BDU-nun kafedra müdirinin polis oğlundan etiraf: “Dələduzluğu qəbul edirəm"

Baxış sayı:
634

Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin sahə müvəkkili Azər Qasımov dələduzluq və rüşvət verməyə təhrikə görə həbs olunub. O, oğlu həbsdə olan ata və anadan övladının azadlığa buraxılmasına yardım etmək adıyla pul alıb aldatmaqda ittiham edilir. Azər Qasımov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı olmuş, hazırda isə universitetin Mülki proses, əmək və ekologiya hüququ kafedrasına rəhbərlik edən professor Alış Qasımovun oğludur. CM-nin 178 (dələduzluq) və 32.312-ci (rüşvət verməyə təhrik) maddələrilə ittiham olunan keçmiş polis əməkdaşının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Prokuror ittiham aktını elan edərkən məlum olub ki, Azər Qasımov oğlu həbsdə olan valideynlərdən pulu müstəntiqə vermək, onların övladının xeyrinə olan ekspert rəyi almaq, təkrar ekspertiza təyin etdirmək adıyla alıb. Keçmiş sahə müvəkkili dələduzluqda özünü təqsirli bilsə də, rüşvət verməyə təhrik ittihamını qəbul etmir. Deyir ki, heç kimi heç nəyə təhrik etməyib. Ona ifadə vermək təklif olunsa da, indi danışmaq istəməyib. Deyib ki, şahidlər dindiriləndən sonra danışacaq. Şahidlər isə onun pul aldığı iddia olunan İsmayılovlar ailəsinin üzvləridir. Fatimə İsmayılova məhkəmədə deyib ki, ailəsinin maddi durumu pisdir, buna baxmayaraq, Azər Qasımovun istədiyi pulu tapıb veriblər, təki oğlu azadlığa çıxsın. Onun sözlərinə görə, oğlunu şərləmişdilər, məhkəmələr də işinə düzgün baxmayıb, ədalətli hökm çıxarmayıb. Fatimə İsmayılova bildirir ki, Azər Qasımov onun qaynının qonşusudur. Elə onun vasitəsilə tanış olublar. Ona bir neçə dəfəyə ümumilikdə 25 min manat pul verib. Məsələn, oğlu yeni həbs olunduğu günlərdə Azər Qasımov deyib ki, polis idarəsinə onu çəkmək üçün telekanallar gəlib. Çəkiliş aparılıb, biabır olmaması üçün mütəntiqə 1000 manat verilməlidir. Fatimə İsmayılovanın sözlərinə görə, 600 manata imkanı çatıb, o qədər də pul verib. Daha sonra Maştağadakı psixiatriya klinikasından rəy almaq üçün 2300 manat, ekspertizanın oğlunun xeyrinə rəy verməsindən ötrü də 5000 manat pul verdiyini söyləyir. Bir müddət sonra təkrar ekspertiza adıyla 4500 manat da verilib. Ardınca İsmayılovlara deyilib ki, istintaqı artıq polis idarəsi yox, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi aparır. Bu idarənin müstəntiqinə 10000 manat vermək lazımdır: “Mən çətinliklə 9600 manat düzəltdim. Dedi ki, 9500-nü verdim, üstündən 100 manat özüm borc götürdüm. 500 manat idarəyə borclu qaldıq. Sonradan bildik ki, iş heç vaxt o idarəyə gəlməyib. Az sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə gəldi. Onda da dedi ki, məhkəmənin təkrar ekspertiza təyin etməsi üçün 5000 manat lazımdır. O qədər düzəldə bilmədik, 3800 manat verdik”. Fatimə İsmayılovanın sözlərinə görə, məhkəmə oğluna 12 il həbs cəzası kəsəndə aldadıldıqlarını başa düşüblər, hüquq-mühafizə orqanlarına şikayət ediblər. Azər Qasımovun həbsindən sonra onun qardaşı İsmayılovlara vurduğu ziyanı ödəyib. Ona görə də ailə indi ondan şikayətçi deyil. Fatimə İsmayılovanın qızı Rəsmiyyə İsmayılova bildirir ki, prosesin gedişində artıq Azərin onları aldatdığını başa düşmüşdü. Ona görə də növbəti telefon danışıqlarını yazırdı. İsmayılovlar ailəsinin üzvləri məhkəmədə onu da deyib ki, Azər Qasımova verdikləri məbləği “Kapitalbank” və “Turanbank”dan kredit götürməklə, qohumların zinət əşyalarını lombarda girov qoyub, oradan pul almaqla, borcla toplayıb düzəltmişdilər. Bu işlə bağlı məhkəmə araşdırması davam edir. //bizimyol.info