AZƏRBAYCANDA VƏTƏNDAŞ QARŞIDURMASI YARATMAQ CƏHDLƏRİ – Bəzi məmurlar öz çirkin niyyətlərini həyata keçirmək üçün ölkəni xaosa sürükləyirlər… - II YAZI

Baxış sayı:
744

Azərbaycan olduqca gərgin bir dönəm yaşayır. Bunun gözlə görünən tərəfi bütün dünyanı iflic edən koronavirus pandemisyasının bizim ölkəyə də təsirsiz ötüşməməsidir. Amma cəmiyyətimiz daha təhlükəli bir “siyasi virus”la da üz-üzədir ki, bunun fəsadları daha böyük ola bilər…

(Əvvəli bu linkdə: https://muxalifet.az/azrbaycanda-vtndas-qarsidurmasi-yaratmaq-chdlri-bzi-mmurlar-oz-cirkin-niyytlrini-hyata-kecirmk-ucun)

Mehdiyevçilərin “geriyədönüş planı”

Yazımızın birinci hissəsində qeyd etdiyimiz kimi, “Mehdiyev klanı” yenidən öz nüfuzunu bərpa etmək üçün müxtəlif variantlar üzərində işləyib. Proseslərin gedişi göstərir ki, bu planın artıq “A” variant işə salınıb. Hansı ki, ötən sayımızda mehdiyevçilərin “geriyədönüş” planının “A”, “B”, “C” variantlarının mövcud olduğu haqda fikir bölüşmüşdük.

Bəs, bu planın “A” variantı nədən ibarətdir?

Güman olunur ki, məlum qruplaşma ilk növbədə “yumşaq keçid” planı üzərində cəhdlər edəcək. Yəni hakimiyyətin yenidən bölüşdürülməsi üçün qarşılıqlı anlşama əldə etməyə çalışılacaq. Hətta artıq bu sahədə müəyyən addımların atıldığı bildirilir…

Ən maraqlısı isə odur ki, “Mehdiyev klanı” hakimiyyətin “bölüşdürülməsi” ilə bağlı Prezident İlham Əliyevlə anlaşmaya getməyi düşünmür. Görünür, ya onlar İ.Əliyevdən istədiklərini ala bilməyəcəklərinə əmindirlər, ya da prezidentə qarşı hələ də qəzəbli olduqlarından, onunla heç bir ittifaqa girmək istəmirlər. Yeri gəlmişkən, artıq belə işartılar da var ki, bu qruplaşmanın başlıca hədəfi nəyin bahasına olur-olsun, İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırmaqdır…

Mehdiyev-Usubov-Həsənov “üçlüyü”nün ortaq hədəfləri

Təbii ki, “Həsənov” dedikdə burada söhbət heç də prezidentin sabiq köməkçisi Əli Həsənovdan getmir. Barəsində söhbət açacağımız həmin şəxs keçmiş baş prokuror, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur. Hansı ki, onun adı son vaxtlar mehdiyevçilərlə eyni sırda yer alır. Belə ki, artıq Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, keçmiş daxili işlər naziri Ramil Usubov və sabiq baş prokuror Eldar Həsənov arasında gizli anlaşma əldə olunduğu bildirilir. İddia olunur ki, əsas regional güclərin təmsilçisi rolunda çıxış edən bu şəxslər, sahib olduqları elektoratdan istifadə edərək, hakimiyyətdə öz mövqelərini bərpa etməyə çalışırlar.

Nə qədər qəribə olsa da, onlar bu məsələdə məhz Birinci vitse-prezident Mehriban Əliyeva ilə anlaşma əldə etməyə cəhd edirlər. Hazırda Birinci vitse-prezidentə müəyyən mesajlar çatdırmaq üçün yollar arandığı haqda informasiyalar var. Güman olunur ki, həmin sirli mesaj M.Əliyevanın prezident olmasına dəstək ifadə edilməsindən ibarətdir.

