Azərbaycanın müdafiə taktikasında mühüm gəlişmə

Baxış sayı:
1615

İşğalçı tərəf sülhü atəşə tutarkən Bakı cəbhə xəttində mövqeyini gücləndirir; erməni hərbi ekspertdən şok açıqlama; Tofiq Zülfüqarov: “Rusiya rəhbərliyi Lavrovdan narazıdır...”

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son Bratislava görüşü də nəticəsiz bitdi. Əslində heç bir möcüzə gözlənilmirdi də. Çünki rəsmi İrəvan az qala görüş başlayan ana kimi Dağlıq Qarabağla bağlı nisbi və formal irəliləyişin belə mümkünsüz olması üçün əlindən gələni etdi.

O sırada Bratislava danışıqları ərəfəsi Ermənistan baş naziri Nikol Paşinyanın növbəti dəfə işğal altındakı Dağlıq Qarabağa gələrək təmas xəttinə getməsi, burada “erməni xalqının hərbi qələbəsi” haqda sərsəm açıqlamalar verməsi, üstündən iki gün keçməmiş (?!) separatçı rejimin başçısı Bako Saakyanla İrəvanda görüşməsi, faktiki, buna hesablanmışdı.

Bu azmış kimi, Bratislavada Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan ən kövrək ümidləri belə torpedalayan “təklif” irəli sürüb. Mnatsakanyan Dağlıq Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara qoşmağın vacibliyini bildirib. Erməni tərəfinin iddiaslna görə, “bu, nizamlama prosesini  daha məzmunlu edə bilər”. Ermənistan XİN rəhbəri həmçinin tərəflər arasında (İrəvan onların sayının 3 olduğunu düşünür) qarşılıqlı etimadın artırılmasının zəruri olduğunu bəyan edib.  

*****

Düşmən tərəfdən bu kimi təxribatçı açıqlamalar Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən dərhal sonra verilməsi ilə məxsusi diqqət çəkir. Belə ki, Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransı zamanı İrəvanda dediyi “Dağlıq Qarabağ xalqı” absurd ifadəsini təkrarlamasa da, konfliktin həllinin “Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ əhalisi tərəfindən qəbul edilməsinin vacibliyini” bildirib. Yəni yenə Paşinyanın məkrli “3 tərəf” konsepsiyasına eyham vurub.

Bu mənada Rusiya baş diplomatının Bakı turnesi heç də pozitiv planda dəyərləndirilmir.           

“Şəxsən mən Lavrovun Bakı səfərini olduqca neqativ qitmətləndirirəm”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Azərbaycanın sabiq xarici işlər naziri, uzun illər danışıqlar prosesinin içində olmuş Tofiq Zülfüqarov rusdilli Minval.az-a açıqlamasında söyləyib.

Səbəbə gəlincə, eks-diplomat deyib: “Çünki hadisələrin ardıcıllığında müəyyən məntiq mövcud idi. Bildiyiniz kimi, Azərbaycan prezidenti ”Valday" forumundakı çıxışı zamanı Lavrovun “Dağlıq Qarabağ xalqı və ya əhalisi nizamlamanı qəbul eləməlidir” və s. kimi tezisinə qarşı çıxmışdı. Bununla faktiki danışıqlar formatını dəyişməyə cəhdlər edilirdi. Ancaq söhbət təkcə nizamlamadan yox, konkret halda həll formatını dəyişdirmək cəhdindən gedir. Çünki uzun illərdir danışıqlarda iki münaqişə tərəfi iştirak edir. Ancaq Dağlıq Qarabağ haqqında müxtəlif variasiyalarda danışanda - Azərbaycan icması ilə birgə və ya onsuz, - o zaman bu, artıq ölkə daxili konflikt statusu yaradır və o bu səbəbdən həll artıq başqa müstəvidə olmalıdır. Əgər dövlətlərarası münaqişə dövlətin ərazi bütövlüyü müstəvisindədirsə, ölkədaxili konflikt ayrı müstəvidədir - yəni burada artıq muxtariyyət verilməsi ilə bağlı müxtəlif variantlar ola bilər. Niyə bunu yada salıram? Çünki bunsuz Lavrovun Bakıda səsləndirdiyi bəzi tezisləri anlamaq elə də asan olmayacaq".

