Bağlanan bankda pulu qalan xarici vətəndaş Mərkəzi Bankın qarşısında aksiya keçirdi – VİDEO

Baxış sayı:
354

Bağlanan banklarda əmanətləri olan vətəndaşların öz pullarını götürməsi ilə bağlı yaranmış problem barədə məlumat vermişdik.
Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, belə çətinlik yaşayan və xarici ölkə vətəndaşı olduğu ehtimal edilən bir nəfər bu gün Mərkəzi Bankın qarşısında aksiya keçirib. O da belə problem yaşadığını bildirib(hansı bank olduğu qeyd olunmur) və əmanətin geri verilməsini tələb edib. Sözügedən şəxs hətta əmanətin sığortasının olmamasına görə üzr istəməyə hazır olduğunu da bildirib. Banka əmanət kimi qoyduğu pulu qazanmaq üçün gecə-gündüz çalışdığını dilə gətirən orta yaşlı kişi, onunla birlikdə Mərkəzi Bankın önündə etiraz edən qadının sualına cavab olaraq bildirib ki, onun əmanətinin miqdarı 12 min dollar olub.
Həmin anların görüntüsünü təqdim edirik:

Qeyd edək ki, bu il may ayının 12-də kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə AMB-nin İdarə Heyəti “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank”ın və “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank”ın lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Ötən ayın 25-də isə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev, “AtaBank” ASC, “Amrahbank” ASC, “AGBank” ASC və “NBC Bank” ASC-nin bir zamanlar qanunsuz olaraq götürdüyü əmanətlərin müvəqqəti olaraq blok edildiyini açıqlamışdı. O bankları blokdan çıxarmağa çalışacaqlarını, mümkün olmadığı təqdirdə isə, qanunsuz qəbul edilmiş əmanətlərlə bağlı məsələnin vətəndaşların xeyrinə həll edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirmişdi.