Azərbaycanla sərhəd ölkə od içində - İranda benzin inqilabı

Baxış sayı:
643

Qonşu dövlətdə yaşananlar ölkəmizə nə vəd edir? Ekspertlər danışır; “Necə ki, Suriyada hadisələr zamanı Türkiyəyə böyük axın oldu, Azərbaycana da ola bilər...”

İranda benzinin üçqat bahalaşmasına etiraz olaraq 15 noyabrdan başlayan etiraz aksiyaları iğtişaşlarla və təhlükəsizlik qüvvələri ilə toqquşmalarla müşayiət olunur. Yazı çapa hazırlananadək yayılan məlumatlara görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 12-yə çatırdı.

Məlumata görə, bir etirazçı cümə günü axşam Sircan şəhərində öldürülüb. Həmin şəhərdə kütlə neft bazasına hücum edərək yandırmağa çalışıb. Dörd nəfər isə aldıqları güllə yaralarından Əhvaz əyalətindən cənubdakı Məhmərə şəhrində həlak olub. Paytaxt Tehranın Şəhriyar rayonunda da ən azı bir etirazçının öldürüldüyü bildirilir. Şənbə günü axşama olan xəbərlərə görə ən azı 13 etirazçı yaralanıb. Virtualaz.org xəbər verir ki, etirazlar ən azı 37 şəhərdə baş qaldırıb, o cümlədən Məşhəd, Sircan, Poldoxtar, Əhvaz, Abadan, Xürrəmşəhr, Təbriz, Şiraz, İsfahan, Bəndər Abbas, Həmədan, Xürrəmabad və Girmanşah şəhərlərində güclü etirazlar qeydə alınıb. Sosial şəbəkələrdə həmin aksyalara və təhlükəsizlik qüvvələri ilə toqquşmalara dair videokadrlar yayılır. Belə videolardan birində Əhvaz şhərində nümayişçilərin mərkəzi meydana cəmləşdikləri, avtomobil şinlərinə od vurduqları görünür. Etirazçılar habelə yolları bağlayıblar.

Daxili işlər naziri Abdulreza Rəhmani Fəzli dövlət televiziyasında bəyan edib ki, iranlıların dinc etiraz hüququ var. Amma etirazçılar ictimai mülkiyyətə zərər vurarsa və vandalizm aktlarını davam etdirərsə təhlükəsizlik qüvvələri sakitliyi bərpa etmək üçün qətiyyətli addımlar atacaq.

iranda etiraz ile ilgili görsel sonucu

İran Milli Neft Emalı Şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb. Şirkət bildirib ki, noyabrın 15-dən başlayaraq benzinə kvota qoyulacaq. Belə ki, kvota qoyulmuş hər litr benzinin qiyməti 1500 tümən, azad benzinin hər bir litrinin qiyməti isə 3 min, super benzinin qiyməti isə 3500 tümən olacaq. Bu isə ölkə vətəndaşlarını şoka salıb və genişmiqyaslı etirazlar başlayıb. Xatırladaq ki, ABŞ-ın dalbadal tətbiq etdiyi sərt sanksiyalar ucbatından İranda ciddi iqtisadi böhran hökm sürür. Ölkə neft ixracını iki dəfədən çox azaltmalı olub və hazırda nefti ancaq qeyri-leqal sxemlərin köməyi ilə bazara çıxara bilir.

iranda etiraz ile ilgili görsel sonucu

İnsan haqları fəalları etiraz dalğasının Məşhəd, Bircənd, Buşehr, Əhvaz, Mahşəhr, Gəçsaran, Babol, Ümidiyyə, Şuştər, Zahidan, Güney Azərbaycan şəhərləri və digər bölgələrə də yayıldığını bildirirlər. İran prezidenti Həsən Ruhani hökumətin iclasında çıxış edərək, ölkədə benzinin qiymətinin artmasını dəstəkləyib. Ruhani deyib ki, benzinin qiymətinin artmasının ardınca kasıb təbəqədən olan vətəndaşlara verilən müavinətlər də artacaq. “Hazırda ölkə əhalisinin 75%-i iqtisadi təzyiq və sıxıntı altında yaşayır. Bir sözlə, ölkə əhalisinin 60 milyonu hökumətin verəcəyi yeni müavinətlərdən bəhrələnəcək” - deyə İran prezidenti Həsən Ruhani deyib.

Hökumətin siyasətindən qəzəblənmiş insanlar müxtəlif bölgələrdə fəaliyyət göstərən dövlət binaları və banklarına, eləcə də polis bölmələrinə hücum edərək onlara od vurublar. Noyabrın 17-də Tehranda etiraza qalxmış insanlar Bəsic qüvvələrinə məxsus mərkəzlərdən birini yandırıblar. Etiraz dalğası İsfahan şəhərini də bürüyüb. Rejimin zülmünə etiraz edən isfahanlılar şəhərin dini mədrəsəsinə od vurub, ona ayrılan lüzumsuz maliyyə vəsaitinin dayandırılmasını tələb edblər.

