“Azərbaycan yalnız hərbi gücə üstünlük verməlidir” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Baxış sayı:
241

“Azərbaycan ordusunun geniş miqyaslı hərbi təlimləri regionda baş verən geosiyasi proseslər fonunda ölkəmizin mövqeyini gücləndirməklə yanaşı Ermənistana mesaj xarakterlidi. Bu təlimlər Azərbaycanın hərbi gücünü birdaha nümayiş etdirməklə, Qarabağ münaqişəsinin həllində ölkəmizin güc amilinə üstünlük verəcəyini göstərir. Bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib.

“Rəsmi Bakının sülh danışıqlarına sadiqliyi uzun proses olmayacaq”

“Təbii ki, təlimlərin keçirilməsi sıradan bir tədbir deyil, real müharib , ərazilərin qaytarılması, düşmənə zərbələrin endirilməsi şərti adında keçirilir. Bir neçə ildir Azərbaycanın silah arsenalı yenilənir, müasir raket- artilleriya və aviasiya silahları ilə təchiz edilir. Demək olar ki, Ermənistanla paritet şəkildə üstünlük Azərbaycan tərəfindədir. Rəsmi Bakının sülh danışıqlarına sadiqliyi uzun proses olmayacaq. Yeni dəyişikliklər və geosiyasi amillər yeni müstəviyə keçir, şərtlər Azərbaycan lehinə dəyişir”,-deyə politoloq əlavə edib.

“Diplomatiyanın bacarmadığını ordu bacarır”

M. Əsədullzadə qeyd edib ki, münaqinin həlli ilə bağlı növbəti görüş Bratislavada keçiriləcək: “XİN rəhbəri Elmar Məmmədyarov masada hazır sənədlərin olduğunu və bu görüşdə Ermənistanın həqiqətən substantiv danışıqlara keçib-keçməyəcəyini görəcəklərini vurğuladı. Demək, Ermənistan bu günə qədər real danışıqlar aparmayıb, bundan sonra bəlli olacağı hələ ki, məchuldur. Belə olan təqdirdə, diplomatiyanın bacarmadığını ordu bacarır”.

“Lavrov “Qarabağ xalqı” ifadəsini işlətməklə, bir növ ermənilərin təhlükəsizliyini qabardır”

Əsədullazadə hesab edir ki, Azərbaycan ordusu Araz boyu ərazilərə hücum edib, maksimum şəkildə əraziləri azad edə bilər: “Artıq buna geosiyasi şərtlər də cavab verir. Məhz bundan narahat olan Rusiya Xarici işlər naziri Sergey Lavrov “Qarabağ xalqı” ifadəsini işlətməklə, bir növ ermənilərin təhlükəsizliyini qabardır və Azərbaycana mesaj verir. Təbii ki, Azərbaycan hərbi əməliyyatlara başlasa, bu 7 rayonun ərazilərini əhatə edəcək, Qarabağdakı erməni icmasının kompakt yaşadığı ərazilərdə Azərbaycan özü onların təhlükəsizliyini təmin etməyə hazırdı. Rusiyanın bu faktordan istifadə etməsi təhlükəli amildir. Göründüyü kimi, Rusiya münaqişənin həllində maraqlı deyil, rəsmi Yerevanın mövqeyindən çıxış edir”.

Əsədullazadə onu da vurğulayıb ki, Moskva məhz Qarabağ münaqişəsi vasitəsi ilə Ermənistanı buxovda saxlayır və Paşinynanın Qərbə inteqrasiyası Kremlin forpustundan çıxmaq cəhdləri fiaskoya uğradı: “Bu da Qarabağ konfliktinin siyasi həllinə mənfi təsir edir. Ona görə də Azərbaycan yalnız hərbi gücə üstünlük verməlidir”.

 Şamo EMİN, Hurriyyet.org