Azərbaycan və Ermənistan XİN başçılarının görüşü niyə baş tutmadı? - RƏSMİ AÇIQLAMA / YENİLƏNİB

Baxış sayı:
791

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Stokholmda Azərbaycan - Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmamasına münasibət bildirib.

Muxalifet.az xəbər verir ki, XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva öncə xatırladıb ki, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak etdi.

"İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu-York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Lakin, 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir", - deyə o qeyd edib.

***12:27

İsveçin paytaxtı Stokholmda keçirilən ATƏT-in Nazirlər Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi görüşdə maraqlı olub...

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin Bayramov-Mirzoyan görüşünün 2 dekabrda olacağı haqda məlumat yaymışdı. Lakin həmin gün görüş baş tutmadı.

Görüşün dünən keçiriləcəyi gözlənilsə də, yenə gerçəkləşmədi.

Stokholm şəhərində ATƏT xarici işlər nazirlərinin 28-ci iclası dekabrın 3-də başa çatıb.