Siyasi maraqların araxasındakı sirr pərdəsi

Əlbəttə, “Mehdiyev klanı”nın səmimiyyəti ilə yanaşı, Birinci vitse-prezidentin bu təklifə nə dərəcədə ciddi yanaşacağı haqda indidən hansısa fikir söyləmək çətindir. Hər halda proseslərin gedişində belə bir anlaşmanın mümkün olub-olmayacağı üzə çıxacaq. Amma keçmişə nəzər saldıqda deyə bilərik ki, Mehriban Əliyevanın konkret olaraq Ramiz Mehdiyevə münasibəti heç də isti olmayıb. Əksinə, ən azı mediada işıq üzü görən çoxsaylı məqalələrə istinadən deyə bilərik ki, onlar arasında zaman-zaman ciddi anlaşılmazlıq yarandığı haqda da informasiyalar mövcuddur. Əgər bütün bunlar həqiqətdirsə, deməli, mehdiyevçilərin təklifinin Birinci vitse-prezident tərəfindən müsbət qarşılanacağı və qəbul olunacağı çox da inandırıcı deyil.

Lakin onu da nəzərə almalıyıq ki, siyasətdə əbədi dost və düşmən yoxdur, daimi maraqlar olur. Necə ki, artıq Eldar Həsənovun Birinci vitse-prezidentin komandasına daxil olduğu haqda informasiyalar da var. Bu məlumatın nə dərəcədə gerçək olduğunu deyə bilməsək də, hazırda Birinci vitse-prezidentin məlum qruplaşmanın dəstəyinə aşağıdakı səbəblərdən ehtiyacı olduğunu da düşünmürük:

Birincisi, Mehdiyev-Usubov-Həsənov “üçlüyü”nün təklif və tələblərinin qəbul olunması üçün Prezident İlham Əliyevin razılığı mütləqdir. Amma onu da diqqətə almalıyıqı ki, bu qruplaşma İ.Əliyevlə deyil, Birinci xanımla danışıqlara cəhd edir və Prezidentə qarşı barışmaz mövqe sərgiləyirlər. Bu halda isə həmin anlaşmanın əldə olunacağı kifayət qədər şübhəlidir. Doğrudur, tarixdə oğlun atanı, qardaşın qardaşı, həyat yoldaşının öz ərini və s. hakimiyyətdə, yumşaq desək, əvəzlədiyi haqda çoxsaylı faktlar mövcuddur. Lakin unutmayaq ki, biz 21-ci əsrdə yaşayırıq və bu gün Azərbaycanda Birinci xanımın öz həyat yoldaşına qarşı çıxması üçün heç bir siyasi və qeyri-siyasi zəmin mövcud ola bilməz. Əksinə, hazırda Birinci vitse-prezident Mehriban Əliyevanın öz həyat yoldaşına – dövlət başçısı İlham Əliyevə ölkənin idarəçiliyi sahəsində necə böyük dəstək verdiyi, Azərbaycanın inkişafında Birinci xanımın da çox böyük rolu olduğu danılmazdır. Belə olduğu halda Birinci vitse-prezidentin Prezidentə qarşı olan qüvvələrlə hansısa anlaşmaya getməsi necə mümkün ola biləri?! Bu, onu göstərir ki, bu təklifin müəllifləri ya olduqca naşıdır, ya da ortada bizim bilmədiyimiz hansısa məsələlər var.

İkincisi, M.Əliyeva hazırda prezident olmağa hazırlaşımır. Nəzərə alaq ki, Azərbaycanda növbəti prezident seçkiləri 5 il sonra – 2025-ci ildə baş tutacaq və bu seçkilərin önə çəkilməsi, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün heç bir siyasi səbəb yoxdur.

Üçüncüsü, Mehriban Əliyeva həqiqətən də növbəti seçkilərdə prezident seçilməyi qarşısına məqsəd qoyubsa, bunun üçün “Mehdiyev klanı”nın dəstəyinə hər hansı zərurət görünmür. Çünki Azərbaycanın Qərbə inteqrasiyasının tərəfdarı olan Birinci vitse-prezident yaxşı bilir ki, artıq Mehdiyev təfəkkürü ilə hakimiyyətə gəlmək dönəmi geridə qalıb. İndi ancaq demokratik seçkilər nəticəsində hakimiyyətə gəlmək və ölkəni daha irəliyə aparmaq mümkündür. Zənnimizcə, son vaxtlar Azərbaycanda həyata keçirilən “gəncləşdirmə siyasəti” çərçivəsində M.Əliyevaya yaxın gənc kadrların vəzifələrə gətirilməsi və ölkədə ciddi islahatların aparılması da göstərir ki, Birinci xanımın komandası məhz ikinci varianta – demokratik seçki ilə hakimiyyətə gəlmək yoluna üstünlük verir.

