həmin binada məcburi köçkünlər də məskunlaşıblar. Universitetin yeni yataqxanası tikilsə də, istifadəyə verilməyib. Köhnə yataqxanada yaşayanların sözlərinə görə, orada xeyli sayda siçovul olur. Buna görə də hər tərəfə dərman səpirlər.  Ehtimallardan biri budur ki, siçovullar həmin zəhərləri yayır və qidaların üzərində gəzərək, insanlara da keçirə bilirlər. Buna görə də gənc qızın zəhərləndikdən sonrakı vəziyyəti, ağzından qan gəlməsi belə bir versiyanı da ortaya çıxarır ki, o, siçovullar üçün səpilən zəhərdən zəhərlənə bilər.
 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Dünyasını dəyişən Şəkər Xasmətovanın yaxın qohumu Samir İsayev "Yeni Müsavat”a məsələ ilə bağlı son proseslər barəsində danışıb. O bildirib ki, ailələri ekspertizanın cavabını gözləyir: "Bu gün işi aparan müstəntiqlə danışdım. Dedi ki, istintaq gedir, ekspertizanın cavabını gözləyirlər. Biz də elə həmin cavabı gözləyirik. Ekspertizanın cavabının 30 günə məlum olacağını deyiblər. Həmin tarix də bu ayın 20-sinə düşür. Bizə bildiriblər ki, Baş Prokurorluq məsələni nəzarətə götürüb, orada istintaq qrupu yaradılıb və onlar da işi araşdırırlar. Yataqxanada anti sanitariya vəziyyəti hökm sürür.  Yataqxananın mətbəxi, hamamı, elə yaşamaq üçün otaqları da yaxşı halda deyil. Yəni elə vəziyyətdədir ki, oranı təmir etmək olmaz. Gərək söküb, yenidən tikəsən. Orada siçanlar da istədiyin qədərdir. İldə iki dəfə buna görə yataqxananı dərmanlayırlar. Yəqin ki, mətbuatda bu dərmanları nəzərdə tuturlar. Zəhərlənən digər qızlarla bizim söhbətimiz olmayıb. Onlarla müstəntiq danışıb. Qızlar müstəntiqə deyiblər ki, qatıq, makaron, kartof yeyiblər. Bu qidalardan da zəhərlənmə olmur. Ona görə də ilk gündən də biz bunun qida zəhərlənməsi olmadığını demişik. Toksikoloqlarla danışan zaman da bizə dedilər ki, qida zəhərlənməsində ağızdan qan gələ bilməz. Deyə bilmərik ki, bu, dərman zəhərlənməsidir. Doğrudur, həkimlər gəlib, iynə vurublar. Ancaq vurduqları iynə də zəhərləmir. Ondan əvvəl dərman içiblərmi? Bunu da bilmirik. Deyilənə görə, qızlardan biri daha da pis olub və buna görə təcili tibbi yardıma müraciət ediblər. Həmin həkimlər qızlara zəhərlənmə diaqnozunu qoyublar. Bəs niyə sakitləşdirici iynə vurublar? Bunu başa düşmürük. Suallarımız çoxdur, cavab verən isə yoxdur”.
İctimaiyyətdə qızların arıqlamaq üçün çay, dərmanlardan istifadə etdiklərini deyənlər də var. Samir İsayev bütün bunların yalan olduğunu söylədi: "Kanalların birində efirə gedən materialda bu kimi fikirlər vermişdilər. Lakin bu, yalan məlumatdır. Hər yoldan keçəndən bir fikir alırlar, o da ağzına gələni danışır. Yaxud da sosial şəbəkədə  ”like” yığmaq üçün nə gəldi yazırlar. Başa düşmürlər ki, qohumları narahatdır. Biz ekspertizanın cavablarını gözləyirik. Bu zamana qədər bizimlə hansısa rəsmi şəxs maraqlanmayıb. Sadəcə olaraq, Qoşqar Təhməzlinin məlum açıqlaması var. Dəfn günü və səhəri deputatlar gəlmişdilər. Bir də 3 mərasimində rayonun icra nümayəndələri yas yerinə gəlib, bizimlə görüşdülər. Bundan qeyri kimsə bizimlə maraqlanmayıb. Hazırda da bir istəyimiz var, o da ekspertizanın cavablarının doğru-düzgün açıqlanmasıdır. Biz bilək ki, yaxınımızın başına nə gəlib. Öyrənək ki, o, hansı səbəbdən dünyasını dəyişib”.//musavat.com