Bakıda sənədsiz evlərə görə komissiyalar işləyir - "ODUR Kİ, SUALLAR ÇOXDUR...”

Baxış sayı:
430

Bakı şəhəri ərazisində sənədsiz evlərin siyahıya alınması ilə bağlı yaradılmış komissiyalar araşdırmalarını davam etdirirlər. Əvvəlcə paytaxtın rayonlarında sənədsiz evlər siyahıya alınır, növbəti mərhələdə isə bütün məlumatlar Bakı şəhəri İcra Hakimiyyətinə təqdim ediləcək.

Bu barədə virtualaz.org-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib. Onun sözlərinə görə, hər rayon üzrə nə qədər evin sənədsiz olması, həmin evlərin sənədləşdirilə bilmə imkanları araşdırılır: “Hazırda proses bitmədiyindən nə qədər evin sənədləşdiriləcəyini demək tezdir. Ancaq onu demək olar ki, sənədsiz evlər Bakının bütün rayonlarını əhatə edir və bütün rayonlar üzrə hər bir komissiya öz işini davam etdirir. Yüksək gərginlikli elektrik xətlərinin altında, kommunikasiya xətlərinin üstündə, neft kəmərləri zonasında, SOCAR-a aid ərazilərdə tikilən evlər var. Odur ki, suallar çoxdur. İşlər bitəndən sonra bu sualların cavabları tapılacaq”.

İ.Kərimov həmçinin bildirib ki, komissiyaların tərkibinə rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, FHN-in, hazırda İqtisadiyyat nazirliyinin tərkibinə daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin, SOCAR-ın, “Azəriqaz” İB-in,“Azərişıq” və “Azərsu” ASC-nin nümayəndələri daxildir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu il mayın 17-də Binəqədi rayonunda sakinlərlə görüşərkən Azərbaycanda bütün sənədsiz evlərin sənədləşdiriləcəyini demişdi. Onun sözlərinə görə, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq: “Bir neçə gün əvvəl cənab prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”,- E. Əzizov deyib.

Xatırladaq ki, artıq gələn ilin yanvar ayından “İcbari sığortalar haqqında” Qanunun daşınmaz əmlakla bağlı müddəaları cəza mexanizmləri ilə işə düşəcək. Öz əmlakını sığorta etdirməkdən yayınanlara qarşı qanunvericilik əsasında məsuliyyət tədbirləri tətbiq ediləcək, yəni daşınmaz əmlakını icbari sığorta etdirməyənlər cərimələnəcək. Nəzərə alsaq ki, qeyri-rəsmi statistikaya görə, Bakıda sənədləşmə aparılmadan tikilən 700 minə yaxın ev var. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxunun da “kupça”sı yoxdur. Həmin evlərə “kupça” verilsə, sığorta şirkətlərinin gəlirini yığıb yığışdırmaq mümkün olmayacaq.