Avropa İttifaqı rəsmisi İtaliyada koronavirusa yoluxdu

Baxış sayı:
585

Avropa İttifaqının (Aİ) Brüsseldəki administrasiyasında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Aİ-nin sözçüsü Dana Spinant açıqlayıb.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş şəxs Avropa Müdafiə Agentliyinin əməkdaşıdır. O, İtaliyadan yenicə qayıdıb. Bu səbəbdən Avropa Müdafiə Agentliyi martın 13-dək bütün görüşləri təxirə salıb.

Qeyd edək ki, Avropa Müdafiə Agentliyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə orqanıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94 170-ə çatıb. Bunların 51 187 nəfəri sağalıb, 3 219 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.