Bakıda arvadının üzünə kislota tökən batalyon komandiri imiş

Baxış sayı:
443

Ötən ilin dekabrında Bakıda arvadının üzünə kislota tökməkdə təqsirləndirilən Fuad Axundovun yüksək rütbəli hərbçi olduğu məlum olub.

Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, F.Axundov Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən hərbi hissəsində xidmət edib. Onun ailə üzvlərinin sözlərinə görə, Xüsusi Təyinatlılar bölüyünün komandiri olan Fuad Axundov polkovnik-leytenant rütbəsini daşıyıb. O, bir neçə il əvvəl təqaüdə çıxıb, “Aprel döyüşləri”ndən sonra onunla müqavilə müddəti artırılıb və Talış kəndi ətrafında cəbhəyə göndərilib. F. Axundov orada batalyon komandiri vəzifəsini icra edib. Ali Komandanlıq Məktəbinin məzunu olub. O, xidmətdə olduğu müddətdə bir neçə dəfə təltif olunub.

Hazırda F.Axunov həyat yoldaşı Xatirə Axundovanın üzünə kislota tökməklə ağır xəsarət yetirməkdə ittiham olunur. F.Axundov həyat yoldaşının başqa kişilərlə intim münasibətdə olaraq ona xəyanət etdiyi üçün cəzalandırdığını bildirib.

Məhkəmə baxış mərhələsindədir. F.Axundovun vəkili vəsatət verərək Arzu adlı kişinin X.Axundova ilə bir neçə il münasibətdə olduğunu bildirərək onun əlavə şahid kimi məhkəməyə çağırılmasını istəyib. Növbəti proses noyabrın 4-də keçiriləcək.

Cütlüyün iki azyaşlı uşağı var. Onlar anaları ilə deyil, F. Axundovun atası Arazi Axundovla birgə yaşayırlar.