Hakimiyyətin ötürülməsi prinsipi…

Əlbəttə, Mehdiyev-Usubov-Həsənov “üçlüyü”nün siyasi niyyətlərindən bəlli olur ki, onlar heç də hakimiyyət dəyişikliyi üçün 2025-ci ili gözləmək fikrində deyillər. Buna da təbii yanaşmaq lazımdır. Çünki zaman ötdükcə bu qruplaşmanın gücü zəifləməklə yanaşı, ölkədə aparılan islahatlar nəticəsində hakim ailənin dayaqları daha da möhkəmlənir. Bu isə birincilərə sərf etmədiyindən, onlar tez bir zamanda öz mövqelərini bərpa etməyə çalışırlar.

Amma nəzərə alsaq ki, artıq bütün dünyada siyasi dəngələr dəyişib və Mehdiyev-Usubov-Həsənov “üçlüyü”nün “qiblə” kimi yanaşdıqları Kremlin də dayaqları tədricən sıradan çıxmaqdadır, deməli, Azərbaycanda siyasi hakimiyyətin qeyri-demokratik yolla dəyişikliyi üçün ortada heç bir zəmin yoxdur. Yuxarıda da qeyd etdiyimiz kimi, indi hakimiyyət dəyişikliyinin yeganə yolu demokratik seçkilərdən keçir. Ən azı qarşıdakı bir neçə il ərzində də hakimiyyətin alternativ yollarla dəyişilməsinə cəhdlər olacağını düşünmürük.

Yeri gəlmişkən, son vaxtlar hakimiyyətin Mehriban Əliyevaya ötürlməsi ilə bağlı fikilərin də məhz buradan qaynaqlandığını deyə bilərik. Necə ki, tanınmış yazar Heydər Oğuz da qəzetimizə verdiyi sonuncu müsahibəsində bu məsələyə diqqət ayırmışdı: “Hakimiyyətin Mehriban Əliyevaya ötürülməsi versiyasının qəsdən şişirdildiyinə inanıram. Məncə, hakimiyyətdəki bəzi çevrələrin müxalifətdəki uzantıları vasitəsilə buna qarşı çıxmasının əsl səbəbi başqadır. Onlar əslində özlərinin kreslolarından uzaqlaşdırılmasından narahatdırlar və  Mehriban Əliyeva faktorundan sui-istifadə edirlər.

Doğrudur, məncə, Azərbaycanda nəinki 1993-cü ildən, hətta deyərdim ki, son 50 ildir hakimiyyətdə kök atmış qüvvələrdən qurtulmağın və demokarikləşməyə qədəm qoymağın ən qısa yolu hakimiyyətin müvəqqəti olaraq Mehriban Əliyevaya ötürülməsidir. Çünki 50 illik yoğun kötüklərin təmizlənməsinin iki yolu var. Bunlardan biri Yaxın Şərq ölkələrindəki kimi “ərəb baharları” vasitəsilə, digəri isə təkamül yoluyla. Dünya təcrübəsinə baxsaq, “ərəb baharlarının” ya Misirdəki kimi tez başa çatdığını, ya da Liviyadakı kimi ölkəni parçaladığını görə bilərik. Bir çox monarxik rejimlərdə təkamül yoluyla demokratikləşmə modelində isə hakimiyyət ilk öncə Birinci xanımlara ötürülür və “alaq otları” təmizləndikdən sonra siyasi islahatlara start verilir”.

Sabiqlərin gerçək niyyəti…

Əlbəttə, ilk baxışdan düşünmək olar ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, keçmiş daxili işlər naziri Ramil Usubov və sabiq baş prokuror Eldar Həsənov arasında əldə olunan gizli anlaşmanın məqsədi Birinci vitse-prezidenti hakimiyyətə gətirməkdir. Lakin buna inanmaq sadəlövhlük olar. Axı, mərhum dövlət başçısı Heydər Əliyev dünyasını dəyişdikdən sonra, onun oğluna – İlham Əliyevə boyun əymək istəməyərək hakimiyyəti ələ keçirməyə cəhd edən Ramiz Mehdiyev (bu haqda növbəti yazımızda daha ətraflı məlumat verəcəyik – müəl.), sizcə, bu gün onun xanımının “qılıncı altından keçməyi” özünə rəva bilərmi?! Əlbəttə, yox. O halda bu qruplaşmanın gerçək niyyəti nədən ibarətdir və Birinci vitse-prezidentə təkliflərinin arxasında hansı maraqlar dayanır?

Bu və digər suallara növbəti sayımızda aydınlıq gətirəcəyik.

(Ardı var)

“Hürriyyət”in analitik qrupu