Güney Azərbaycanın Təbriz şəhərində insanların benzinin bahalaşması, kasıblıq və işsizliyə görə etiraz aksiyasına start vermələrindən sonra Urmiya əhalisi də ayağa qalxaraq, türk şüarları səsləndirməklə, təbrizlilərə dəstək verib. Təbrizə dəstək verən urmiyalılar “Urmiya oyaqdır, Təbrizə dayaqdır” şüarı səsləndiriblər. Təbrizdə ayağa qalxan insanlar isə “Təbriz yatmayıb, qeyrətini atmayıb” şüarı ilə şovinist rejimin talançı siyasətlərinə qarşı etiraz ediblər. Güneylilər milli şüarlar səsləndirməklə, onlara qarşı yol verilən irqi ayrı-seçkiliyə etiraz edib, öz təməl hüquqlarının bərpa olunmasını tələb ediblər. Məlumata görə, bir çox şəhərlərdə qarşıdurmalar yaşandığından, polis və təhlükəsizlik qüvvələri sivil xalqa atəş açır. Buna görə də, güney azərbaycanlılar öz etirazlarını sivil formada təşkil etməyə çalışırlar. Polisin etirazçılara hücum etməsinin qarşısını almaq üçün cavanlar metal zibil qabları kimi yanmayan vasitələrdən istifadə etməklə, yolları bağlaya və bununla da etirazçıları qoruya bilərlər. Lakin bir çox ərazilərində etirazlar nəzarətdən çıxıb. Od vurulan obyektlər içərisində İran Milli Bankının Behbahan şəhərində yerləşən şöbəsi də var.  Xalq benzinin bahalaşmasına etiraz olaraq rejimin repressiv muzdurlarını küçələrə daşıyan avtobusu yandırıb. Urmiyadakı aksiyalarda “Azərbaycan, Azərbaycan” şüarı səsləndirilib. GünazTV xəbər verir ki, İran parlamentinin büdcə və proqram komissiyasının üzvü Həmidrza Hacı Babayi parlament sədri Əli Laricaniyə məktub yazaraq, ölkədə benzinin qiymətinin artmasına etiraz bildirib.

iranda etiraz ile ilgili görsel sonucu

İllərdir İran rejimini sanksiyalarla boğmağa çalışan ABŞ-dan da reaksiyalar gəlib. ABŞ-ın dövlət katibi Mayk Pompeo Twitter səhifəsində 1 il yarım əvvəl yazdığı statusu yenidən paylaşaraq, Amerikanın “İran xalqının yanında olduğunu” bəyan edib. Pompeo həmçinin insanların haqlı etirazlarınna dəstək nümayiş etdirib. “40 il tiranlıqdan sonra İranın hörmətli xalqı hökumətlərinin sui-istifadələri qarşısında sakit dayanmır. Biz də sakit qalmayacağıq. Mənim İran xalqına mesajım var. Birləşmiş Ştatlar sizi eşidir. Birləşmiş Ştatlar sizi dəstəkləyir. Birləşmiş Ştatlar sizinlədir”, - deyə Pompeonun 1 il yarım əvvəl paylaşdığı statusda qeyd edilib.  ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus “ABŞ İran xalqını, onun hakimiyyətdə olan korrupsioner rejimə qarşı son ədalətsiz addımına qarşı etirazını dəstəkləyir. Biz internetin söndürülməsi cəhdlərini qınayırıq”, - deyə bildirib. Bundan öncə “Netblocks” təşkilatı İranda internetin tam olaraq söndürülməsi barədə məlumat yayıb.

Təbii ki, qonşu müsəlman ölkədə, üstəlik milyonlarla soydaşımızın yaşadığı məmləkətdə baş verənlər bizi də hadisələri diqqətlə izləməyə sövq edir.

Politoloq Hikmət Hacızadə ile ilgili görsel sonucu

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a dedi ki, benzin inqilabı Qərbin saksiyaları nəticəsində ölkədə yaranmış yanacaq qıtlığının nəticəsində baş verir: “Bu sanksiyalar da İranın xarici və daxili siyasəti nəticəsində tətbiq olunub. Etirazların nəticəsini bəri başqan proqnozlaşdırmaq olmur. Bunun ardınca İranın başqa vilayətlərində də etirazlar olacaqmı, hələlik deyə bilmərik. Amma bir şey aydındır ki, İranın həm xarici, həm daxili siyasəti dəyişməlidir. Hər halda, hökumət etirazçıları eşitməlidir!”

Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, İranda baş verən proseslər son iki ildə sosial-iqtisadi çətinliklərin artması ilə müşayiət olunan proseslərdə sanki son dalğa oldu: “Yəni sırf benzinin qiymətinin artması məsələsi insanların küçəyə çıxması üçün bir bəhanəyə çevrildi. Çünki İranda iqtisasdi və sosial sahədə həm sanksiyalardan doğan, həm idarəetmə sisteminin özündən qaynaqlanan problemlər mövcuddur, ciddi gərginliklər yaşanır. Üstəlik, neft hasilatı azaldığından İranda çox ciddi problemlər var”.

N.Cəfərli qeyd etdi ki, İranda iğtişaşlar böyüsə, böyük təlatümlər yaşansa, İrandan Azərbaycana qaçqın dağlasının gəlməsi ehtimalı da var: “Bu ehtimalı həmişə nəzərdə saxlamaq, buna hazır olmaq lazımdır. İrandakı proseslər bu nöqteyi-nəzərdən Azərbaycana təsir edə bilər. Necə ki, Suriyada hadisələr başlayanda Türkiyəyə böyük axın oldu, Azərbaycana da belə bir axının olması ehtimalı var. Odur ki, buna hazır olmaq lazımdır. Bunun üçün dövlət tərəfindən dəqiq və düşünülmüş taktiki, strateji addımların atılması çox vacibdir”.//musavat