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Zülfüqarov xatırladır ki, “Valday” forumundan sonra Rusiya XİN başçısının İrəvan səfəri zamanı həmin tezislər təkrar edilib və hətta gücləndirilib. “Bəzi hadisələrdən, o cümlədən 1-ci vitse-prezident Mehriban Əliyevanın Moskva səfərindən sonra Lavrovun bəyanatında maraqlı korrektə müşahidə edildi. XİN-in mətbuat katibi Mariya Zaxarovanın dilindən bəyan edildi ki, Rusiyanın rəsmi mövqeyi mövcud formatın saxlanmasından ibarətdir və iki dövlətə aiddir - ta ona qədər ki, tərəflər başqa bir formatı məqbul sayacaq. Bununla Zaxarova müəyyən mənada öz şefini təkzib etmişdi. Səbəbi nə idi, söyləmək çətindir. Ancaq bunun ardınca əlbəttə ki, Azərbaycanda gözləyirdilər ki, Sergey Lavrov Bakıda ən azı elə bəyanat verəcək ki, özünün aşkar erməniyönlü mövqeyini balanslaşdıracaq. Deyilmədi. Habelə etnik təmizlənməyə məruz qalan azərbaycanlı köçkünlərin iztirabları barədə Lavrov heç nə demədi. Yalnız qarşılıqlı etimad məsələsi”.

Azərbaycanın müdafiə taktikası ile ilgili görsel sonucu

Sabiq XİN rəhbəri Rusiya rəhbərliyində Lavrovun Qarabağ nizamlanması ilə bağlı fəaliyyətinə münasibətdə müəyyən tənqidi yanaşmaların, narazılığın olduğunu istisna eləmir. “Mariya Zaxarovanın yuxarıdakı bəyanatı məhz bunun təzahürüdür. Lavrov isə yenə köhnə bəyanatları təkrarlayır. Bakıda da o, bütün gücü ilə çalışdı ki, ölgün və imitasiyalı danışıqlar prosesi bərpa olunsun. Onsuz da onun Bakı səfərindən heç kim heç nə gözləmirdi. İki nazirlik arasında əməkdaşlıq planı haqda imzalanan hansısa anlaşma - yeganə nəticə budur”, - deyə politoloq əlavə edib.

*****

Aydındır ki, yaranmış durumda müharibə tək həll variantı kimi Bakı üçün masa üzərinə gəlir. Təsadüfi deyil ki, həm Lavrovun səfər günlərində, həm də nazirlərin Bratislava danışıqları vaxtı Azərbaycan ordusu hərbi təlimləri davam etdirirdi. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə dünən bir daha cəbhə xəttinə gələrək, Ali Baş Komandanın tapşırığı ilə növbəti mesajlarını və göstərişlərini verib. Bir sözlə, silahlı qüvvələrimizin hazırlığı davam edir və gündən-günə təkmilləşir.

Azərbaycan Silahlı Qüvvələrinin güclənən hazırlığı və artan hərəkətliliyi, xüsusən də ordumuzun hərbi-mühəndis hissələrinin uğurları erməni ekspertlər tərəfindən də etiraf olunur.

Azərbaycanın müdafiə taktikası ile ilgili görsel sonucu

Məsələn, “Yeni Müsavat” xəbər verir ki, erməni hərbi analitik Karen Ovanistyan öz facebook səhifəsində yazıb: “Azərbaycan Ordusu artıq mühəndis-inşa işlərini tam yekunlaşdırıb və öz döyüş mövqelərini yeni müdafiə və kamifulyaj edilmiş sistemlərlə əvəz etdiyini rəsmən bəyan edib. Bir ay qabaq mən demişdim ki, Azərbaycanda döyüş mövqelərini maskalamaq və möhkəmlətməklə bağlı pilot layihələr həyata keçirilir. Bu gün aydın oldu ki, müdafiənin gücləndiriməsi naminə mühəndis işlərinin yerinə yetirilməsi üçün Azərbaycan azı iki üsuldan istifadə edir. Variantlardan birində bazalt liflərindən hazırlanmış plastmaslardan istifadə olunur. Bu plastmaslar yüngül, səs keçirməyəndir, ətraf mühitə qarşı aqressiv deyil və radiasiyaya davamlıdır”.

Düşmən tərəfin təlaşı anlaşılandır. Çünki Azərbaycan boşuna böyük xərclər çəkib hərbi təlimlər keçirmir, yeni hərbi mühəndis-tikinti işləri hesabına özünün müdafiə taktikasını boş yerə təkmilləşdirmir. Bahalı silah-sursatı da vitrində paslatmaq üçün almır. Hədəf bəlli. Amma savaş olmaya da bilər. Yetər ki, İrəvan Lavrov kimilərə, mifik “hərbi qələbə”yə deyil, sağlam məntiqə istinad eləsin...//musavat