Bakıda ticarət mərkəzində yanğın: Eldar Əzizov əraziyə gəldi - FOTO, VİDEO

Baxış sayı:
715

Bakının Qara Qarayev prospektində yerləşən “X-Lady” ticarət mərkəzi və ona bitişik “İzabella” ayaqqabı mağazasında yanğın baş verib.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər də hadisə yerinə gəliblər.

Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq.

Yanğın artıq söndürülüb.

Buna baxmayaraq qeyd edilən ərazidə yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Belə ki, Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.

Bakı Nəqliyyat Agentliyindən virtualaz.org-a verilən məlumata görə, bu səbəbdən də 11;12;7A:15;22;30;32;35;36;40;44;49;50;51;57;60;62;64;81;103;105;141;214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri “Neftçilər” metrosuna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib./virtualaz.org