Azərbaycanlı tələbəni Türkiyədən deportasiya ediblər, geri buraxmırlar - TÜRK LİTSEYİNDƏ OXUYUBSA FETÖ-ÇU OLA BİLƏR?

Baxış sayı:
364

Azərbaycan vətəndaşı, Türkiyənin Doqquz Sentyabr Universitetinin (DEÜ) maşın mühəndisliyi fakültəsinin 4-cü kurs tələbəsi Səfər İsmayılov 2017-ci ildə Türkiyədən deportasiya edilib və təhsilini davam etdirmək üçün bu ölkəyə qayıtmasına icazə verilmir.

İsmayılovun başına gələnlər haqda müraciəti evrensel.net adlı portalda yer alıb. Onun bildirdiyinə görə, 2017-ci ilin aprelində Bakıya gəlmək üçün İstanbul aeroportuna gedib. Orada ona Türkiyədə qalma müddətini keçdiyini və bu səbəbdən cərimə ödəməli olduğunu deyiblər. Cəriməni yerindəcə ödəyə bilmədiyi üçün pasportuna deportasiya haqda möhür vurulub. Amma deyiblər ki, tələbə olduğuna görə sənədini konsulluğa təqdim edərək Türkiyəyə müvəqqəti giriş icazəsi ala bilər. Və cəriməni ölkəyə girişdə ödəməklə yenidən Türkiyəyə daxil olar.

Lakin tələbə 3 dəfə Türkiyənin Bakıdakı və Gəncədəki konsulluğuna müraciət edib, hər dəfə imtina cavabı alıb. Cəriməni ödəsə də onun Türkiyəyə girişinə icazə sənədi verməyiblər. Bütün səlahiyyətli şəxslərə məktubla və online müraciətlər etsə də nəticəsiz qalıb.

“Haqqımda heç bir hökm və ya şübhə olmadığı, heç bir günahım olmadığı halda Türkiyənin Gəncə baş konsulluğu “Tük Kollecinin məzunu olduğu üçün FETÖ təşkilatı ilə əlaqəsi ola bilər” deyərək bütün əziyyətimi heçə endirir. Qətiyyən əlaqəm olmadığı halda mənimlə FETÖ mənsubu kimi davranırlar. Xahiş edirəm mənə yardım edin”,-azərbaycanlı tələbə bildirir.//Virtualaz