Bakıda "Uşaqlığın son gecəsi" filminin aktyorunun meyiti tapıldı - TƏFƏRRÜAT

Baxış sayı:
1021

Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat vermişdik. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə meyiti aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlu məşhur Azərbaycan filmi olan “Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı olub. Ömrünün son illərini ağır maddi durumda və evsiz keçirən Qorxmaz Atakişiyev metronun “Ulduz” stansiyası yaxınlığında yerləşən Elçin İsaqzadə küçəsində kirayə tutduğu otaqda yaşayırmış. Qonşuların bildirdiyinə görə, o yeriməkdə çətinlik çəkirmiş və son 10 gündə ümumiyyətlə ayaqları tutulub. Bir neçə gündür Q.Atakişiyevin qapısının açılmadığını görən sakinlər xilasetməyə müraciət ediblər və xüsusi üsullarla qapını açmaq mümkün olub. Məlum olub ki, 79 yaşlı kişi uzandığı divandan yıxılıb və yerindəcə keçinib. Qeyd edək ki, Qorxmaz Atakişiyev aktyor olmayıb və yalnız bir dəfə - “Uşaqlığın son gecəsi” filmində Zaur obrazını yaradıb. O, elmi fəaliyyətlə məşğul olub və bir neçə universitetdə dərs deyib. Allah rəhmət eləsin.